10 iyun 2026 18:32
147

Yenə sayıqladı…

Balanslaşdırılmış siyasət həyata keçirən rəsmi Bakı həmişə İrana qarşı həssas davranışı ilə diqqət mərkəzində olub. Hətta ən gərgin geosiyasi şəraitdə belə öz ərazilərindən üçüncü tərəflərin İrana qarşı istifadə etməsinə icazə verməyib. Azərbaycan İranın ən ağır vaxtlarında bu ölkəyə humanitar yardım da göstərib. İranda yaranmış mürəkkəb vəziyyətlə bağlı 100-dən çox ölkənin 3000-dən çox vətəndaşının Azərbaycan üzərindən təxliyə edilməsini təşkil edib. Bütün bunlarla da ölkəmiz həmişə dar gündə qonşularına kömək göstərməyə hazır olduğunu bir daha nümayiş etdirib. Bu da ölkəmizin gərginliyin yumşaldılması istiqamətində ciddi səylər göstərdiyini bir daha sübut edir. Xatırladaq ki, Azərbaycanın xarici siyasətində əsas prioritet istiqamət qonşularla sülh şəraitində yaşamaqdır.

Amma bütün bunlara rəğmən, İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd Azərbaycan əleyhinə növbəti açıqlama verib.  “Tahririeh Plus” Yutub kanalında İrana zərbələr endirilməsi üçün hava məkanını ABŞ və İsrailə açmış bəzi körfəz ölkələrindən danışan, “İran ona hücum edən istənilən ölkəyə o qədər güclü cavab verəcək ki, həmin ölkə heç vaxt özünə gələ bilməyəcək” - deyən Zöhrəvənd bunun ardınca Azərbaycanı hədəf seçib: “Bakı 3-4 saat ərzində xəritədən silinə bilər”. Şübhəsiz, o bu açılqaması ilə iki qonşu xalq arasında münasibətlərə zərbə vurur. Yeri gəlmişkən, bu, ölkəmizin əldə etdiyi Zəfəri həzm edə bilməyən ermənipərəst Əbülfəzl Zöhrəvəndin Azərbaycan əleyhinə ilk sayıqlaması deyil. Bundan öncə o, Azərbaycanı potensial təhlükə adlandırıb. Hətta “Naxçıvan tamamilə İrana birləşdirilməlidir”, “Azərbaycan” adlı bir yer yoxdur” kimi absurd fikirlər səsləndirib.

Əvvəla qeyd edək ki, Azərbaycan ərazisində heç bir ölkənin hərbi bazası yoxdur. İndiyədək ölkəmizin ərazisindən İrana qarşı istifadə edilməyib və bunu İran Prezidenti Məsud Pezeşkiani də təsdiq edib. Bu mənada Əbülfəzl Zöhrəvəndin söylədikləri tamamilə cəfəngiyyatdır. Hətta rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan öz hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya digər ölkələrə qarşı hərbi əməliyyat aparılması üçün istifadəsinə heç vaxt imkan verməyəcək. Yəqin, Əbülfəzl Zöhrəvənd bunu bilməmiş deyil.

Yeri gəlmişkən, Azərbaycan ərazisindən guya İrana qarşı istifadə edildiyinə dair iddialar təəssüf ki, beynəlxalq media qurumlarında da yer alır. Məsələn, bu günlərdə "CNN World" xəbər kanalının internet səhifəsində dərc olunmuş və Azərbaycanı hədəfə alan məqalə bunun bariz nümunələrindən biridir. Sözügedən yazıda Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, habelə İsrail qüvvələrinin ölkəmizdə yerləşdirilməsi barədə tamamilə uydurma və əsassız iddialar irəli sürülüb. Əbülfəzl Zöhrəvənd də elə bu “fakt”lardan yararlanıb. Bir məsələni də vurğulayaq ki, onun bu cür açıqlaması, yəni Azərbaycanı hədələməsi Tehranın milli maraqlarına cavab vermir. Yəni, bütün bunlar İranın özünün rəsmi dövlət ideologiyası ilə daban-dabana ziddir. Başqa sözlə desək, İran rəsmiləri dəfələrlə Azərbaycanla yaxşı münasibət saxlamaq istədiklərini bildiriblər. Bu mənada demək olar ki, onun bu sayıqlamaları rəsmi Tehranın bəzi dairələrində hələ də hökm sürən köhnə və təhlükəli düşüncə tərzinin növbəti təzahürüdür. Əbülfəzl Zöhrəvəndin bu kimi fikirləri onun həm də ermənipərəst qüvvələrin əlində alət olmasının göstəricisidir.

Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı ölkəsidir və bu bölgədə söz sahibidir. 30 ilə yaxın işğalla üzləşmiş, torpaqlarını öz gücü hesabına azad etmiş, suverenliyinə nail olmuş, regionda yeni geosiyasi reallıq yaratmış bir ölkəyə qarşı təhdid dili ilə danışmaq olduqca gülünc görünür. Odur ki, əminliklə demək olar ki, Əbülfəzl Zöhrəvəndin bu kimi cəfəng fikirləri Azərbaycanın regionda formalaşdırdığı etibarlı tərəfdaş və sülh carçısı imicinə əsla kölgə sala bilməyəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”