10 iyun 2026 18:17
137

Qarabağ Heydər Əliyev ideyalarının işığında azadlığına qovuşub

15 iyun- Milli Qurtuluş Günü Azərbayacan tarixinə qızıl hərflərlə yazılıb. Həmin gün Ulu Öndər Heydər Əliyevin respublikamızda hakimiyyətə qayıdışı ilə Azərbaycan xaos, anarxiya girdabından xilas oldu. 1992-1993-cü illərdə Azərbaycanın müstəqilliyini istəməyən bəzi xarici məkrli dairələr ölkəmizi zor gücünə hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün əli ilə məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr böyük faciə ilə nəticələnmiş, respublikadakı mövcud siyasi və hərbi vəziyyəti daha da gərginləşdirərək vətəndaş müharibəsi həddinə çatdırmışdı.  Bütün bunlar ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. 4 iyun qiyamından sonra respublikadakı mövcud siyasi və hərbi vəziyyət daha da gərginləşərək nəinki vətəndaş müharibəsi həddinə çatmışdı, hətta hərbi hissələrdə fərarilik, nizamsızlıq xeyli artmışdı. Belə bir şəraitdə Ermənistan silah­lı qüvvələri tərəfindən Ağdam, Füzuli, Cəbrayıl istiqamətlərində hücumlar şiddətlənmiş, sonradan onların işğalı ilə nəticələnmişdi.

Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoyan AXC-Müsavat hakimiyyətinin nümayəndələri o zaman kömək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət etdilər. Onlar dəqiq bilirdilər ki, Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilər. Məhz xalqın belə bir ağır məqamında dünya şöhrətli siyasətçi Heydər Əliyevin özünün müqəddəs xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanda illərlə davam edən anarxiyaya, siyasi hakimiyyətsizliyə, hərbiləşmiş cinayətkar dəstələrin qətl və özbaşınalıqlarına son qoymuş oldu.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Vətəni, xalqı üçün misilsiz xidmətlər göstərən, milli və bəşəri ideallara, dünyada dostluğa, sülhə və tərəqqiyə böyük töhfələr verən, siyasətin kamil bilicisi, Ulu Öndər Heydər Əliyev Azərbaycanın ayrılmaz parçası olan Qarabağı öz canı qədər sevirdi. Danılmaz həqiqətdir ki, Ümummilli Liderin Azərbaycana birinci dəfə rəhbərliyi dövrü - 1969-1982-ci illər bütün Azərbaycanda olduğu kimi, Qarabağın da intibah dövrü kimi tariximizə silinməz hərflərlə yazılıb. Məhz o illər Qarabağın sosial-iqtisadi və mədəni inkişafında böyük nailiyyətlər əldə edilib.

Ulu Öndər məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi münasibətilə xalqımıza müraciətində “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” söyləməsi onun Ümummilli Liderin ideyalarına, siyasi kursuna sadiqliyini bir daha təsdiq etdi. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda üçrəngli Bayrağımız əzəmətlə dalğalanır.

Zahid Rza, “İki sahil”