1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə həkk olundu. Milli Qurtuluş Günü 15 iyun 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi dövlət bayramı kimi qeyd edilməyə başlandı. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi süqutdan xilas oldu. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev isə Azərbaycanın şərəf və qəhrəmanlıq salnaməsini yazdı.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan xalqının tarixində taleyüklü günlərdən biri olan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin dövlətçilik salnaməsində xüsusi yer tutur: “Bu əlamətdar tarix xalqımızın ağır sınaqlardan keçərək dövlət müstəqilliyini qoruması, sabitlik və inkişaf yoluna qədəm qoyması ilə bağlıdır. Milli Qurtuluş Günü Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı və Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edilməsi ilə səciyyələnir”.
Deputatın fikrincə, XX əsrin sonlarında Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illərində ölkədə mürəkkəb ictimai-siyasi vəziyyət hökm sürürdü: “Dövlət idarəçiliyində təcrübəsizlik, iqtisadi böhran, silahlı qruplaşmaların fəaliyyəti, separatçılıq meyilləri və Ermənistanın hərbi təcavüzü Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoymuşdu. 1993-cü ildə vəziyyət daha da ağırlaşmış, ölkədə vətəndaş qarşıdurması və dövlətçiliyin itirilməsi təhlükəsi yaranmışdı.
Belə bir mürəkkəb dövrdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin simasında özünün xilaskarını görürdü. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdan Heydər Əliyev ölkənin xilası missiyasını öz üzərinə götürdü. Onun siyasi təcrübəsi, uzaqgörənliyi və qətiyyəti sayəsində ölkədə sabitliyin bərpası istiqamətində mühüm addımlar atıldı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin taleyində dönüş nöqtəsinə çevrildi. Məhz bu tarixin sonradan Milli Qurtuluş Günü kimi qeyd olunmasına başlandı”.
Ü. Həmzəyeva daha sonra dedi: “Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitlik təmin edildi, qanunsuz silahlı dəstələrin fəaliyyəti dayandırıldı, dövlət idarəetmə sistemi yenidən formalaşdırıldı. Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi, iqtisadi inkişafın əsası qoyuldu və dövlət müstəqilliyi möhkəmləndirildi. Məhz Onun rəhbərliyi ilə ölkənin gələcək inkişaf strategiyası müəyyən edildi və Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyini qoruyaraq onu davamlı inkişaf yoluna çıxarması oldu. Onun təşəbbüsü ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar ölkənin gələcək uğurlarının əsasını təşkil etdi. Qəbul olunan Konstitusiya, çoxpartiyalı siyasi sistemin formalaşdırılması, hüquqi dövlət quruculuğu və iqtisadi inkişaf proqramları Azərbaycanın müasir dövlət kimi inkişafına təkan verdi.
Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyətini xalqına və dövlətinə xidmətə həsr etmişdir. O, hər zaman Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ən ali dəyər hesab etmişdir. Onun “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” fikri xalqına və dövlətinə sonsuz sədaqətinin ifadəsidir”.
Milli Məclisin deputatı bildirdi ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir. Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər, iqtisadi inkişafı, beynəlxalq nüfuzunun artması, eləcə də Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasının uğurlu nəticələridir: “Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri də bu siyasətin davamıdır. Milli Qurtuluş Günü Azərbaycan xalqının birliyinin, dövlətçiliyə sədaqətinin və milli həmrəyliyinin rəmzidir. Bu tarix xalqımızın müstəqil dövlət qurmaq əzminin, çətin sınaqlardan qalib çıxmaq bacarığının və gələcəyə inamının təcəssümüdür. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, Onun dövlətçilik irsini böyük ehtiramla yad edir və Milli Qurtuluş Gününü qürurla qeyd edir. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində qızıl hərflərlə yazılmış, müstəqilliyimizin qorunub saxlanılmasını və ölkəmizin davamlı inkişaf yoluna çıxmasını təmin etmiş tarixi bir gündür”.
Qvami Məhəbbətoğlu, “İki sahil”