12 iyun 2026 14:28
134

Milli Qurtuluşdan Zəfərə: Heydər Əliyev siyasəti və Müasir Azərbaycan

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edən günlərdən biri də 15 İyun - Milli Qurtuluş Günüdür. Bu əlamətdar tarix müasir Azərbaycan dövlətçiliyinin xilası, ölkənin parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən qurtulması, sabitlik və inkişaf yoluna qədəm qoyması ilə səciyyələnir. Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir. Məhz bu gün xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkənin gələcək taleyini müəyyən etmiş, müstəqilliyimizin qorunmasına və möhkəmlənməsinə zəmin yaratmışdır.

Azərbaycan xalqı XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa etsə də, müstəqilliyin ilk illəri son dərəcə mürəkkəb ictimai-siyasi və iqtisadi proseslərlə müşayiət olunmuşdur. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə dərin problemlər yaşanmağa başlamış, idarəçilikdə yaranan boşluqlar dövlətçiliyin əsaslarını ciddi şəkildə sarsıtmışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı davam edir, ölkədə siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül və sosial böhran hökm sürürdü.

Müstəqilliyin ilk illərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi vəziyyəti daha da ağırlaşdırmışdı. Dövlət idarəçiliyində təcrübəsizlik, daxili çəkişmələr, orduda nizam-intizamın zəifləməsi və iqtisadiyyatın tənəzzülü Azərbaycanı uçuruma aparırdı. Ayrı-ayrı bölgələrdə separatçılıq meyilləri güclənir, vətəndaş qarşıdurması təhlükəsi getdikcə artırdı. Ölkə real olaraq dövlət müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı.

Belə mürəkkəb və həlledici bir dövrdə Azərbaycanın suverenliyinin müdafiəsi və möhkəmləndirilməsi üçün güclü siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə və xalqın etimadını qazanmış liderə ehtiyac duyulurdu. Azərbaycan xalqı yaxşı anlayırdı ki, mövcud böhrandan çıxış yolu yalnız böyük dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışından keçir.

1993-cü ilin iyun ayında ölkədə yaranmış ağır siyasi böhran fonunda xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu. Həmin dövrdə yeganə ümid və çıxış yolu məhz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı idi. 15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi müasir dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcı oldu. Bu tarix sonradan Milli Qurtuluş Günü kimi qeyd edilməyə başlandı.

Ulu Öndərin qayıdışı ilə ölkədə sabitliyin təmin olunması istiqamətində ilk mühüm addımlar atıldı. Dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, vətəndaş qarşıdurması təhlükəsi aradan qaldırıldı, hüquqi dövlət quruculuğu prosesinə start verildi. Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi və Azərbaycanın gələcək inkişaf strategiyası müəyyən edildi.

Dahi siyasi lider fenomeni kimi tarixə düşən Heydər Əliyev qısa müddət ərzində xalqın inamını doğrultdu. O, hər zaman xalqına verdiyi anda sadiq qaldı, Azərbaycan dövlətinin milli maraqlarını bütün fəaliyyətinin əsas prioriteti hesab etdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı, xarici investisiyaların cəlb olunmasına nail olundu, iqtisadi islahatlar həyata keçirildi və ölkənin inkişafının möhkəm təməli qoyuldu.

Əbədi müstəqilliyimizin memarı olan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı naminə misilsiz xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə formalaşdırılan milli inkişaf strategiyası ölkəmizin müasir tarixində yeni uğurların əsasını təşkil etmişdir. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Azərbaycan xalqının milli maraqlarına, dövlətçilik prinsiplərinə və gələcək inkişaf perspektivlərinə əsaslanırdı.

Ulu Öndərin ən böyük arzusu güclü, müstəqil, qüdrətli və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan görmək idi. Bu müqəddəs arzu sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində reallığa çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmış, dövlətimizin gücünü möhkəmləndirmişdir.

Tarixi Qələbəyə aparan yol da məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasından keçmişdir. Güclü dövlət, güclü iqtisadiyyat və güclü ordu konsepsiyası nəticəsində Azərbaycan 2020-ci ildə Vətən müharibəsində möhtəşəm Qələbə qazandı, işğal altındakı torpaqlarını azad etdi və tarixi ədaləti bərpa etdi. Sonrakı dövrdə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin olundu.

Bu gün müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, güclü, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş dövlətdir. Ölkəmiz regionun aparıcı siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilmiş, beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuşdur.

Milli Qurtuluş Günü yalnız tarixi hadisə deyil, həm də xalqımızın həmrəylik, birlik və dövlətçilik iradəsinin təntənəsidir. Bu gün Azərbaycan xalqının çətin sınaqlardan keçərək dövlət müstəqilliyini qoruyub saxlamasının, milli birliyinin və gələcəyə inamının rəmzidir. Həmrəylik simvolu olan bu tarixi gün xalqın öz xilaskar liderinə olan sonsuz etimadının və sevgisinin ifadəsidir.

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman uca tutur, onun dövlətçilik irsini böyük ehtiramla yaşadır. Çünki Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür və daha yüksək qiymətləndirilir. Onun adı müasir Azərbaycan dövlətinin qurucusu, xilaskarı və əbədi müstəqilliyimizin memarı kimi tariximizdə daim yaşayacaqdır.

Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarını və siyasi irsini uğurla davam etdirərək ölkəmizin davamlı inkişafına xidmət edir. Heydər Əliyev məktəbi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və xalqın rifahının yüksəldilməsi istiqamətində etibarlı yol göstəricisi olaraq qalır.

Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi olmuş, dövlətimizin məhv olmaq təhlükəsindən xilas edilərək inkişaf və tərəqqi yoluna çıxarılmasını təmin etmişdir. Bu böyük tarixi hadisə bir daha sübut edir ki, xalqın taleyində müdrik lider amili mühüm rol oynayır. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası, xalqımızın birliyi və gələcək uğurlarımızın təməl daşı kimi daim böyük ehtiramla qeyd olunacaqdır.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri