15 iyun 2026 12:15
205

Azərbaycan dövlətçiliyinin xilas günü - 15 iyun

XX əsrin sonlarında dünyanın altıda birini əhatə edən keçmiş SSRİ-də- “şər imperiyası”nda baş verən mürəkkəb və ziddiyyətli siyasi proseslərin nəticəsində Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. Yeni tarixi dövrə, müstəqillik yoluna qədəm qoyan Azərbaycanın Respublikasının qarşısında mühüm vəzifələr dayanırdı. İlk növbədə müstəqiliyin möhkəmləndirilməsi, Ermənistanın təcavüzünün dayandırılması ərazi bütövlüyünün təmin edilməsi, ölkəmizin iqtisadi, siyasi maraqları və təhlükəsizliyi, əhalinin rifahının təmin edilməsi ilə bağlı zəruri addımlar atılmalı idi. Bunun üçün qısa müddətdə düşünülmüş, məqsədyönlü daxili və xarici siyasət kursu hazırlanaraq həyata keçirilməli idi.

Lakin müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edənlərin hakimiyyət, kreslo davası ucbatından, AXC-Müsavat hakimiyyəti “liderlər”inin naşılığı, səriştəsizliyi, diletantlığı nəticəsində bütün bunları reallaşdırmaq mümkün olmadı. Bakıda qızğın hakimiyyət çəkişməsinin başlaması, milli sərvətlərin ayrı-ayrı qruplar tərəfindən talan edilməsi, hərc-mərcliyin artması, separatçılıq meyillərinin güclənməsi, müxtəlif silahlı dəstələrin hökmranlıq etməsi ölkəni milli və vətəndaş qarşıdurması həddinə çatdırdı.

1992-ci ildə hakimiyyəti zorla, top-tüfəng gücünə zəbt edən antimilli AXC-Müsavat hakimiyyətinin satqın, dönük, savadsız, flüger “rəhbərləri” Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular.  Ölkədə vətəndaş müharibəsi baş alıb gedirdi. Heç bir nəzəri biliyi, dövlətçilik təcrübəsi, idarəçilik qabiliyyəti olamyan “bəylər”in yarıtmaz idarəçiliyi sayəsində respublika dərin böhrana sürükləndi. Azərbaycan artıq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikada xaos, anarxiya, hərc-mərclik hökm sürür, talançılıq, korrupsiya, rüşvət baş alıb gedirdi. İnflaysiya 1000 faizdən çox idi. İş o yerə çatmışdı ki, ozamankı dövlət başçısı Əbülfəz Elçibəy 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə məmurlara ittihamedici suallar verərək “Bizim sayəmizdə bu respublika dağılır, niyə bu respublikanı dağıdırsınız? Xalq deyir, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Bu xalq əgər imperiyadan canını qurtardısa, gələcəkdə onun əlindən burada əyləşən adamların canı qurtarmayacaq. Deyin görüm, respublikanı niyə dağıdırsınız? Camaat yollarda oturub ata-anamızın qəbrini söyür... Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz” demişdi.

Minilliklərlə dövlətçilik təcrübəsi olan xalqımızın bütün ümidləri puç olurdu. Lakin tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev “ölüm, ya olum” dilemması ilə qarşı-qarşıya qalan Azərbaycanın sınağa çəkildiyi o çətin anlarda öz xilaskarlıq missiyasını həyata keçirdi, xalqı və ölkəni dərin siyasi və iqtisadi böhrandan xilas etdi. Ümummilli Lider milli dövlət qurulması, dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsi üçün respublikada milli birlik və həmrəyliyə nail olmaq üçün mühüm addımlar atdı.

1994-cü ilin mayında işğalçı Ermənistan ilə atəşkəs haqqında razılaşma əldə olundu. Həmin ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan ilk neft kontraktları imzalandı. Ölkənin çoxsaylı sosial-iqtisadi problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlandı. 1995-ci il noyabrın 12-də müstəqil Respublikamızın ilk Konstitusiyası qəbul olundu və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirildi. Azərbaycan dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq üçün ictimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edildiyi ölkəyə çevrildi.

Prezidenti İlham Əliyev diqqəti AXC-Müsavat hakimiyyəti zamanı Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığına yönəldərək bildirmişdir: “Onların məqsədi talançılıq idi, Ləl-Cəvahirat Fondunu taladılar, orada bir dənə də əşya qalmamışdır, hamısını satdılar, neft bonuslarını oğurladılar. Səhv etmirəmsə, onların dövründə təqribən 20 və ya 30 milyon dollar dəyərində neft bonusu verilmişdi, oğurladılar. Sonra bunu axtarmağa başlayanda onun izi-tozu da qalmamışdı. Bir il ərzində milyardlarla dollar ziyan vurdular, taladılar, oğurladılar, öz ciblərini doldurdular, sonra da qorxaqcasına fərarilik edərək hakimiyyəti tərk etdilər, vəzifələrini dondurdular və bu gün də öz rəzil hərəkətləri ilə cəmiyyətdə ikrah hissi doğururlar. Onların bu qorxaqlığı, panika, isterika, paronoya və satqınlığı artıq heç kimə sirr deyil. Bax, bu idi real vəziyyət”.

Ulu Öndərin siyasi kursunu uğurla davam edtirən Prezident İlham Əliyevin əzmi, qətiyyəti və siyasi iradəsi ilə həyata keçirilən uzaqgörən, məqsədyönlü, düşünülümüş daxili və xarici siyasəti sayəsində Azərbaycanda siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə edildi, ölkəmizin beynəlxalq arenada mövqeyi daha da gücləndi, respublikamız regionda baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkə statusu qazandı. Ata vəsiyyətini yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəyanəti, prinsipiallığı və praqmatik siyasəti nəticəsində qırx dörd günlük Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

Zahid Rza, “İki sahil”