17 iyun 2026 19:31
77

Regionun simasını dəyişəcək layihə: Zəngəzur dəhlizi

Ötən il Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması Cənubi Qafqazda vəziyyəti tamamilə dəyişmişdir.

Bu fikirlər Prezident İlham Əliyevin Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

Prezident, həmçinin bildirib ki, bu xüsusda, reallaşmaqda olan Zəngəzur dəhlizi həm Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini birləşdirəcək, həm də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək. Dövlətimizin başçısı ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunda bu məsələni bir daha vurğulayaraq bildirib ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük. Bir məsələni də vurğulayaq ki, 5 il əvvəl Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsində də Zəngəzur dəhlizi ilə bağlı müddəa yer alıb.  Bu faktı həm də Bakı ilə Ankaranın regional və qlobal əməkdaşlığa töhfə vermək niyyətləri kimi dəyərləndirmək olar.

Bütün bunlar o deməkdir ki, Cənubi Qafqazın dəyişən siyasi mənzərəsində önəmli mərkəzə çevrilən Zəngəzur dəhlizi regionda davamlı sülhün və iqtisadi blokadanın aradan qaldırılmasının əsas şərti kimi qəbul edilən, regionun simasını dəyişəcək layihədir.  Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan münasibətlərində etimadın bərpası üçün də mühüm sınaqdır. Bu mənada Zəngəzur dəhlizini Azərbaycan və Ermənistan arasında sadəcə texniki nəqliyyat layihəsi deyil, postmünaqişə dövrünün strateji yol xəritəsi adlandıranlar yanılmırlar.  Cənubi Qafqazın gələcək siyasi və iqtisadi xəritəsi də məhz bu dəhliz üzərindən yenidən cızılır.  Bu səbəbdən onun həm geosiyasi, həm də geoiqtisadi cəhətdən əhəmiyyəti getdikcə artmaqdadır

Şübhəsiz, uzunluğu 42 kilometr olan Zəngəzur dəhlizinin açılması, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının təcriddən çıxmasını təmin edəcək və bölgənin sosial-iqtisadi inkişafına xüsusi təkan verəcək. Eyni zamanda, Azərbaycanın digər bölgələri ilə daha sıx inteqrasiyasına xidmət edəcək. Təkcə bir faktı qeyd edək ki, Zəngəzur dəhlizi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) ən mühüm halqası kimi Çindən gələn yüklərin Avropaya daşınma müddətini ənənəvi dəniz yolu ilə müqayisədə 30-35 gündən 12-15 günə qədər azaldacaq.

Xatırladaq ki, Zəngəzur dəhlizi ideyası Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərinin nəticəsi olaraq meydana çıxıb. Hətta bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda öz əksini tapıb. Amma Ermənistan uzun müddət dəhlizin reallaşmaması üçün min oyundan çıxıb.  Üstəlik, “Sülhün kəsişməsi” kimi qeyri-real və cəfəng layihə ortaya atmaqla beynəlxalq ictimaiyyətin diqqətini real sülh ideyasından yayındırmaq istəyib. Amma ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Ağ Evdə görüşü və bu görüşün nəticəsi olaraq bir sıra sənədlərin imzalanması Zəngəzur dəhlizi məsələsini aktuallaşdırıb. İyunun 4-də Ermənistan ABŞ ilə "Tramp Marşrutu" layihəsi üzrə Çərçivə sazişi imzalayıb, sənəd ratifikasiyaya hazırdır. Bu isə artıq həmin layihənin reallaşmaqda olmasının müjdəsidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”