Ulu Öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi, yad təsirlərdən qorunması, saflığı istiqamətində atılan addımlarda əhəmiyyətli rol oynadı
Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması bütün dövrlərin əsas çağırışlarından biridir. Dil hər bir xalqın varlığı, təqdimatıdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək, ümumilikdə azərbaycançılıq ideologiyasının inkişafının və təbliğinin prioritet olduğunu görərik. Ümummilli Lider Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirərək bildirmişdir ki, hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.

Ümummilli Lider Heydər Əliyev gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri öyrənməklə yanaşı, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi. Dahi şəxsiyyət bu çağırışı edirdi ki, biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik.
Məhz Onun gördüyü işlərə, xalqa, Vətənə bağlılığından irəli gələn addımlarına, gənclərə çağırışlarına söykənərək böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev hər kəsə Vətəni sevməyi, dilimizə, tariximizə, milli-mənəvi dəyərlərimizə bağlılığı, onları qoruyub inkişaf etdirməyi öyrətdi. Onun artıq dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər bir azərbaycanlının həyat amalına çevrilib. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə azərbaycanda birinci dəfə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixdə imzasını qoydu. 70-ci illərin ortalarından başlayaraq keçmiş İttifaq respublikalarının ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə Azərbaycan dilinin inkişafı yalnız sənədlərdə deyil, gündəlik həyatımızda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrildi. Bakı Dövlət Universitetinin 50 illik yubileyi bu gün böyük qürur hissi ilə xatırlanır. Tədbir o dövrdə, kommunist rejimi üçün fövqəladə hadisə kimi qəbul edilən respublika rəhbərinin Azərbaycan dilində çıxışı ilə başlamışdı. Ümummilli Liderin bu çıxışı xalqa, ziyalılara bir çağırış idi. Bu mühüm addım sonrakı proseslərə böyük stimul verdi. Belə ki, dövlət əhəmiyyətli tədbirlərdə Azərbaycan dilindən istifadəyə geniş yer verildi, təhsil müəssisələrində ana dilinin tədrisinə ayrılan saatlar, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı. Dahi şəxsiyyət hər zaman Azərbaycan gənclərinin milli ruhda, vətənpərvərlik ruhunda böyüməsinə çalışırdı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin adını özümüzə qaytardı. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin təkmilləşdirilməsi, inkişafı istiqamətində atdığı addımlar davamlı olmuşdur. Tarixi şəxsiyyətin imzaladığı hər bir sənəd dilimizin qorunmasına bir çağırışdır. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Bu sənədə əsasən, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Ümummilli Liderin Fərmanı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi də dilin hər bir ölkənin həyatında roluna bir daha işıq saldı. Ana dilinə böyük məhəbbət bu istiqamətində atılan addımların geniş miqyas almasını şərtləndirir.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi, yad təsirlərdən qorunması, dilin saflığı istiqamətində dahi şəxsiyyət Heydər Əliyevin yürütdüyü siyasət son 22 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” və “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır. Həmçinin dövlətimizin başçısının 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da atılan addımların davamı oldu. Bütün bunların məqsədi Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etməkdir.
Təbii ki, qeyd etdiklərimiz ana dilimizin qorunmasına, tətbiqi işinin təkmilləşdirilməsinə yönələn addımların az bir hissəsidir. Tarixi Zəfərimizin reallıqları fonunda digər sahələrdə olduğu kimi, dilimizin inkişafı və təbliği istiqamətində də mühüm addımlar atılır. Yeni çağırışlar yeni addımları zərurətə çevirir.
Yeganə Əliyeva, “İki sahil”