23 iyun 2026 10:57
88

26 İyun – Silahlı Qüvvələr Günü: Azərbaycanın Gücü və Qürur Mənbəyi

Hər il 26 iyun tarixində ölkəmizdə Silahlı Qüvvələr Günü böyük qürur və ehtiram hissi ilə qeyd olunur.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan Ordusunun quruculuğu və inkişafı Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olmuş, onun müəyyənləşdirdiyi strateji kurs nəticəsində güclü və peşəkar ordu formalaşdırılmışdır. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirilmiş, müasir silah və texnika ilə təminat ən yüksək səviyyəyə çatdırılmışdır. Bunun nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilmişdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər Azərbaycan Ordusunun gücünü, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi.

Silahlı Qüvvələr Günü münasibətilə Vətənimizin keşiyində dayanan bütün hərbi qulluqçuları təbrik edir, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və müharibə veteranlarımıza minnətdarlığımızı bildiririk. Əminik ki, Azərbaycan Ordusu bundan sonra da dövlətimizin suverenliyinin və xalqımızın təhlükəsizliyinin etibarlı təminatçısı olacaqdır.

Nicat Hüseynov,
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədr müavini