Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm önəm kəsb edir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar iki qardaş ölkə arasında münasibətlərin inkişaf səviyyəsini nümayiş etdirmiş oldu.
“İki sahil” xəbər verir ki, bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycanla Türkmənistan arasında tarixi dostluq, ortaq mənəvi dəyərlər, qarşılıqlı etimad və strateji maraqlara əsaslanan əməkdaşlıq son illərdə yeni məzmun qazanaraq regional və beynəlxalq əhəmiyyətli tərəfdaşlıq modelinə çevrilib. Hər iki liderin mətbuata verdiyi birgə bəyanatda da ölkələrimiz arasında əlqələrin hazırkı səviyyəsi bir daha yüksək dəyərləndirilib. Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan ilə Türkmənistan arasında siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq, iki ölkə rəhbərləri arasında aparılmış danışıqların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdiyini bildirib.
Bu əlaqələr bütün sahələrdə olduğu kimi işğaldan azad edilmiş ərazilərin bərpası məsələsində də özünü daha aydın təzahür etdirir. Ölkəmizin başçısı da Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə göstərilən dəstəyə görə Türkmənistan rəhbərliyinə xüsusi təşəkkürünü ifadə eedib. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri, Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədovun 2025-ci ilin iyul ayında Azərbaycana səfəri zamanı Füzuli şəhərində məscidin tikintisi təşəbbüsü irəli sürüldüyünü və hazırda layihənin icra edildiyini də diqqətə çatdırıb. Vurğulanıb ki, bu təşəbbüs Azərbaycan xalqına və dövlətinə qardaş münasibətinin, həmçinin Türkmənistanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi mənəvi dəstəyin mühüm təzahürüdür.
Deputat vurğulayıb ki, məhz bu kontekstdə Füzulidə inşa edilən məscid iki xalq arasında ortaq dini-mədəni dəyərlərin və qardaşlıq əlaqələrinin simvolu hesab olunur: “Türkmənistan Prezidentinin ölkəmizə səfəri, Azərbaycan Prezidenti ilə aparılan müzakirələr, müxtəlif mövzulara dair fikir mübadiləsi əlaqələrin qarşıdakı dövrdə daha geniş spektorda inkişafına zəmin yaratmış olacaqdır. Bu xüsusda Türkmənistanda keçiriləcək Azərbaycan–Türkmənistan Hökumətlərarası Komissiyasının növbəti iclasına qədər verilmiş tapşırıqlar hərtərəfli işlənəcəyi və nəticədə yeni birgə layihələrin reallaşdırılması, mövcud problemlərin həlli istiqamətində mühüm addımlar atılacağı da çübhəsizdir. Təbii ki, bu yanaşma tərəflərin münasibətləri yalnız siyasi bəyanatlar səviyyəsində deyil, konkret iqtisadi və institusional mexanizmlər vasitəsilə inkişaf etdirmək niyyətini göstərir.
Bu bir reallıqdır ki, Azərbaycanla Türkmənistan arasında əlaqələr tarixi, mədəni bağlar əsaslanır. Azərbaycan və Türkmənistan xalqlarını birləşdirən ən mühüm amillərdən biri ortaq tarixi köklər, dil, mədəniyyət və mənəvi dəyərlərdir. Prezident İlham Əliyev də bəyan edib ki, münasibətlərimizin möhkəm təməli məhz bu ortaq irs üzərində qurulub”.
Sevinc Hüseynova bildirib ki, son illərdə iki ölkə arasında humanitar əməkdaşlıq daha da genişlənir: “2026-cı ilin iyun ayında Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, əvvəlki dövrdə Türkmənistanın mədəniyyət nümayəndələrinin Bakı və Gəncədə təşkil olunan tədbirlərdə iştirakı humanitar əlaqələrin dinamik inkişafının göstəricisidir. Dövlətimizin başçısı da Bakı və Aşqabadın, eləcə də Arkadağ və Füzuli şəhərlərinin qardaşlaşmış şəhərlər olduğunu qeyd edərək, bu münasibətlərin iki ölkənin strateji tərəfdaşlığının humanitar ölçüsünü daha da gücləndirdiyini diqqətə çatdırıb”.
Təftiş Komissiyasının sədri hesab edir ki, Azərbaycanın Mərkəzi Asiya əməkdaşlığına inteqrasiyasında Türkmənistanın rolu mühüm önəm kəsb edir: “Prezident İlham Əliyev Türkmənistan rəhbərliyinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsinə göstərdiyi fəal dəstəyə görə təşəkkür edib.
Dövlət başçısı bu hadisəni tarixi əhəmiyyətli qərar kimi qiymətləndirərək vurğulamışdır ki, Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, region ölkələri ilə mövcud olan tarixi, mədəni və iqtisadi əlaqələr, həmçinin nəqliyyat-logistika sahəsində həyata keçirilən birgə layihələr böyük Mərkəzi Asiya məkanının formalaşmasına mühüm töhfə verir. Bu qərar Azərbaycanın regionlararası əməkdaşlıqda rolunun artdığını və ölkənin Avropa ilə Asiya arasında etibarlı körpü funksiyasını daha da gücləndirdiyini göstərir. Azərbaycan və Türkmənistan arasında bu sahədə formalaşmış əməkdaşlıq təkcə iki ölkə üçün deyil, daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır.
Müasir dövrdə beynəlxalq ticarət marşrutlarının təhlükəsizliyi və etibarlılığı xüsusi əhəmiyyət kəsb edir. Xəzər dənizi hövzəsində yerləşən Azərbaycan və Türkmənistan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayırlar. Bu baxımdan, tərəflər yükdaşımaların həcminin artırılması, tranzit imkanlarının genişləndirilməsi və üçüncü ölkələrdən əlavə yük axınlarının cəlb edilməsi istiqamətində fəaliyyətlərini daha da koordinasiya etmək barədə razılığa gəlmişlər. Təbii ki, nəqliyyat və logistika layihələrinin uğuru ilk növbədə siyasi etimada və qarşılıqlı fəaliyyətə əsaslanır. Məhz yüksək səviyyəli siyasi münasibətlər ölkələrimizin bu sahədə əldə etdiyi nailiyyətlərin əsasını təşkil edir.
Həmçinin Azərbaycan və Türkmənistan zəngin enerji ehtiyatlarına malik ölkələr kimi regional enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar. Hər iki dövlət enerji sektorunda səylərin birləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərmək niyyətindədir. Bu əməkdaşlıq həm Xəzər regionunda enerji layihələrinin inkişafına, həm də beynəlxalq enerji bazarlarında tərəflərin mövqelərinin möhkəmləndirilməsinə xidmət edir.
Prezidentlərin iştirakı ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikası ilə Türkmənistan arasında bir sıra mühüm sənədlər imzalanmış və mübadilə olunmuşdur. Bu sənədlər siyasi dialoqun, iqtisadi əməkdaşlığın, nəqliyyat, energetika, humanitar və digər sahələr üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə xidmət edir.
İmzalanan sənədlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə, əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsinə və yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasına zəmin yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Əldə olunan razılaşmalar və verilən siyasi mesajlar göstərir ki, iki qardaş ölkə qarşılıqlı etimada əsaslanan münasibətlərini daha da genişləndirmək, regional əməkdaşlığa töhfə vermək və ortaq maraqlara xidmət edən yeni layihələr həyata keçirmək əzmindədir. Tarixi köklərə, ortaq mədəniyyətə və qarşılıqlı hörmətə söykənən Azərbaycan–Türkmənistan tərəfdaşlığı gələcək illərdə də regionun sabitliyi, iqtisadi inkişafı və inteqrasiyası baxımından mühüm rol oynamağa davam edəcəkdir”.
Azərbaycan və Türkmənistan Xəzər regionunun enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayırlar
Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələdə: strateji tərəfdaşlığın möhkəmlənməsi