23 iyun 2026 18:56
109

Qarşılıqlı etimad mühiti beynəlxalq əlaqələrin inkişafına zəmin yaradır

Ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin xüsusi rolu var. Parlament diplomatiyası dövlətimizin xarici siyasət kursunun mühüm tərkib hissəsidir. Bu baxımdan Milli Məclisin beynəlxalq fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Parlament bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur, həmçinin müxtəlif ölkələrin qanunverici orqanları ilə dostluq qrupları fəaliyyət göstərir. Parlamentarilər beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin təbliği və milli maraqlarımızın müdafiəsi istiqamətində mühüm iş aparırlar.

“İki sahil” xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Milli Məclis Parlamentlərarası İttifaq, ATƏT Parlament Assambleyası, MDB Parlament Assambleyası, Asiya Parlament Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, GUAM Parlament Assambleyası, TÜRKPA və NATO Parlament Assambleyasında fəal təmsil olunur. Bu təşkilatlar çərçivəsində aparılan ardıcıl fəaliyyət nəticəsində Ermənistanın işğalçılıq siyasətini ifşa edən mühüm qərarlar qəbul edilib. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Ermənistanın işğalçılıq siyasətini dəfələrlə pisləyib və Xocalı soyqırımını tanıyıb.

Hazırda Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci Sessiyası keçirilir. 40-dan çox ölkənin parlament nümayəndə heyətinin, 10-dan artıq parlament sədrinin və 10 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi tədbirdə “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusu müzakirə olunur. Ümumilikdə 400-dən çox nümayəndənin qatıldığı sessiya çərçivəsində təşkilatın müxtəlif komitələrinin və struktur bölmələrinin iclasları keçiriləcək, gündəlikdəki sənədlər müzakirə olunacaq.

Millət vəkilinin sözlərinə görə, Milli Məclis İƏT Parlament İttifaqı ilə də fəal əməkdaşlıq edir və bu qurumda beş nəfərlik nümayəndə heyəti ilə təmsil olunur. Son illərdə parlament diplomatiyasının güclənməsi nəticəsində qanunverici orqan vasitəsilə həyata keçirilən fəaliyyət Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Bu fəaliyyət ölkəmizin beynəlxalq nüfuzunun artmasına, dünya dövlətləri ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişlənməsinə mühüm töhfə verib.

Azərbaycan parlamenti beynəlxalq və regional təşkilatların parlament şəbəkələrinin toplantılarına uğurla ev sahibliyi edir. Eyni zamanda müxtəlif ölkələrin parlament nümayəndələrinin Azərbaycana səfərləri və qarşılıqlı əlaqələrin genişlənməsi dövlətlərarası münasibətlərin inkişafına xidmət edir. Bu əməkdaşlıq Azərbaycanın mövqeyinin beynəlxalq platformalarda daha yaxşı tanıdılmasına və dəstəklənməsinə də imkan yaradır.

Bu gün Milli Məclis qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq hüquq normalarının ratifikasiyası və parlamentlərarası əməkdaşlığın inkişafı istiqamətində ardıcıl fəaliyyət göstərir. Parlamentin komitələri və parlamentlərarası əlaqələr üzrə işçi qrupları beynəlxalq təşkilatlar və parlament şəbəkələri ilə sıx əməkdaşlıq edir. Beynəlxalq tribunalarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş vandalizm faktları dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Milli Məclis bəzi beynəlxalq parlament qurumlarının yaradılmasında da fəal iştirak edib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bunun bariz nümunələridir.

Pərvin Kərimzadə qeyd edib ki, müstəqilliyimizin ilk illərində parlament ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətə lazımi səviyyədə çatdıra bilmirdi. Həmin dövrdə qanunverici orqan siyasi qarşıdurmaların təsiri altında fəaliyyət göstərir, beynəlxalq əməkdaşlıq isə olduqca zəif idi. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə parlament sədri seçilməsindən sonra ölkədə sivil parlamentarizm ənənələri formalaşmağa başladı və parlament diplomatiyasının əsasları yaradıldı.

“Bu gün Azərbaycan Milli Məclisi beynəlxalq platformalarda fəal fəaliyyət göstərərək ölkəmizin haqlı mövqeyinin müdafiəsinə mühüm töhfə verir. Bakıda keçirilən İƏT Parlament İttifaqının 20-ci Sessiyası da qəbul ediləcək qərarlar və aparılan müzakirələrlə təşkilatın tarixində mühüm mərhələ kimi yadda qala bilər” – deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.