03 iyul 2026 23:45
101

İclas Azərbaycanda intellekt, elm amillərinin yüksəlişinin əsasını ümumiləşdirdi

Müstəqil Azərbaycan Ermənistanın ərazi iddiasına görə elan edilmədən başlayan mühari­bəyə cəlb olunsa da onun iqisadi inkişafı müharibə dövründə ləngimədi, dünyanın inkişafda olan dövlətlərindən biri oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi ki­mi, Azərbaycan güclü dövlət kimi tanındı. İqtisadi in­kişaf mahiyyəti baxımından elmin, texni­ka­nın yüksək inkişafı ilə şərtlənir. Azərbay­canda elm də, texnika da ən yeni texnologiyalar əsasında yenilənib, təkmil­ləşib, bu proses indi uğurla davam etməkdədir.

Azərbaycanda son illərdə informasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində bir sıra islahatlar həyata keçirilib ki, bunlar da ölkədə rəqəmsal gələcək üçün etibarlı elmi-tex­niki baza yarada bilib. Bu baxımdan dövlət proqramlarının stimullaşdırılmasının təmin edil­məsi üçün rə­qəm­­sallaşma, süni intellekt və innovasiya sahələrində pri­oritetlərin müəyyənləşdirilməsi, milli tex­noloji potensialın və rəqəmsal suverenliyin möh­kəmləndirilməsi məqsədilə Azərbaycan Res­pub­likasının Rəqəmsal İnkişaf Şurası ya­ra­dıldı. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı da diqqəti çəkir. “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” bu Sərəncamla təsdiq edilib və bu istiqamətdə inkişafın strateji istiqamətlərini dörd əsas sahə üzrə müəyyənləşdirir.

İclasda "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrasının vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunve­ricilik islahatları, təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər kimi məsələlər müza­kirə edildi. Şuranın sədri Mehriban xanım Əliyeva "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrasının Şuranın əsas fəaliyyət istiqaməti olduğunu, Şuranın prioritetlərinin dövlət idarəçiliyində rəqəmsallaş­ma­nın, süni intellektin, kibertəh­lü­kə­siz­liyin və innovasiya ekosisteminin inkişafının, inves­ti­siyaların və startapların dəstəklən­di­yini bildirərək qətiyyətlə qeyd etdi ki, qərarlar mahiyyəti baxımından Azərbaycanın maraqlarına uyğun qəbul edilməlidir.

Birinci vitse-prezident Mehriban Əliyeva dövlət qurumları üzrə Yol xəritələrinin hazırlan­ması, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin miqrasiyası, "mygov" platformasının genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi və milli kibertəh­lü­kə­sizlik infrastrukturunun formalaşdırılması istiqamətlərində mühüm işlər görüldüyünü də qeyd etdi. İşlər uğurla davam etdirilir.

İclasda bildirildi ki, Rəqəmsal İnkişaf Şurasının prioritetlərinə uyğun olaraq rəqəmsal inki­şaf sahəsində islahatlar innovasiya və rə­qəm­­­sal iq­ti­sadiyyatın inkişafını dəstəkləyən hüquqi mühitin təkmilləşdirilməsini əhatə edir və qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanır. Eyni zamanda, təhsil sisteminin rəqəmsallaşdırılması, "Rə­qəm­sal məktəb" layihəsinin ic­ra­sı, elek­tron təhsil xidmətlərinin genişləndirilməsi və tədris prosesinin rəqəmsal trans­for­ma­siyası üzrə  mü­hüm işlər görülür.

Bu tarixi iclasda bildirildi ki, elektronikanın və texnikanın sürətli inkişafı, sosial həyata in­teqrasiyası, uğurlu tətbiqi nəticəsində cəmiyyətdə vətəndaş–məmur təmasını minimuma endir­mək, proseslərin şəffaflığını və vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə “mygov” və “mygov biznes” platformaları üzərində işlər davam etdirilir, ilin sonuna kimi "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" tətbiqlərinin bir çox xidmətlərinin  tam şəkildə "mygov" üzərindən təqdim edilməsi planlaşdırılır.

Bu iclasın tarixiliyi onun cəmiyyətin maraqlarını ifadə etməsi ilə bağlıdır. Belə ki, bu iclas­da bildirilib ki, artıq yaşa görə əmək pensiyası təyin edilərkən vətəndaşın fərdi şəkildə və şəxsən müraciət etməsinə ehtiyac qalmır. Qanunla müəyyənləşdirilmiş şərtlər ödənildikdə dövlət informasiya sis­tem­lərində mövcud məlumatlar əsasında pensiya proaktiv qaydada təyin edilir ki, bu da vətəndaşa dövlət qayğısının daha bir təzahürüdür.

Fəaliyyət Planının əsas strateji prioritetlərindən birinin müasir texnologiyaların, xüsusilə süni intellektin dövlət idarəçiliyinə və cəmiyyət həyatına inteqrasiyası olduğu, bu istiqamətdə yük­sək səviyyəli hesablama infrastrukturunun qurulduğu və s. da bildirildi.

Təhsil sahəsində böyük dəyişikliklər yaradılıb ki, bunlar da təkmilləşmənin, elmin, texni­ka­nın, elektronikanın tədris prosesinə hərtərəfli və uğurlu inteqrasiyasının təzahürüdür. Qürurla qeyd olunmalıdır ki, Azərbaycanda təhsil sistemi dünyəvi inkişafın səviyyəsi ilə səsləşir, bütün təhsil müəssisələri vahid təhlükəsiz internet şəbəkəsi ilə təmin edilib. Müasir təhsil sisteminin, eləcə də intellekt inkişafının başlıca şərti kompüterləşmədir. Son beş il ərzində məktəblərə 235 mindən çox kompüter verilib. Bir müqayisə ilə bu istiqamətdə nailiyyətin səviyyəsini müəyyənləşdirmək olar: əvvəllər hər 32 şagirdə bir kompüter düşürdüsə, indi bu rəqəm 6-dır.

İclasda qeyd olundu ki, Azərbaycanda attestatlar, diplomlar, sertifikatlar elektron formatda verilir. Bu, hələ başlanğıcdır. Həm də insan amili baxımından gərəklidir. Belə ki, indi sənəd əldə etmə xeyli asanlaşıb, kağız dövriyyəsi azalır, saxtalaşdırılma riskləri minimuma endirilir...

Rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçi­ri­lən tədbirlər ayrılıqda da, sistem şəklində də Azərbaycanda intellekt, bilik, elm amillərinin yüksə­li­şinin əsasıdır...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı