İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri və dövlət başçısı İlham Əliyevlə keçirdiyi görüşlər bu əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirdi. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji xarakter aldığını və tərəflər arasında qarşılıqlı etimadın daha da möhkəmləndiyini bir daha təsdiqlədi.
Dövlət başçısının qeyd etdiyi kimi, cari il ərzində Avropa İttifaqının yüksək səviyyəli rəhbər şəxslərinin Azərbaycana ardıcıl səfərləri münasibətlərdə müşahidə olunan müsbət dinamikanın bariz nümunəsidir. Mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, iyul ayında isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri tərəflərin strateji tərəfdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduqlarını göstərir.
Bu gün Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Eyni zamanda, Cənubi Qafqaz regionunda Avropa İttifaqı ilə həyata keçirilən ümumi ticarətin təxminən 70 faizi məhz Azərbaycanın payına düşür. Bu göstəricilər ölkəmizin regionun aparıcı iqtisadi gücü olduğunu bir daha təsdiqləyir.
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas sütunlarından biri enerji təhlükəsizliyi sahəsidir. 2022-ci ildə imzalanmış "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu"ndan sonra Azərbaycanın Avropa bazarına təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqı ölkələrinə yönəldilir və artıq İttifaqa üzv 10 dövlət Azərbaycan qazı ilə təmin olunur.
Bu nəticələr Cənub Qaz Dəhlizi layihəsinin uğurunu bir daha təsdiq edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 3500 kilometrlik vahid boru kəməri sistemi bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin əsas simvollarından biridir. Müasir geosiyasi şəraitdə enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyini nəzərə alsaq, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi rolu daha da artır.
Bununla yanaşı, ölkəmiz beynəlxalq nəqliyyat-logistika layihələrinin də əsas iştirakçılarından biridir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ölkəmizi Avrasiyanın mühüm tranzit mərkəzinə çevirib. Dövlət başçısının vurğuladığı kimi, son illərdə Azərbaycandan keçən yükdaşımaların həcmi bütün istiqamətlər üzrə sürətlə artır və bu artımı nəzərə alaraq dəniz limanlarının, dəmir yolu və digər logistika infrastrukturunun genişləndirilməsi istiqamətində böyük investisiyalar yatırılır.
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni istiqamətlərdən biri də bərpaolunan enerji sahəsidir. Prezident İlham Əliyevin açıqladığı məlumata görə, artıq imzalanmış müqavilələr ölkəmizə yaxın beş-altı il ərzində əlavə 8 giqavat günəş və külək enerjisi istehsal etmək imkanı verəcək. Bu isə Azərbaycanın yaşıl enerji istehsalçısı və ixracatçısı kimi də Avropanın strateji tərəfdaşlarından birinə çevriləcəyini göstərir.
Dövlət başçısı bəyanatında regional təhlükəsizlik məsələlərinə də xüsusi diqqət ayırdı. Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin uğurla davam etdiyini vurğulayan Prezident İlham Əliyev ötən ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamənin və paraflanmış sülh sazişi mətninin bölgədə faktiki olaraq yeni siyasi reallıq yaratdığını bildirdi.
Azərbaycan sülh gündəliyinə sadiqliyini konkret addımlarla nümayiş etdirir. Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmiz öz ərazisi vasitəsilə Ermənistana tranzit yükdaşımaları üzrə bütün məhdudiyyətləri aradan qaldırıb, eyni zamanda Ermənistana yanacaq məhsullarının ixracına başlayıb. Bu addımlar Azərbaycanın sülhə səmimi yanaşmasının və regionda etimad mühitinin formalaşdırılmasına verdiyi töhfənin göstəricisidir.
Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Azərbaycan üçün sülh artıq nəzəri anlayış deyil, real həyatda hiss olunan bir prosesdir. Otuz illik işğaldan sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan bu gün Cənubi Qafqazın uzunmüddətli sabitlik və əməkdaşlıq məkanına çevrilməsi üçün ardıcıl siyasət həyata keçirir. Bu prosesdə Avropa Komissiyasının dəstəyinin də yüksək qiymətləndirilməsi tərəflər arasında siyasi dialoqun daha da güclənəcəyini göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır. Tərəflər arasında ticarət, nəqliyyat, logistika, yaşıl enerji, rəqəmsal transformasiya, regional təhlükəsizlik və sülh gündəliyi üzrə formalaşan geniş əməkdaşlıq platforması strateji tərəfdaşlığın yeni mərhələsini müəyyən edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan həm Avropa üçün etibarlı tərəfdaş, həm də Cənubi Qafqazda sabitliyin, enerji təhlükəsizliyinin və iqtisadi əməkdaşlığın əsas təminatçısı kimi öz mövqeyini daha da möhkəmləndirir. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, milli maraqların qorunmasına, iqtisadi inkişafın sürətlənməsinə və regionda davamlı sülhün təmin olunmasına mühüm töhfə verməyə davam edir.
Müşfiq Məmmədli,
Milli Məclisin deputatı