Vaşinqtonun Pasport Agentliyi ABŞ Prezidenti Donald Trampın portreti və imzasının əks olunduğu məhdud saylı xüsusi pasportların verilməsinə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Amerikanın "The New York Times" qəzeti məlumat yayıb.
Yeni pasportun dizaynı ABŞ-ın müstəqilliyinin 250 illik yubileyinə həsr edilib. Bu sənəd rəqəmsal (onlayn) müraciətlər zamanı verilmir, yalnız Vaşinqtondakı mərkəzi agentliyə şəxsən yaxınlaşıb sənəd təqdim edən vətəndaşlara tiraj bitənədək standart olaraq təqdim olunur. Digər ştatlardakı şöbələr və onlayn xidmətlər isə adi, ənənəvi dizaynlı pasportların verilməsini davam etdirir.
Nəşrin yazdığına görə, rəsmi idarədə yeni pasportu alan bəzi vətəndaşlar üçün sənədin içində prezidentin təsvirini görmək böyük sürpriz olub. Yeni dizayna qarşı Amerika vətəndaşlarının reaksiyası isə birmənalı deyil: bəziləri bu addımı böyük coşqu və rəğbətlə qarşılasa da, digərləri məyusluqlarını gizlətməyiblər.
Prezidentin şəklinin olduğu xüsusi pasportların dövriyyəyə buraxılması ABŞ-ın yubileyinə həsr olunmuş genişmiqyaslı "America250" proqramının tərkib hissəsidir. Bu dövlət təşəbbüsü çərçivəsində Donald Trampın adı və siması digər rəsmi sahələrdə də tətbiq olunur: Milli parklara giriş üçün nəzərdə tutulan rəsmi buraxılış vəsiqələrində Trampın təsviri yerləşdirilir; Yubiley münasibətilə xüsusi xatirə qızıl sikkələri zərb edilir; ABŞ valyutasının yeni çap olunacaq əskinaslarında prezidentin rəsmi imzası əks olunacaq.