08 iyul 2026 13:29
85

"X" sosial şəbəkəsi "iPhone" tətbiqinə daxili videoredaktor əlavə edib

İstifadəçilər artıq "iOS" cihazlarında birbaşa tətbiq daxilində çoxdilli altyazılar hazırlaya və "yaşıl ekran" funksiyasından istifadə edə biləcəklər

"X" (keçmiş "Twitter") sosial şəbəkəsi "iOS" əməliyyat sistemi üçün nəzərdə tutulmuş rəsmi mobil tətbiqinə daxili video çəkiliş və redaktə alətləri əlavə edib.

“İki sahil” xəbər verir ki, yeniliyin istifadəyə verilməsi barədə platformanın məhsul şöbəsinin rəhbəri Nikita Bir rəsmi məlumat yayıb.

Yeni daxili redaktor istifadəçilərə geniş texniki imkanlar yaradır: Çəkilən və ya yüklənən videoroliklərə bir neçə xarici dildə avtomatik altyazılar (subtitrlər) əlavə etmək və onların vizual tərtibatını, dizaynını dəyişmək mümkündür.

İstifadəçilər populyar "yaşıl ekran" funksiyasından yararlanmaq hüququ əldə edirlər. Bu funksiya vasitəsilə videonun arxa fonuna smartfonun yaddaşındakı istənilən şəkilləri və ya birbaşa "X" platformasında dərc olunmuş hər hansı bir paylaşımı yerləşdirmək olar.

Platformaya edilən bu mühüm yeniləmə şəbəkə daxilindəki orijinal və unikal videoların sayını kəskin şəkildə artırmaq məqsədi daşıyır. "X" rəhbərliyi qlobal video bazarında rəqabətə davam gətirmək üçün bundan əvvəl də tətbiqə "video-reaksiya" funksiyasını əlavə etmiş və birbaşa yayımlar (strimlər) həyata keçirən müəlliflər üçün əlavə qazanc proqramı elan etmişdi.

Şirkət rəhbərliyi yaxın həftələrdə sözügedən video redaktorun funksional imkanlarını daha da genişləndirəcəyinə söz verib. Bu yeni alətlər panelinin "Android" platformasındakı tətbiqlərə dəqiq nə vaxt inteqrasiya olunacağı isə hələlik rəsmən açıqlanmayıb.