Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) İcraiyyə Şurası Suriyanın təşkilatdakı səsvermə hüququnu, eləcə də bu ölkənin sözügedən strukturun rəhbər heyətinə seçilmək imkanlarını rəsmən bərpa edib. Təşkilatın yaydığı rəsmi bəyanatda qeyd olunur ki, bu konsensus qərarı Kimyəvi Silahların Qadağan Edilməsi Konvensiyasına (KSQK) üzv olan 67 dövlət tərəfindən yekdilliklə qəbul edilib.
“İki sahil” xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
Rəsmi press-relizdə qərarın səbəbləri belə izah olunur: "Əsəd rejiminin devrilməsindən sonra Suriyanın yeni rəhbərliyi Konvensiya üzrə öhdəlikləri öz üzərinə götürüb və həmin vaxtdan bəri bu məqsədə nail olmaq üçün Texniki Katibliklə sıx əməkdaşlıq çərçivəsində konkret praktiki addımlar atıb".
İcraiyyə Şurası öz iclasında həmçinin üçüncü kateqoriyaya aid kimyəvi silahların məhv edilməsinə nəzarət planını təsdiqləyib. Bununla yanaşı, Əl-Qütayfə və Homs şəhərlərində yerləşən "kimyəvi silah anbarlarının sistematik şəkildə yoxlanılması üçün obyektlərdən istifadə edilməsi barədə" iki mühüm saziş də ratifikasiya olunub.
Suriya təşkilatdakı səsvermə hüququndan hələ 2021-ci ildə məhrum edilmişdi.