10 iyul 2026 14:53
80

Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi açıqlandı

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 9,295 milyard manat təşkil edib.

“İki sahil” xəbər verir ki, b barədə Azərbaycan Dövlət Statistika Komitəsinin dərc etdiyi "2026-cı ilin yanvar–iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri" hesabatında bildirilir.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz çoxdur.

Bununla yanaşı, hesabat dövründə qeyri-neft-qaz sektoruna yatırılan investisiyalar 5,5 faiz azalaraq 6,132 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 65,207 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artıb.

"Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda yaradılmış əlavə dəyər hesabat dövründə 0,7 faiz azalaraq 19,610 milyard manat təşkil edib. Qeyri-neft-qaz sektorunda isə əlavə dəyər 1,5 faiz artaraq 45,596 milyard manata çatıb", – deyə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Komitənin hesabatına əsasən, cari il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4,617 milyard ABŞ dolları təşkil edib.

Qurumun məlumatında bildirilib ki, bu göstərici ötən il iyulun 1-i ilə müqayisədə 7,9 faiz azdır.

Bununla yanaşı qeyd olunur ki, 2026-cı il iyulun 1-nə ölkənin strateji valyuta ehtiyatları 85,769 milyard ABŞ dollarına çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çoxdur.