29 avqust 2026 17:52
108

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

Son illər Azərbaycan-Özbəkistan münasibətləri klassik diplomatik yaxınlıq çərçivəsindən çıxaraq Avrasiyanın geosiyasi məkanında mühüm strateji tərəfdaşlıqlardan birinin təməlini formalaşdırıb.

“İki sahil” xəbər verir ki, bu fikri Türkiyənin “Uludağ” Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru Mehmet Yüce “SABAH” qəzetində dərc olunan məqaləsində ifadə edib.

Bakı ilə Daşkənd arasında dialoqa həsr olunmuş məqalədə qeyd olunur ki, iki ölkə arasındakı əlaqələr tarixi, mədəni və dil baxımından möhkəm təmələ söykənir. “Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanın beynəlxalq əlaqələrinin inkişaf kursu və Prezident İlham Əliyevin Azərbaycanın Türk dünyası ilə əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş siyasəti kəsişərək iki ölkə arasındakı münasibətlərə yeni ölçü qazandırıb”, - deyə məqalənin müəllifi qeyd edir. O vurğulayır ki, Azərbaycan-Özbəkistan münasibətləri ikitərəfli əlaqələr çərçivəsindən xeyli kənara çıxaraq, Xəzər hövzəsi ilə Mərkəzi Asiyanı birləşdirən və Türk Dövlətləri Təşkilatında iqtisadi, nəqliyyat və geostrateji inteqrasiyanı sürətləndirən çoxşaxəli strateji tərəfdaşlığa çevrilib.

M.Yüce xatırladıb ki, Bakı və Daşkənd münasibətlərinin transformasiyasının mühüm göstəricilərindən biri 2024-cü ildə müttəfiqlik münasibətlərinin qurulması və 2025-2029-cu illər üçün Tərəfdaşlıq Yol Xəritəsinin konkretləşdirilməsi olub.

Məqalədə Azərbaycan-Özbəkistan münasibətlərinin iqtisadi seqmentinin fəal şəkildə artmasına diqqət çəkilir: “Bakı və Daşkənd münasibətlərinin hazırkı mərhələsini iqtisadi və geosiyasi inteqrasiyaya yönəlmiş kurs kimi səciyyələndirmək olar. Bank işi, təhsil, enerji infrastrukturu, turizm, dağ-mədən sənayesi və kənd təsərrüfatı kimi sahələrdə yeni layihələrin təşəbbüs edilməsi iki qardaş ölkənin yaxınlaşmasının iqtisadi aspektinin də möhkəmləndiyini göstərir”.

Türk ekspert Bakı və Daşkəndin Orta Dəhlizin inkişafına verdiyi töhfəyə ayrıca diqqət yetirib.

“Azərbaycan-Özbəkistan münasibətlərinin strateji dəyərini artıran ən mühüm amil nəqliyyat və tranzit əlaqələridir. Təxminən 38 milyon əhalisi olan Özbəkistan regionun ən böyük demoqrafik və iqtisadi mərkəzidir. Eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında təbii körpüdür. Bakı və Daşkənd yalnız öz iqtisadi əlaqələrini inkişaf etdirməyə deyil, həm də yeni Avrasiya geoiqtisadi oxunun formalaşdırılması kontekstində birgə addımlar atmağa çalışırlar”, - deyə Türkiyə universitetinin müəllimi bildirib.

Ekspert Zəngəzur dəhlizinin açılmasının Azərbaycan-Özbəkistan münasibətlərinin geosiyasi əhəmiyyətini artıracağı fikrini ifadə edib: “Zəngəzur dəhlizi Azərbaycan prizmasından təkcə Orta Dəhlizin inkişafına töhfə deyil, həm də Şimal-Cənub sistemində strateji marşrut olacaq. Özbəkistan üçün Zəngəzur dəhlizi nəqliyyat xərclərini azaldan və Avropa bazarlarına tədarük marşrutlarının şaxələndirilməsinə töhfə verən birləşdirici halqaya çevriləcək”.

Sonda ekspert Bakı və Daşkəndin yaxınlaşmasının Türkiyənin və Türk dünyasının maraqları baxımından əhəmiyyətini təhlil edib.

“Ankaranın nöqteyi-nəzərindən Azərbaycan və Özbəkistanın yaxınlaşması Türkiyənin Özbəkistanla birbaşa münasibətlərini tamamlayan “üçbucaqlı” geoiqtisadi format formalaşdırır. Beləliklə, Bakı və Daşkənd münasibətləri yalnız iki ölkə üçün deyil, həm də Avrasiyanın Türk dünyasına yönəlmiş yeni geoiqtisadi arxitekturası üçün əhəmiyyət kəsb edir”, - deyə o fikrini yekunlaşdırıb.