31 avqust 2026 20:52
144

MEDİA Böyük Britaniyanın bəzi media qurumlarını peşə prinsiplərinə sadiq qalmağa çağırıb

Son günlər Böyük Britaniyanın “The Independent” və “The Guardian” qəzetlərində, habelə “BBC” yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında qeyd olunur.

Agentlik bildirir ki, aşkar birtərəfli yanaşma və mülahizələrə əsaslanan bu yazılar ölkəmizin beynəlxalq imicini hədəf alan məqsədli informasiya kampaniyasının tərkib hissəsi təəssüratı yaradır.

Məqalə müəllifləri mövzunu balanslı və obyektiv araşdırmaq, eləcə də qarşı tərəfin rəsmi münasibətini öyrənmək üçün hər hansı addım atmayıb, sadəcə öz subyektiv mülahizələrinə əsaslanan tezisləri ictimaiyyətə təqdim etməyə üstünlük veriblər. Bu isə sözügedən materialların müəyyən lobbi dairələrinin maraqlarından irəli gələn siyasi sifariş xarakteri daşıdığına dair ciddi şübhələr yaradır və dərin təəssüf doğurur.

Ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, habelə beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların aidiyyəti üzrə araşdırılması və zəruri addımların atılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

“Bir daha adıçəkilən media qurumlarını (“The Independent”, “The Guardian” və “BBC”) bəyan etdikləri peşə prinsiplərinə sadiq qalmağa, Azərbaycan haqqında birtərəfli, qərəzli və həqiqətə uyğun olmayan materialların dərcindən çəkinməyə, eləcə də jurnalist etikasına uyğun olaraq tərəfsiz informasiya təminatını bərpa etməyə dəvət edirik”, - deyə bəyanatda vurğulanıb.