01 sentyabr 2026 11:59
93

BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq

Bakı Dövlət Universiteti (BDU) və Çin Xalq Respublikasının Pekin Kimya Texnologiyası Universiteti (PKTU) arasında “Kimya” ixtisası üzrə bakalavriat səviyyəsində bu il aprelin 21-də imzalanmış ikili diplom proqramının icrasına başlanılıb. 

BDU-nun Kimya fakültəsinin “Kimya” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələri Nazlı Məmmədova, Orxan Qasımzadə, Züleyxa Abbasova və Aysel Həmidova ikili diplom proqramı çərçivəsində təhsillərini davam etdirmək üçün PKTU-ya yola salınıblar. 

İkili diplom proqramının həyata keçirilməsi ali təhsilin məzmununun təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, tələbələrin beynəlxalq təcrübəsinin artırılması və müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Proqramı uğurla başa vuran tələbələrə hər iki universitetin diplomu veriləcək.

Proqram həmçinin BDU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsinə, xarici tərəfdaş universitetlərlə əməkdaşlığın inkişaf etdirilməsinə və tələbələr üçün yeni akademik imkanların yaradılmasına xidmət edir.