FIFA-nın “Football For Schools” proqramı çərçivəsində hazırlanmış mobil tətbiq artıq Azərbaycan dilində də istifadəyə verilib.
Tətbiq futbol texnikalarının öyrədilməsi ilə yanaşı, uşaqların komanda işi, əməkdaşlıq, ünsiyyət, hörmət, intizam və digər həyat bacarıqlarının inkişafına yönəlmiş məşğələləri özündə birləşdirir. Bu baxımdan platforma fiziki tərbiyə müəllimləri, futbol məşqçiləri və uşaqlarla çalışan digər mütəxəssislər üçün praktiki resurs rolunu oynayır. Tətbiqin Azərbaycan dilində istifadəsinin təmin edilməsi ilə bağlı bir müddət əvvəl AFFA tərəfindən FIFA-ya müraciət olunub. Sorğu qısa müddətdə müsbət qarşılanıb və platformanın Azərbaycan dilində istifadəsi təmin edilib. “FIFA Football For Schools” tətbiqində müxtəlif yaş qrupları üçün hazırlanmış strukturlaşdırılmış dərs və məşğələlər, futbol məşqləri və oyunları əyani şəkildə təqdim edən təlim videoları, həmçinin məşğələləri əvvəlcədən cihaza yükləyərək internet bağlantısı olmadan istifadə imkanı mövcuddur.
İstifadəçilər, eyni zamanda, seçdikləri məşğələləri yadda saxlayaraq ehtiyaclarına uyğun fərdi proqramlar formalaşdıra bilərlər.
Platforma ümumilikdə 39 fərqli dili, o cümlədən Azərbaycan dilini dəstəkləyir. Mobil tətbiqin endirmə linkləri:
IOS əməliyyat sistemli mobil cihazlar üçün: https://bit.ly/FFS-IOS
Android əməliyyat sistemli mobil cihazlar üçün: https://bit.ly/FFS-Android
Ümumi məlumat üçün linkə keçid edə bilərsiniz: “FIFA Football For Schools”
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib