Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Qax Rayon İcraHakimiyyətinin təşkilatçılığı ilə Qax rayonunda Region Gənclərinin Məşğulluq Forumu keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov, işəgötürənlər və digər rəsmi qonaqlar iştirak edib.
Tədbirin məqsədi region gənclərini müasir və gələcəyin tələblərinə cavab verən peşələrlə tanış etmək, eləcə də onların fərdi istedad və bacarıqlarını müəyyənləşdirərək inkişaf istiqamətlərini göstərməkdir.
Tədbirdə çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib ki, gənclərin məşğulluğunun təmin edilməsi, onların əmək bazarının tələblərinə uyğun bacarıqlar əldə etməsi və düzgün karyera seçiminə dəstək göstərilməsi Agentliyin fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə müxtəlif layihələr həyata keçirilir, məşğulluq tədbirlərinin icrasında gənclərə üstünlük verilir.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, region gənclərinin məşğulluğunun artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, qeyd edib ki, gənclərin düzgün peşə seçimi etmələri, öz potensiallarını reallaşdırmaları üçün bu kimi platformalar mühüm əhəmiyyət daşıyır.
Forum çərçivəsində gənclər üçün əmək yarmarkası təşkil olunub, müasir peşələrlə bağlı tanıtım stendləri qurulub, eləcə də region gənclərinin uğur hekayələrini əks etdirən sərgi təqdim edilib. Qonaqlar stendləri gəzərək vakansiyalarla tanış olublar, işəgötürənlər tərəfindən iş yerlərinə dair məlumatlar verilib. Əmək yarmarkasında 24 işəgötürən iştirak edib və 130-dan çox vakansiya təqdim edilib.
Forum “Gələcəyin iş yerləri və müasir peşələr: Dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi ilə davam etdirilib. Paneldə Hasil Abbasov “Əmək və məşğulluq siyasəti və gənclərin əmək bazarına keçidi”, Elvin Paşayev “Qaxda insan kapitalının inkişafı və regional məşğulluq imkanları”, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru Raqif Qasımov “Bacarıq əsaslı kadr hazırlığı”, “Ulu Agro” MMC-nin direktoru Vüqar Xəlilov “Əmək bazarında işəgötürən perspektivi” mövzularında çıxış ediblər.
Panel müzakirəsində spikerlər tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənib.
Tədbir çərçivəsində həmçinin Qax rayonunun gənclərinin iştirakı ilə bədii hissə təşkil olunub. Proqram çərçivəsində gənclər tərəfindən müxtəlif rəqs və musiqi nümunələri təqdim edilib.
Dezinformasiyadan hibrid informasiya kampaniyasına: Azərbaycana qarşı formalaşan yeni media cəbhəsi
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medallar və vəsiqələr təqdim olunub