Son günlər Azərbaycana qarşı bəzi Qərb media resurslarında yayılan materiallar informasiya məkanında yeni tendensiyanın formalaşdığını göstərir. Ayrı-ayrı hadisələrin qərəzli təqdimatı, faktların siyasi kontekstdə seçilməsi və eyni narrativlərin müxtəlif platformalarda təkrarlanması bunun təsadüfi xarakter daşımadığı barədə suallar yaradır.
Azərbaycan Medianın İnkişafı Agentliyinin son bəyanatında da Polşada fəaliyyət göstərən “Nexta” kanalının Goranboy hadisəsi ilə bağlı məlumatının subyektiv və siyasi kontekstdə təqdim edilməsi diqqətə çatdırılıb. Məsələ yalnız bir media resursunun mövqeyi deyil, oxşar yanaşmaların müxtəlif ölkələrin media platformalarında təkrarlanmasıdır.
Son dövrdə Britaniya, Fransa və Polşa mediasında Azərbaycanla bağlı faktoloji baxımdan mübahisəli, siyasi çalarları önə çıxaran materialların artması müşahidə olunur. Bu isə müasir hibrid müharibənin əsas alətlərindən biri olan informasiya təsirinin mümkün elementləri barədə düşünməyə əsas verir.
Belə kampaniyaların məqsədi ictimai rəydə etimadsızlıq yaratmaq, dövlət institutlarına inamı zəiflətmək, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq və regiondakı siyasi proseslərə təsir göstərmək ola bilər. Xüsusilə Cənubi Qafqazda sülh və normallaşma proseslərinin getdiyi bir vaxtda informasiya müstəvisində gərginliyin yaradılması xüsusi əhəmiyyət daşıyır. Çünki davamlı sülh yalnız siyasi razılaşmalardan deyil, cəmiyyətlər arasında etimaddan da asılıdır.
Azərbaycanla bağlı Qərb mediasının yanaşmasında diqqət çəkən əsas məsələlərdən biri isə ikili standartlardır. Azərbaycanda ən kiçik sosial və ya məişət probleminin belə sürətlə siyasiləşdirilməsi ilə müqayisədə Ermənistanda baş verən bir sıra ciddi siyasi və hüquqi proseslərə eyni həssaslığın göstərilməməsi suallar doğurur.
Ermənistanda Robert Koçaryan və Serj Sarkisyanın hakimiyyəti dövründə siyasi rəqiblərə təzyiqlər, həbslər, jurnalistlərin fəaliyyəti ilə bağlı mübahisələr və son dövrlərdə dini nümayəndələrə qarşı sərt tədbirlər Qərb mediasında Azərbaycanla bağlı mövzular qədər davamlı və geniş gündəm yaradıbmı? Bu sual demokratik standartların universallığı məsələsini də gündəmə gətirir.
Gürcüstanda siyasi proseslərə və seçkilərlə bağlı iddialara Qərb siyasi dairələri və media qurumları tərəfindən göstərilən geniş diqqətlə müqayisədə Azərbaycanla bağlı yanaşmanın fərqli olması da diqqət çəkir. Burada daxili siyasi və sosial məsələlərin belə tez-tez geosiyasi kontekstdə təqdim edilməsi müşahidə olunur.
Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasət yürüdür. Dezinformasiya, manipulyativ başlıqlar və koordinasiyalı informasiya kampaniyaları müəyyən müddət ictimai gündəmə təsir göstərə bilər, lakin ölkənin strateji kursunu dəyişdirmək gücündə deyil.
Əksinə, belə informasiya hücumları cəmiyyətdə media savadlılığına və xarici informasiya mənbələrinə daha tənqidi yanaşmaya ehtiyacı artırır.
Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi Azərbaycanın əsas xarici siyasət istiqamətlərindəndir. Regional əməkdaşlığın və normallaşma prosesinin güclənməsi qarşıdurmadan siyasi dividend əldə edən qüvvələrin imkanlarını məhdudlaşdıra bilər. Bu baxımdan informasiya kampaniyalarının cəmiyyətlər arasında inamsızlıq yaratmaq və sülh prosesinin ictimai dayaqlarını zəiflətmək məqsədi daşıması ehtimalı da nəzərdən keçirilməlidir.
Əgər demokratik dəyərlər həqiqətən universal prinsiplərdirsə, onlar geosiyasi maraqlardan və siyasi simpatiyalardan asılı olmamalıdır. Azərbaycan bu cür yanaşmaları uzun müddətdir müşahidə edir və öz siyasi kursunu milli maraqlar əsasında müəyyənləşdirir.
Heç bir dezinformasiya kampaniyası və informasiya hücumu Azərbaycanın müstəqil siyasətini dəyişdirmək gücündə deyil. Ölkənin regional sülh, sabitlik və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində siyasəti davam edəcək. İnformasiya təzyiqləri bu prosesi ləngitməyə cəhd göstərə bilər, lakin regional reallıqları və Azərbaycanın siyasi iradəsini dəyişə bilməz.
Anar Tağıyev,
NUHÇIXAN