22 oktyabr 2026 10:47
91

"The Independent"in jurnalistinə Trampın səfərini işıqlandırmaq qadağan edilib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Britaniyanın "The Independent" qəzetinin jurnalistini işgüzar səfər zamanı mətbuat komandasından kənarlaşdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, bir gün əvvəl "The Independent" qəzetinin jurnalisti Ağ Evdən Trampın Ayova ştatına səfərinin işıqlandırılmasından kənarlaşdırıldığı barədə bildiriş alıb. Qəzet qeyd edir ki, bu hal hakimiyyət orqanlarının "mətbuatda özlərinə yararsız materiallara qarşı çıxmaq üçün yeni cəhdidir".

Bundan əlavə, həftənin əvvəlində Ağ Ev "Politico" qəzetinin baş redaktoru Conatan Qrinbergerə məktub göndərərək, Ağ Ev aparatının rəhbəri Süzan Uaylsın adının çəkildiyi "böhtan xarakterli məqalələr"in redaktə olunmasını tələb edib. Əks halda "fəsadların yaranacağı", Oval kabinetə, prezident təyyarəsinin göyərtəsinə və digər mühafizə olunan obyektlərə giriş imkanının itiriləcəyi ilə hədələyiblər. Cavab olaraq qəzet ittihamların bir hissəsini təkzib etsə də, məqalələrin birində dəqiqləşdirilməmiş məlumatların olduğunu etiraf edib və materiala redaktə düzəlişi edib.