Bu bir danılmaz faktdır ki, dövlət həm də vətəndaş cəmiyyəti institutları ilə güclü olur. Bir şərtlə ki, dövlət həmin insitutların fəaliyyətinə şərait yaratsın, onların inkişaf etdirilməsində maraqlı olsun. Bu istiqamətdə Azərbaycanda vəziyyətin qaneedici olduğunu, vətəndaş cəmiyyəti institutlarının aktiv fəaliyyət göstərməsi məqsədilə hər cür şəraitin yaradıldığını əminliklə söyləmək olar. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması, ayrı-ayrı vətəndaş cəmiyyəti institutlarının layihələrinin maliyyələşdirilməsi, QHT-lərin beynəlxalq aləmə çıxışının təmin edilməsi məqsədilə onların dəstəyin göstərilməsi və s. bu kimi addımlar Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının tam formalaşmasına, ölkədə söz sahibinə çevrilməsinə imkan yaradıb.

Yaxın 10-15 ilə qədər yalnız ölkədaxili səviyyədə fəaliyyət göstərən, heç bir beynəlxalq çıxışı olmayan QHT-lər indi dünyanın müxtəlif ölkələrində layihələr həyata keçirir, tədbir təşkil edir, hətta beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilatçısı, tərəfdaşı qismində çıxış edirlər. Ən son COP29 və WUF13 tədbirləri çərçivəsində bunu aydın şəkildə gördük. Ötən illər ərzində qazanılan nailiyyətlər, əldə edilən uğurlar sevindirici olsa da, lakin mövcud nəticələrlə kifayətlənmək də doğru olmazdı. Dəyişən, inkişaf edən, yeni texnologiyalar, süni intellektin geniş yayıldığı bir ərəfədə QHT-lərin də öz fəaliyyətlərini günün tələblərinə uyğun qurması, yeniliklərlə tanış olub, həmin yenilikləri gündəlik həyatlarında tətbiq etmələri günün tələbinə çevrilib. Bu baxımdan QHT Agentliyinin müntəzəm olaraq təşkil etdiyi Əməkdaşlıq Forumları xüsusi əhəmiyyət daşıyır.

Məlumat üçün qeyd edək ki, QHT Agentliyinin təşkilatçılığı ilə indiyə qədər Bakı, Zəngilan, Xankəndi və Gəncə olmaqla 4 Əməkdaşlıq Forumu keçirilib. Hər bir forum Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinin gücləndirilməsi və dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. 2026-cı il noyabrın 5–6-da Gəncə şəhərində keçirilən Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu da bu qəbildən idi. Öncəliklə onu qeyd etmək lazımdır ki, hər bir forum kimi Gəncədə keçirilən IV Əməkdaşlıq Forumu da maraqlı müzakirələr, günümüz üçün aktual məsələlər ətrafında fikir mübadiləsinin aparılması ilə yadda qaldı.
QHT-lərin Əməkdaşlıq Forumlarının keçirilməsi vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsi baxımından bir neçə istiqamət üzrə əhəmiyyətlidir.

Birinicisi, belə forumların arealı, əhatə dairəsi bütün ölkə ərazisini əhatə etdiyindən və regional QHT-lərin də həmin forumlarda iştirak etmək hüququ olduğundan, bu, ümumilikdə vətəndaş cəmiyyəti institutlarının bir-birinə yaxınlaşması, əməkdaşlıq əlaqələri qurması, gələcəkdə birgə layihələr həyata keçirə bilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə də təşkilatlar arasında təcrübə mübadiləsinin aparılması, yeni təşəbbüslərin irəli sürülməsi üçün Əməkdaşlıq Forumu əlverişli platforma rolunu oynayır.
İkincisi, belə forumlar dövlət–vətəndaş cəmiyyəti münasibətlərinin inkişaf etdirilməsində mühüm vasitə rolunu oynayır. Forumlarda mərkəzi və yerli icra hakimiyyəti orqanları, qanunverici orqan təmsilçiləri, eləcə də digər dövlət nümayəndələri iştirak edir ki, bu da QHT-lərin dövlət qurumlarına əlçatanlığını təmin etmiş olur.
Üçüncüsü, müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilatların vahid platformada birləşməsidir. Bu, təşkilatlar arasında əlaqələrin möhkəmlənməsinə kömək etməklə yanaşı, həm də qarşılıqlı etimadın artmasına və birgə fəaliyyət imkanlarının genişlənməsinə şərait yaradır.

Ümumiyyətlə, bu cür forumlar imkan verir ki, həm Azərbaycanın vətəndaş cəmiyyətinin keçdiyi inkişaf yolu təhlil olunsun, həm indiyə qədər əldə olunmuş nəticələr qiymətləndirilsin, həm də qarşıdakı dövr üçün yeni hədəflər müəyyənləşdirilsin. Qarşıdakı dövr üçün hədəflər artıq məlumdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdiri Tural Əliyev və QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyevanın dediyi kimi qarşıdakı hədəflər mili və dövlətçilik maraqlarının ön planda olması, ideoloji təxribatlara qarşı effektiv mübarizə, daha çox gəncləri əhatə edən təşəbbüslərin həyata keçirilməsindən ibarətdir. Günümüzün texnika, texnologiya, sosial şəbəkə üzərində qurulduğunu nəzərə alaraq təbii ki, bu seqmentlərdə də QHT-lərin daha aktiv olması başlıca şərtdir. Bir sözlə, müasir QHT yalnız sosial layihələr həyata keçirən təşkilat funksiyasından çıxıb, eyni zamanda, informasiya məkanında fəal iştirak edən, ictimai rəyin formalaşmasına töhfə verən və rəqəmsal imkanlardan səmərəli istifadə etməyi bacaran instituta çevrilməlidir.

Süleyman İsmayılbəyli,
“Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədri, Əməkdar jurnalist