24 noyabr 2026 11:33
113

İstehlak bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə növbəti maarifləndirici görüş keçirilib

Tədbirdə istehlakçı hüquqlarının qorunması və reklam qanunvericiliyi ilə bağlı hüquqi normalar izah edilib, istehlakçı etimadının qazanılması və müştəri məmnuniyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçı hüquqlarının müdafiəsi sahəsində sahibkarlıq subyektlərinin maarifləndirilməsi tədbirlərini davam etdirir.  Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən növbəti görüş ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən 200-dən yuxarı sahibkarlıq subyekti nümayəndəsinin iştirakı ilə baş tutub.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Agentliyin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov, İstehlak bazarına nəzarət şöbəsinin müdir müavini Azad Məmmədov, eləcə də Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin sektor müdiri Röyal Rəhimov çıxış ediblər.

Çıxışlar zamanı istehlakçı məmnunluğunun artırılmasının sahibkarların fəaliyyəti və biznes mühitinin inkişafına müsbət təsirləri vurğulanıb. Ölkədə istehlakçı mənafelərinin qorunmasında hüquqi çərçivə və bu sahədə qəbul edilmiş normativ-hüquqi aktların əhəmiyyəti diqqətə çatdırılıb.

Bundan əlavə, istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarına nəzarət və reklam qanunvericiliyinə riayət olunması istiqamətində həyata keçirilən tədbirlər üzrə təqdimatlar dinlənilib.

Təqdimatlar çərçivəsində istehlakçı müraciətlərinin araşdırılması və emalı mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin reklamlar vasitəsilə istehlakçıların aldadılması, məhsul və xidmətlərin xüsusiyyətləri, qiyməti və təklif olunan güzəştlərə dair yanlış və çaşdırıcı məlumatların verilməsi hallarının yolverilməzliyi qeyd olunub.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, praktiki nümunələr üzərindən izahlar verilib.