Müzakirəyə təqdim olunan Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş Azərbaycanın enerji strategiyasının davamlılığı və ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Abşeron yatağı üzrə ilkin Hasilatın Pay Bölgüsü Sazişi 2009-cu ildə imzalanmış və Saziş əsasında yataqda kəşfiyyat işləri aparılmışdır. Kəşfiyyat işləri uğurla nəticələndikdən sonra Abşeron yatağı üzrə işlənmə və hasilat proqramı 2017-ci ildə qəbul edilmiş, yataqdan ilkin hasilat sxemi üzrə bir quyu 3 iyul 2023-cü il tarixində hasilata başlamışdır. Məlumat üçün qeyd edim ki, həmin quyudan illik qaz hasilatı 1.5 milyard kub metr təşkil edir. Hazırda layihədə SOCAR Absheron, Fransanın TotalEnergies və Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkətinin XRG strukturu podratçı tərəflər kimi iştirak edir.
Bu fikirləri Milli Məclisin növbəti plenar iclasında çıxışı zamanı parlamentin Təbii ehtiyatla, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
O, qeyd edib ki, Abşeron yatağının resurslarının maksimal işlənməsini təmin etmək və qaz istehsalını artırmaq üçün Abşeron yatağının Tammiqyaslı İşlənmə Layihəsi üzrə Yekun İnvestisiya Qərarı 25 sentyabr 2026-cı il tarixində qəbul edilmişdir. Həmin Qərar çərçivəsində çoxsaylı kommersiya müqavilələri, o cümlədən 26 sentyabr 2026-cı il tarixində SOCAR və podratçı tərəflər arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Hasilatın Pay Bölgüsü Sazişi imzalanmışdır. Dəyişikliklərin əsas mahiyyəti işlənmə və hasilat müddətinin 30 ildən 40 ilədək uzadılmasıdır. Bu qərar yeni quyuların, xüsusilə dördüncü quyunun layihəyə daxil edilməsi və əlavə investisiyaların iqtisadi səmərəliliyinin təmin olunması ilə əlaqədardır. Gözləntilərə görə, yatağın tammiqyaslı işlənməsi nəticəsində ümumi qaz hasilatı illik 6 milyard kubmetrə çatdırılacaq və ilk qazın 2029-cu ildə əldə olunması planlaşdırılır.
Komitə sədri bildirib ki, hasil olunacaq qaz həcmləri həm yerli tələbatın təmin edilməsində, həm də Azərbaycandan qaz ixracı həcmlərinin saxlanması və artırılmasında mühüm rol oynayacaqdır: “Burada diqqət çəkən əsas məqam Azərbaycanın mövcud enerji potensialının yeni investisiyalar və müasir texnologiyalar hesabına genişləndirilməsidir. Layihə eləcə də investorların Azərbaycanın neft-qaz sektoruna inamının və Hasilatın Pay Bölgüsü Sazişinin təmin etdiyi stabil investisiya rejiminə etibarının göstəricisidir. Abşeronun tammiqyaslı işlənməsinə yatırılacaq milyardlarla dollar investisiya son illərdə sektordakı ən böyük investisiya layihəsi olmaqla yerli iqtisadi fəaliyyətin artımına da töhfə verəcəkdir”.
Sadiq Qurbanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycanın etibarlı enerji təchizatçısı kimi beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, xüsusilə Avropanın enerji təhlükəsizliyinə töhfəsinin artırılmasıdır. Rəqəmlər də bu siyasətin nəticələrini aydın göstərir. 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilmiş, 25,2 milyard kubmetr qaz satılmışdır. Bunun 12,8 milyard kubmetri Avropa bazarlarına ixrac olunmuşdur. Beləliklə, ümumi qaz satışının yarıdan çoxu Avropanın payına düşmüşdür. Eyni ildə həmçinin Türkiyəyə qaz ixracı təxminən 9.6 milyard kubmetr təşkil etmişdir. Prezident İlham Əliyev 2026-cı il noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısında çıxışı zamanı Azərbaycanın Avropa İttifaqına qaz təchizatını 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdırdığını bildirmişdir. Hazırda ölkəmiz Avropa İttifaqının 10 üzv dövlətini qazla təmin edir. Dövlətimizin başçısının vurğuladığı kimi, mövcud boru kəmərlərinin ötürmə imkanları artıq yüksək həddə çatıb və təchizatın artırılması üçün infrastrukturun genişləndirilməsi vacibdir. Məhz bu kontekstdə Abşeron yatağının tammiqyaslı işlənməsi xüsusi əhəmiyyət qazanır.
Komitə sədri vurğulayıb ki, bu layihə Azərbaycanın həm daxili qaz tələbatının ödənilməsinə, həm də beynəlxalq bazarlara, o cümlədən Türkiyəyə və potensial olaraq Avropaya əlavə qaz təchizatı imkanlarının formalaşmasına xidmət edəcək. Sazişdə hasil olunan qaz və kondensatın nəqli üçün zəruri infrastrukturun yaradılması, bu məqsədlə çəkilən xərclərin müqavilə şərtlərinə uyğun olaraq neft-qaz əməliyyatları məsrəflərinə aid edilməsi də nəzərdə tutulur. Bu, hasilatla yanaşı, resursların istehlakçılara çatdırılması zəncirinin də kompleks şəkildə inkişafını təmin edir. Belə ki, layihədən hasil olunacaq qaz həcmlərinin daşınması üçün həm daxili qaz infrastruktur şəbəkəsinə (Səngəçal Baş Qurğularında), həm qaz ixrac infrastrukturuna (Cənubi Qafqaz Boru Kəmərinə) qoşulması, kondensatın emalı üçün isə Səngəçl Terminalına qoşulması gözlənilir. Digər tərəfdən, Azərbaycanın enerji siyasəti ənənəvi enerji resurslarının inkişafı ilə bərpaolunan enerji imkanlarının genişləndirilməsini paralel şəkildə nəzərdə tutur. Bu yanaşma ölkəmizin gələcəkdə Avropaya həm təbii qaz, həm də yaşıl enerji ixrac edən mühüm tərəfdaş kimi mövqeyini gücləndirə bilər.
Onun sözlərinə görə, Abşeron Sazişinin əhəmiyyətini yalnız əlavə qaz hasilatı ilə məhdudlaşdırmaq olmaz. Bu sənəd yeni investisiyaların cəlb edilməsi, yatağın uzunmüddətli potensialının reallaşdırılması və Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır: “Mən hesab edirəm ki, Saziş Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasətinin məqsədlərinə, Azərbaycanın milli maraqlarına və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində üzərinə götürdüyü öhdəliklərə uyğundur”.
İstehlak bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə növbəti maarifləndirici görüş keçirilib
Azərbaycanda bank sektorunun kredit portfeli 31,8 milyard manata çatıb - Vüsal Qasımlı
Azərbaycan 2027–2030-cu illərdə rəqəmsal maliyyə mərkəzinə çevrilməyi hədəfləyir