24 noyabr 2026 11:58
89

BDU-nun rektoru bilik yarışında III yeri tutan komandanın üzvləri ilə görüşüb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında III yerə layiq görülən BDU komandasının üzvləri ilə görüş keçirib.

Görüşdə tələbələrin yalnız keyfiyyətli təhsil almaqla kifayətlənməyərək, elmi tədqiqatlara maraq göstərməsi və intellektual müsabiqələrdə fəal iştirak etməsinin əhəmiyyəti vurğulanıb. Rektor Məleykə Abbaszadə bu cür təşəbbüslərin gənclərin intellektual inkişafına, dünyagörüşünün genişlənməsinə və biliklərinin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.

Rektor tələbələrin Azərbaycan dilini, eləcə də xarici dillərdən birini mükəmməl bilməsinin vacibliyinə diqqət çəkib. O, gənclərin xarici dillərə marağının artırılması ilə bağlı irəli sürülən təkliflərin nəzərdən keçiriləcəyini bildirib.

Məleykə Abbaszadə tələbələrlə kommunikasiyanın daha da gücləndiriləcəyini, onların təşəbbüslərinə hər zaman açıq olduğunu diqqətə çatdırıb. O, həmçinin universitetin gənclər təşkilatlarının fəaliyyəti ilə maraqlanıb.

Görüş zamanı bilik yarışında qalib olmuş komandanın üzvlərinin təklifləri də dinlənilib.

Sonda tələbələrə hədiyyələr təqdim olunub.