02 mart 2017 14:19
19146

Müxtəlif xalqlarda ad günləri necə qeyd edilir?

Praktiki olaraq bütün millətlərə və xalqlara xas olan universal adət və ənənələr çox azdır. Bunlardan biri də hər il ad günlərinin qeyd edilməsidir. Lakin ad günlərinin qeyd edilməsi ənənələri də müxtəlif ölkələrdə fərqlidir. Aşağıda bəzi maraqlı ad günü ənənələri haqqında məlumat əldə edə bilərsiniz:

Çin

Çinlilərin ənənəvi ad günü süfrəsində mütləq uzun əriştə olur. Bu yemək uzunömürlülüyü simvolizə edir. Ad gününü qeyd edən şəxs həmin əriştələri maksimum şəkildə uzun müddət ərzində çeynəməlidir.

Koreya

Bu ölkədə isə içərisi düyülü kətələrin ad günü süfrəsində olması mütləqdir. Belə bir inanc var ki, həmin kətələrdən nə qədər çox adam dadsa, ad günü olan şəxs bir o qədər çox yaşayacaq.

Nepal

Nepalda səbəbkarın alnına uğuru simvolizə edən xüsusi yoqurt sürtürlər. Həmin yoqurt süddən hazırlanır.

Vyetnam

Vyetnamda hər il ad günü insanların doğum günlərində qeyd edilmir. Bu ölkədə “Yeni yaşlar günü” sayılan bir bayram mövcuddur ki, hər kəsin ad günü həmin gün qeyd edilir.

Litva

Litvada ad günü sahibi üçün xüsusi, parlaq rənglənmiş stul hazırlanır, qonaqlar həmin stulla birgə səbəbkarı havaya atıb tuturlar.

Danimarka

Danimarkada isə uşaqların yaşı tamam olan gün balkonların pəncərələrindən bayraq asılır, beləcə hamıya bəlli olur ki, bayraq asılmış evin uşağının həmin gün doğum günüdür.

Hollandiya

Hollandiyada məktəb müəllimləri ad günü olan şagirdə kağızdan rəngli şlyapa hazırlayırlar. Ad günü olan uşaq isə öz yoldaşlarını müxtəlif şirniyyatlara qonaq edir. 5, 10, 20, 21 yaş orada xüsusi təmtəraqla qeyd edilir.

Kuba

Kubada ad günləri çox səs-küylü və sevincli olur. Çoxlu qonaqlar dəvət edilir, zəngin süfrə hazırlanır, hər kəs bayram libası geyinir, rəqslər edilir.

Yaponiya

Yaponiyada da ad günlərini hər il keçirmək kimi bir adət yoxdur. Orada uşaqların 3, 5 və 7 yaşları bayram şəklində qeyd edilir.

Bu bayram “Siti-Qo-San” adlandırılır. Uşaqlara həmin gün yeni geyimlər geyindirirlər və bayramın ardından mütləq məbədlərə ziyarətə gedirlər. Uşaqlara hədiyyələri isə adətə görə, yalnız yaşlı insanlar, 60, 70, 79, 88 və 99 yaşında olan insanlar gətirə bilər.

Kanada

Kanadada ad günü olan şəxsin burnunu “yağlamaq” kimi bir komik adət mövcuddur. Belə etməklə doğum günü olan adamın üzərindən mənfi ruhları qovduqlarını düşünürlər.

Nubar Süleymanova, “İki sahil”