Bu dənli bitki həqiqətən var və qədim Çində qadağan olunmuş düyü adlandırılırdı. Buna səbəb qədimdə düyünün bu növündən ancaq Çin hökmdarları və imperatorlarının qidalarında istifadə edilməsi olub. Bu düyü növü yalnız o dövrdə imperatorların süfrəsini bəzəyirmiş və buna görə də əlçatmaz qida növü hesab olunurdu. İndi isə siz heç bir icazə almadan öz qidanızda qara düyüdən istifadə edə bilərsiniz. Ağ düyü qidalanmada çox istifadə olunsa da vitaminlə o qədər də zəngin deyil.
Qəhvəyi düyü ağ düyü ilə müqayisədə liflərlə zəngindir. Bəs qara düyü necə? Görəsən hansı səbəbdən o dövrdə qara düyü bu qədər əlçatmaz hesab olunurdu? Onun faydası nədir?
Qara düyünün faydaları ilə tanış olaq:
Antioksidantla zəngindir
Əgər haradasa qara düyü qəhvəyi və ağ düyü ilə müqayisədə daha üstün hesab edilirsə buna səbəb qara düyünün antioksidantla zəngin olmasıdır. Aparılan araşdırmalar göstərir ki , düyünün 12 növü arasında aparılan sınaq zamanı qara düyünün digər növlərlə müqayisədə 6 dəfə daha çox antioksidantla zəngin olduğu aşkara çıxarılıb.
İltihabla mübarizə aparır
İltihab sağlam bədənin xaricdən gələn bakteriya və viruslara qarşı reaksiyasıdır. Bəzən bu reaksiya pis nəticə verir və iltihab artır və kəskinləşir.
Cənubi Koreyanın Suwon Universitetindən olan tədqiqatçılar heyvanlar üzərində apardıqları sınaq zamanı dəri iltihabı ilə mübarizədə qəhvəyi və qara düyüdən istifadə ediblər. Sınaq zamanı dəri iltihabı ilə mübarizədə qara düyünün effektiv təsiri özünü göstərdi. Bu sınaq hətta gələcəkdə tədqiqatçılara qara düyünün xroniki iltihablı xəstələrin müalicəsində istifadə etmək üçün terapevtik vasitə ola biləcəyini göstərdi. Beynəlxalq “İmmunofarmakologiya" jurnalında nəşr olunan məqalədə qara düyünün tərkibinin C3G maddəsi ilə zənginliyi və bədənin iltihabını azaltmaqda son dərəcə təsirli olduğu qeyd edilib.
Düzgün çəki
Qara düyü artıq çəki ilə mübarizə aparır və insanı normal çəkidə saxlayır. Hazırda marketlərdə bu cür vəd verən çoxlu qidalar satılır. Görəsən həqiqətənmi qara düyü artıq çəki ilə mübarizə aparır?
2008-ci ildə Koreyanın Hanyanq Universitetinin Qida və qidalanma şöbəsinin 6 həftə ərzində 2 qrupa bölməklə artıq çəkili orta yaşlı 40 qadın arasında apardığı tədqiqat zamanı qidalanmasında qara düyüdən istifadə edən qadınların çəkisində azalma müşahidə olunub.
Ürək xəstəlikləri
Centers for Disease Control and Prevention təşkilatının araşdırmasına görə, Birləşmiş Ştatlarda qadınlar və kişilər arasında yaranan ürək xəstəlikləri ən çox ölümlə nəticələnən xəstəliklər sırasındadır. Hər 4 ölüm hadisəsindən birinə ürək xəstəliyi səbəb olub. Ürəyin sağlam olmasında qara düyünün rolu varmı?
Bəzi araşdırmalar göstərir ki, bəli var.
Araşdırma göstərir ki, qara düyü arteriyalarda aterosklerotik düyünlərin yaranmasının qarşısını alır. Əgər bu düyünlər böyüyüb inkişaf edərsə damarlar qalınlaşa və ürəyə gedən qanın qarşısını ala bilər. Bu da infarkta gətirib çıxaran başlıca risk faktoru hesab olunur. Aparılan tədqiqatlar göstərir ki, qara düyü arteriyalarda aterosklerotik düyünlərin qarşısını alır və tərkibindəki antioksidantlar aterosklerotik vəziyyətin yaranma riskini azaldır.
Xərçəng əleyhinə vasitə
Antosiyaninlər, antioksidantlar kimi orqanizmi xərçəngə yol açan vasitələrdən qoruyur.
“Chemico-Biological Interactions" jurnalında çap olunan məqalədə qara düyünün tərkibindəki antosiyaninlərin xərçəng xəstəliyinə tutulmuş xəstələrdə metastaz mərhələsindən qoruyaraq, şişin bədənə yayılmasının qarşısını aldığı vurğulanır.
Qaraciyəri qoruyur
Qaraciyər orqanizmi qanla təmin edən vacib orqanlardan biridir. Araşdırmalar göstərir ki , qara düyü qaraciyər xəstəliklərinin müalicəsində ən mühüm vasitədir. 2012-ci ildə “Nutrition & Metabolism" jurnalında nəşr olunan məqalədə qara düyü ekstraktının qaraciyər piylənməsində faydasının əvəzsiz olduğu qeyd edilib.
Xatırladaq ki, hazırda 90 milyon amerikalı (hətta uşaqlar) qaraciyər piylənməsindən əziyyət çəkir.
Leyla Şıxəliyeva, “İki sahil"