SOCAR-ın “Azneft” İstehsalat Birliyinin strukturunun təkmilləşdirilməsi haqqında əmrinə əsasən, İB-nin tərkibində yeni struktur bölmə kimi yaradılan Dalğıc Xidmətinin əsas məqsədi dəniz sahəsində neft və qaz yataqlarının kəşfi, hazırlanması, tikintisi, neftin, qazın, qaz kondensatının hasil olunması, nəqli və təhvili ilə əlaqədar tələb olunan bütün növ sualtı-texniki və dalğıc işlərinin yerinə yetirilməsini təmin etmək üçün dənizin dərinliyi 60 metrədək olan sahələrdə adi üsulla (hava dalğıc işləri), dənizin dərinliyi 150 metrədək olan sahələrdə isə dərinlik dalğıc kompleksindən istifadə etməklə (saturasiya dalğıc işləri) bütün növ sualtı-texniki və dalğıc işlərini, həmçinin heyətsiz sualtı aparatlardan (HSA) istifadə etməklə bütün dərinliklərdə sualtı-texniki işlərin yerinə yetirilməsini, hidrotexniki qurğuların, obyektlərin tədqiq, tikinti-quraşdırma, təmir briqadalarına qəza-xilasetmə işlərini, habelə ekoloji vəziyyətlə bağlı gözlənilən qəzaların qarşısının alınması və ləğvi ilə əlaqədar digər xidmətləri həyata keçirməkdən ibarətdir.
Dalğıc Xidmətinin rəisi Pənah Həsənovun sözlərinə görə, bu ilin 8 ayında tikinti təşkilatlarının illik proqramına, telefonoqramma və sifarişlərinə əsasən xüsusi əhəmiyyət kəsb edən bir sıra obyektlərdə əsaslı tikinti üzrə sualtı-texniki dalğıc işləri yerinə yetirilib. “28 May” NQÇİ-nin “Günəşli” yatağı DDÖ3/DDÖ14 arası 8” (219x16mm-lik) yüksək təzyiqli qaz xətti çəkilib. “Günəşli” yatağında 10 saylı DDÖ yenidən qurulub. “Günəşli” yatağı 14 saylı DDÖ əlavə 2 ədəd quyunun qazılması üçün yenidən qurulub. “Günəşli” yatağında hasilatın stabil saxlanması, artırılması üçün hasil olan neft və qazın nəql sistemi yenidən qurulub. “Günəşli” yatağında heyətsiz sualtı aparatlar sahəsi tərəfindən “28 May” NQÇİ, “Neftqaztikinti” Tresti 2 və 3 saylı TQB-lər üçün bir sıra sualtı televiziya tədqiqi və video çəkilişi işləri yerinə yetirilib.
Bu ilin yanvar-avqust aylarında “Abşeronneft” NQÇİ-nin istismardan çıxarılmış hidrotexniki qurğularının sualtı hissəsinin elektrooksigen üsulu ilə kəsilməsi işləri davam etdirilib. Bununla yanaşı, müxtəlif diametrli və uzunluqlu 81 ədəd adi və 15 ədəd ankerli svay suyun dibindən kəsilib. Sualtı-texniki işləri yerinə yetirmək üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzər Dəniz Neft Donanmasının ixtisaslaşdırılmış dalğıc gəmilərindən istifadə olunub. İxtisaslaşmış dalğıc gəmiləri qısa və uzunmüddətli təmirə dayanıb.
Sifarişçi təşkilatlar tərəfindən sifariş verilən 49 xilasedici məntəqə, o cümlədən “Azneft” İB-nin NQÇİ-ləri üzrə 26 məntəqə, “Neftqaztikinti” Trestinin TQB-ləri üzrə 23 məntəqə xilasedən-matroslarla təmin edilib. Xilasetmə xidmətinin keyfiyyətinin artırılması, xilasedən-matrosların sertifikatlaşdırılması məqsədilə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində xilasedən-matrosların təkmilləşdirilməsi kursları təşkil edilib. Bu günə qədər 224 nəfər xilasedən-matros kurslara cəlb edilib, onlardan 194 nəfər müvafiq sertifikatlarla təmin edilib.
P.Həsənov bildirdi ki, Dalğıc Xidməti üzrə dəniz şəraitində çalışan işçilərin müvafiq kurslara göndərilməsi davam etdirilib. Belə ki, “Stasionar dəniz platformalarının üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursuna 24 nəfər, “Stasionar dəniz platformalarının üzən qazma qurğularının heyətləri üçün xilasedici qayıqlar və sallar, sürətli olmayan növbətçi qayıqlar üzrə mütəxəssis hazırlığı” kursuna 15 nəfər, “Xilasedici matrosların təkmilləşdirilməsi” kursuna 133 nəfər, “Gəmidə ilk tibbi yardım” kursuna 7 nəfər və digər kurslara işçilərin göndərilməsi təmin edilib.
Qeyd edək ki, Dalğıc Xidməti 2017-ci il ərzində SOCAR-dan kənar təşkilatlara da bir sıra dalğıc və sualtı-texniki işləri yerinə yetirib.
Pənah Həsənov qeyd etdi ki, Dalğıc Xidmətinin idarə aparatının və istehsalat sahələrinin ərazilərində təmirə ehtiyacı olan sosial-məişət avadanlıqlarının podratçı təşkilat tərəfindən təmir olunması təmin olunub, daha sonra təmirə ehtiyacı olan sosial-məişət avadanlıqlarının təmiri üçün əlavə olaraq müraciət edilib. 5 işçiyə maddi yardım, vəfat etmiş işçilərin azyaşlı uşaqlarına himayə pulu ödənilib.
Bütün bunlarla yanaşı, layihə icraçısı “SMG” (“Sport Marketing Group”) şirkəti olan və Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə 2017-ci il aprelin 30-da Bakı şəhərində təşkil olunan marafon yarışında Dalğıc Xidmətinin 10 nəfər işçisi də fəal iştirak edib.
Nail Rəhimzadə,
“İki sahil”