06 fevral 2016 00:29
2457

Ölkənin kiçik və zəif bankları, birləşin!

Ötən il dekabr 21-də manatın məzənnəsinin dəyişməsindən sonra yaranmış vəziyyət bank və maliyyə sektorunda ciddi islahatların aparılmasını qaçılmaz edib. Məhz bu səbəbdən də 2016-cı ilin əvvəlindən kiçik, xüsusilə kövrək kredit siyasəti üzündən ciddi problemlərlə üzləşmiş kommersiya bankları bir-birinin ardınca bağlanmaqdadır. Hələlik fəaliyyəti dayandırılan bankların sayı 6 (“Texnika Bank”, “Atrabank”, “Qafqaz İnkişaf Bankı”, “Gəncəbank”, “Bank of Azerbaijan” və “Yunayted Kredit Bankı”)  olsa da, yaxın müddətdə onların sayının artacağı gözlənilir. Bu isə həm faktiki olaraq fəaliyyətini dayandıran, həm də bağlanmaq riski ilə üzləşmiş kiçik bankların birləşdirilməsi məsələsini bir qədər də artıq aktuallaşdırıb. Hətta bəzi proqnozlara görə, Azərbaycanda fəaliyyət göstərən bankların sayının ilin sonuna qədər yarıyadək azalacağı gözlənilir. 
Ekspertlər bankların bağlanması və birləşdirilməsi prosesinə start verilməsini düzgün addım kimi dəyərləndirirlər. Bildirilir ki, qeyri-sağlam banklar ləğv edilməli, belə banklar nisbətən iri və maliyyə-kredit sahəsində ciddi çətinlikləri olmayan banklarla birləşdirilməlidir. Məhz bu baxımdan bankların bağlanması prosesi hələ bir müddət davam edəcək. Çünki yaxın vaxtlarda “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvəyə minəcək ki, bu da kiçik və zəif bankların bağlanmasını şərtləndirən vacib amillərdən hesab olunur. Həmin qanunun qüvvəyə minməsi ilə əmanətlər 100 faiz sığortalanmış olacaq. Bu isə o deməkdir ki, hər hansı problem yaransa belə, bağlanan bankların əmanətçilərinə əmanətlər tam şəkildə ödəniləcək.
İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, hazırda fəaliyyətini dayandırmış banklardakı əmanətlərin yalnız 30 000 manatadək olan hissəsi kompensasiya ediləcək. Bu həddən artıq həmin banklarda əmanətləri olan şəxslərin pullarının batmaq təhlükəsi var. Onun sözlərinə görə, indiyədək bağlanan banklar arasında “Gəncəbank”, “Yunayted Kredit Bank” və “NBCBank”da  (lisenziyası fevralın 1-dən bərpa olunub - E.S.) sığortalanmış əmanətlərin miqdarı xeyli aşağıdır. Bu isə o deməkdir ki, həmin banklardakı əmanətlərin kompensasiya edilməsi zamanı Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) üzərinə elə də böyük yük düşməyəcək.
Ekspert hesab edir ki, bankların bağlanması prosesi  “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvəyə minənədək davam edəcək və bundan sonra hansısa bankın lisenziyasının ləğv ediləcəyi gözlənilmir. Əks təqdirdə, ƏSF həmin bankın bütün əmanətlərini kompensasiya etmək məcburiyyətində qalacaq ki, bu da Mərkəzi Bankın maraqlarına uyğun deyil. 
Mərkəzi Bank 1 aylıq möhlət verib
Yeri gəlmişkən, zəif və maliyyə-kredit problemləri olan bankların bağlanması prosesinin davam edəcəyini, bu cür bankların sistemdən uzaqlaşdırılacağını Mərkəzi Bankın sədri Elman Rüstəmov bir daha bəyan edib. Elman Rüstəmov bildirib ki, ilkin mərhələdə sistemi tərk edən banklar ödəmə qabiliyyətini itirənlərdir: “Maliyyə sektorunda konsolidasiya problemləri həmişə diqqət mərkəzində olub. Bağlanmış banklara diqqət yetirsək görərik ki, onların ölkənin sosial-iqtisadi sistemində rolu bir o qədər də böyük deyil. Əksinə, onlar maliyyə sabitliyi üçün problemlər yarada bilərdi”.
Elman Rüstəmov Mərkəzi Bankın bir neçə banka birləşmək üçün 1 ay vaxt verdiyini də söyləyib: “Bu proses başa çatmalı və onlar vahid banka çevrilməlidirlər”.
Bəs, bağlanan bankların taleyi necə olacaq?  Bu banklar birləşməkdə niyə maraqlı deyillər? Yaxud bankların birləşməsi, onların gələcək fəaliyyətinə, ölkədə bank-kredit və maliyyə sektorunun sağlamlaşdırılmasına nə verə bilər? 
“NBC Bank”, “Parabank”
və “Dekabank” birləşir
Bəri başdan bildirək ki, hələlik fəaliyyəti dayandırılan 7 banklardan heç biri birləşmək və birgə fəaliyyət göstərmək üçün hər hansı ciddi addım atmayıb. Bununla belə, Azərbaycanda 3 kommersiya bankının konsolidasiyası ilə bağlı ilkin razılıq əldə edilib. Həmin 3 bankdan 1-i Mərkəzi Bankın İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 və 06/3 nömrəli qərarları ilə lisenziyası ləğv edilmiş və sonradan bərpa olunan “NBC Bank” ASC-dir.  Belə ki, fevralın 1-də lisenziyası bərpa edilən “NBC Bank” ASC bu ilin aprel ayında “Parabank” ASC və “Dekabank” ASC ilə birləşməyi planlaşdırır və hər üç tərəf bununla bağlı razılığını bildirib. Bu bankların hansı ad altında birləşəcəyi hələlik bəlli olmasa da, konsolidasiyanın yaxın iki ay ərzində başa çatdırılması məqsədilə müzakirələr aparılır. “NBC Bank” bir neçə bankla konsolidasiyaya dair niyyət protokolu imzaladığını bəyan etsə də, birləşməyə dair müzakirələrin hansı banklarla aparıldığı açıqlanmır.  
Bu arada yanvarın 27-də  lisenziyası ləğv edilmiş “Qafqaz İnkişaf Bankı” da digər banklarla birləşmək imkanlarını nəzərdən keçirməyə başlayıb. Bildirilir ki, lisenziyası ləğv edilmiş “Qafqaz İnkişaf Bankı” birləşən bankların siyahısına qoşula bilər. Bununla bağlı gələn ay geniş müzakirələrin aparılması planlaşdırılır.  Məlumata görə, martın 20-də “Qafqaz İnkişaf Bankı” ASC-nin baş ofisində Müşahidə Şurasının tələbi ilə səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək. İclasda “Qafqaz İnkişaf Bankı”nın digər banklarla mümkün birləşməsi və digər məsələlər müzakirə olunacaq. Xatırladaq ki, yanvarın 27-də Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə “Qafqaz İnkişaf Bankı” ASC-nin bank lisenziyası ləğv edilib.
İqtisadçı ekspert Samir Əliyev bildirir ki, əslində Mərkəzi Bank özü də kiçik və zəif bankların birləşməsində maraqlıdır və uzun müddət bankların konsolidasiyası məsələsini təbliğ edib. Hətta Mərkəzi Bank birləşmə prosesini sürətləndirmək məqsədilə bəzi sərt tərbirlərə də əl atıb. Onun sözlərinə görə, məcmu kapital tələbinin 10 milyon manatdan 50 milyon manatadək yüksəldilməsi daha çox kiçik və zəif bankların konsolidasiyasına xidmət edirdi: “Amma Mərkəzi Bankın bu qərarından sonra da kiçik banklar bir-biri ilə birləşməyə maraq göstərmədi. Baxmayaraq ki, istər ötən ilin fevralında, istərsə də dekabrda manatın məzənnəsinin dəyişməsindən sonra bankların bir çoxunun ciddi dəstəyə ehtiyacı yarandı. İndiki halda bu ehtiyacı birləşmək və bir neçə bankla birgə fəaliyyət göstərmək yolu ilə ödəmək olar. Lakin banklar görünür, vəziyyəti düzgün dəyərləndirə bilmədiklərindən birləşməyə o qədər də maraq göstərmirlər. Belə olan halda prosesi Mərkəzi Bank özü tənzimləmək qərarına gəlib və yaranmış situasiyadan istifadə edərək kiçik bankların lisenziyasını ləğv etməklə bank sektorunda təmizləmə əməliyyatı aparır”. 
Hansı üstündür: birləşmək,
yoxsa bağlanmaq?
Samir Əliyev bildiri ki, “Əmanətlərin sığortalanması haqqında” Qanun qüvvəyə minənə qədər bankların birləşməsi prosesi başa çatmalıdır. Onun sözlərinə görə,  konsolidasiya məsələsi həm lisenziyası ləğv edilmiş, həm də lisenziyası olan banklar arasında müzakirə olunur: “Hazırda bəzi banklar “Birləşmək, yoxsa bağlanmaq?” sualına hələ cavab tapa bilmir. Halbuki bu proses qaçılmazdır və bankların bir çoxu həmin iki yoldan birini seçməlidir. Hazırda hətta lisenziyası olan “Parabank”, “Günay Bank” və digər bankların da birləşmə istiqamətində müəyyən addımlar atdığı barədə məlumatlar var. Bağlanmış banklar isə konsolidasiyaya daha çox maraq göstərməlidir və güman ki, yaxın vaxtlarda biz bu proseslərin sürətləndiyinin şahidi olacağıq”.
Samir Əliyev də kiçik bankların  konsolidasiyasını məqsədəuyğun sayır. Onun sözlərinə görə, bu cür banklar güclərini bir yerə qoymaqla çətinliklərdən xilas edə, risklərin qarşısını ala, bütövlükdə ölkənin bank sektorunda sağlam mühit yarada və əhalidə inamı artıra bilərlər. Bununla banklar həm də bazarda öz mövqelərini qoruyub saxlamaq üçün yeni imkanlar qazana biləcəklər. 

Elxan Salahov, “İki sahil”