03 iyun 2020 14:40
883

ABŞ nəhəngləri qiymətlər yüksələnədək hasilatı aşağı səviyyədə saxlayacaqlar

 ABŞ-ın “ExxonMobil” və “Chevron” enerji şirkətləri xam neftin qiymətinin yüksəlməsi və yanacağa olan tələbatın artması naminə qlobal aktivlərində hasilatı gündəlik 800 min barrelədək azaltmağı planlaşdırırlar.

 Hər iki şirkət ilkin olaraq, ABŞ-da Permian hövzəsində hasilatı ciddi şəkildə azaltmaq niyyətindədir. Bu rüb üçün orada hər şirkət ayrılıqda hasilatı təxminən 400 min barrel aşağı salacaq.

 Tələbatın azalması ilə ABŞ-da, xüsusilə də Qərbi Texas və Nyu Meksikoda, Permian hövzəsində qazma qurğularının işi dayandırılıb. “Baker Hughes” araşdırma şirkəti ABŞ-da qazma işlərinin 56 % hissəsinin təxirə salındığını açıqlayıb.

 “Biz Permianda fəaliyyətimizi qiymətlər bərpa olunduqdan sonra davam etdirmək niyyətindəyik”,-deyə “Chevron” şirkətinin baş maliyyə direktoru Pyer Breber bildirib.

 Cari ilin ilk rübü üçün gəlirlərini açıqlayan “ExxonMobil” isə 610 milyon dollar maddi itki ilə qarşılaşdığını bəyan edib.

 Hər iki şirkət bu il xərclərini 30 % aşağı salmağı nəzərdə tutur. “Chevron” cari il üçün xərclərini 14 milyard dollara, “ExxonMobil” isə 23 milyard dollara endirib. Bu son dörd il ərzində ən aşağı göstəricilər hesab olunur.

Nubar Süleymanova,

“İki sahil”