29 iyul 2020 17:55
1555

Adaçayı: İmmuniteti yüksəltməyin ən asan yolu

Aralıq dənizi regionuna məxsus bitkilərdən  biri olan adaçayının (sürvə)  yarpaqları əsrlər boyu qurudularaq yeməklərdə və dərman kimi istifadə edilir. Adaçayı yarpaqlarından hazırlanan çayın tərkibində A, C, B, K, E vitaminləri, həmçinin mis, kalsium, dəmir və maqnezium var. O, həm də antioksidantlarla zəngindir və iştahaçıcı təsirə malikdir.

Bir fincan adaçayında çox böyük fayda var, lakin onu içməzdən öncə bəzi şeyləri bilməlisiniz:

Onu hazırlamağın ən yaxşı yolu dəmləməkdir. Bu yolla həm də çayın tərkibi dəyişmir, faydalı maddələr təsirini itirmirlər.  Adaçayı iki dəqiqədən artıq dəmlənməməlidir. Qaynanmış suda çox saxlanılması çayın keyfiyyətini itirməsinə və dadının acılaşmasına səbəb ola bilər.

200-250 ml suya 2 qram adaçayı yarpaqları atmaq kifayətdir.

Adaçayı çayı stressi azaltmaq, depressiyanı yüngülləşdirmək, bədəndən zərərli toksinləri çıxarmaq, beyin funksiyalarını yaxşılaşdırmaq, ağız və diş əti xəstəlikləri ilə mübarizə, həzm sistemini qorumaq, həddindən artıq tərləməni azaltmaq xüsusiyyətlərinə də malikdir. Dəridəki ləkə və xəstəliklərin müalicəsində də kömək edir.

Ancaq onu qədərindən artıq içmək olmaz. Artıq içilərsə, bəzi yan təsirləri ola bilər. “Salvia” ailəsindən olan bitkilərə qarşı həssas insanlarda allergik reaksiyalar verir.

Bəzi mədə problemləri olan insanlarda qarında yanğı və ağrı hissi yarada bilər.

Adaçayı çayı, həmçinin təzyiqi aşağı olan insanlara da məsləhət görülmür.

Yan təsirləri nəzərə alınmaqla, gündə üç stəkana qədər içilə bilər.

Dondurma alarkən nələrə diqqət etməliyik?

Dondurma yemək yayda sərinlənməyin ən dadlı üsuludur. Cavan və ya qoca hər kəs dondurmanı sevir. Giləmeyvəli, fındıqlı, şokoladlı və s. növləri olan dondurma əslində faydalı bir desertdir. Lakin dondurma seçərkən çox diqqətli olmaq lazımdır.

Təbii inqridientlərdən hazırlanıb yoxsa konservantlarla doludur?

Əlavələr, dadlandırıcılar, kimyəvi qatılaşdırıcı maddələr, qida boyaları, hazır şərbətlər və süni şirinləşdiricilər bu gün dondurmalarda istifadə olunur və təəssüf ki, onlar sağlamlıq üçün zərərlidirlər.

Ən yaxşı dondurma, mövsümə uyğun, gübrədən istifadə edilmədən yetişən meyvələrdən hazırlanır. Hazırlanmasında istifadə olunan süd və qaymaq da yüksək keyfiyyətli olmalıdır və düzgün pasterizasiya prosesindən keçməlidir, hazırlanmasında istifadə edilən hər bir məhsulun keyfiyyəti yoxlanılmalıdır.

Dondurmanın qida dəyəri varmı, yoxsa sadəcə boş kaloridir?

Xüsusilə şəkər qəbulunu nəzarətdə saxlayırsınızsa, işlənmiş qidalardan uzaq dursanız yaxşı olar. Aldığınız dondurmanın da tərkibini mütləq oxuyun, siroplarla zəngin, kalorisi yüksək dondurma almayın.

Dondurma allergiyanı artırırmı?

Son zamanlar dünya üzrə istehlak artsa da, istehlak mədəniyyəti də son dərəcə inkişaf edib və sağlam qidalanma mövzusu çox aktual olub. Bu mənada yeni dondurma növləri-veqan və laktozasız dondurmalar istehsal edilir. Bütün hallarda alınan məhsulun tərkibi ilə tanış olmaq, mümkün allergenlər barədə məlumatlı olmaq lazımdır.

Məhsul tələb olunan standartlara cavab verirmi?

Məlumatlı istehlakçıların artması ilə qida təhlükəsizliyi anlayışı böyük əhəmiyyət kəsb etməyə başladı. Tərkib faydalı, təbii olsa da, düzgün saxlanılmazsa dəyişə və zərərli ola bilir. Ona görə də məhsulun düzgün saxlanılması, lazımı temperaturda və gigiyenik şəraitdə saxlanılması, daşınma zamanı temperaturun dəyişməməsi, tez-tez isti havaya məruz qalmaması şərtdir.

Nubar Süleymanova, “İki sahil”