15 iyul 2019 10:49
982

“Ağ bayraq qaldıran mən oluram”

Nahar fasilələrində Vəli müəllimi dəfələrlə görsəm də, onunla ürək dolusu söhbət etmək imkanım olmamışdı. Srağagün isə bu “ənənəni” pozdum, üstəlik, ona bir neçə sualla da müraciət etdim. Söhbət əsnasında sənətinə xüsusi vurğunluğu ilə seçilən Vəli müəllimin yaxşı bir həmsöhbət olduğunu kəşf etdim.

Beləliklə, müsahibimiz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Nefqazelmitədqiqatlayihə” İnstitutunun mühəndisi Vəli Qəhrəmanovdur.

- Vəli müəllim, keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə kədərlənirsiniz, nəyə sevinirsiniz?

- Məni ən çox kədərləndirən hələ uşaq yaşlarımdan anamı itirməyimdir. Uşaqkən itirdim anamı mən də,

Onu axtarıram dumanda, çəndə.   

Kaş, bir quş olub uçaydım kəndə,

Tapıb məzarını qonaydım, ana.

Yeri gəlmişkən, bu misralar Qaçay Bəhmənoğlunundur.  

Bir də məni bir vətəndaş, bir azərbaycanlı kimi ən çox kədərləndirən torpaqlarımızın hələ də işğal altında olmasıdır. Amma əminəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində tezliklə bu kədərimə son qoyulacaq.     

Sevinirəm ki, mehriban həyat yoldaşım, ali təhsil almış qızım və oğlum, bir də ürəyimcə olan iş yerim var. Sevinirəm ki, ömrümdən ötən 60 ili şərəflə yaşamışam. Bundan sonra da Allahın mənə verdiyi ömrü layiqincə yaşamağa çalışacağam.

- “Kaş ki, filan xalqın nümayəndəsi olaydım” kimi düşüncələriniz olurmu?

- Mən sualınıza ulu öndərimiz Heydər Əliyevin bu sözləri ilə cavab vermək istərdim: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Mən bu sözləri iştirak etdiyim bütün məclislərdə, eləcə də digər ictimai yerlərdə qürurla deyirəm və son nəfəsimədək də deyəcəyəm. Bir sözlə,  bu gün regionda liderlik edən, dünya dövlətləri arasında yüksək nüfuza və etibarlı tərəfdaşlıq mövqeyinə malik olan müstəqil Azərbaycan Respublikasının vətəndaşıyam. Belə bir düşüncə sahibinin isə hansısa digər xalqın nümayəndəsi olmaq kimi bir arzusu əsla ola bilməz.

- Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən, “Nefqazelmitədqiqatlayihə” İnstitutunun “Parafin və duz çöküntüləri ilə mübarizə laboratoriyası”nda çalışdığınız mühəndislik vəzifəsindən razısınızmı?

- 30 ildən çoxdur ki, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində çalışıram. Bu isə o deməkdir ki, mühəndislik mənim ürəyimcə olan bir işdir. Yəni bu işimdən, sözün həqiqi mənasında, həzz alıram. Odur ki, heç vaxt hansısa peşə barədə düşünməmişəm.

- Bugünkü Azərbaycan neft sənayesinə sizin baxışınız necədir?

- Ölkəmizin neft sənayesi gündən-günə inkişaf edir. Şübhəsiz, bu prosesdə “Əsrin müqaviləsi”nin yaradıcısı, ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin yanacaq-enerji kompleksi sahəsində müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasını ölkə Prezidenti cənab İlham Əliyev bu gün uğurla davam etdirir. Bu neft strategiyası isə xalqımızın güzəranının daha da yaxşılaşdırılmasına, ölkəmizin qüdrətli bir dövlətə çevrilməsinə xidmət edir. Fəxr edirəm ki, bu prosesdə SOCAR və onun struktur vahidlərinin, o cümlədən mənim çalışdığım “Neftqazelmitədqiqatlayihə” İnstitutunun da payı var. Yeri gəlmişkən, qeyd edim ki, SOCAR-ın rəhbərliyinin elmi-texniki inkişafın yeni nailiyyətlərinə istiqamətlənmiş siyasəti nəticəsində böyük elmi potensiala malik institutumuz Fəxrəddin İsmayılovun rəhbərliyi altında elmi-tədqiqat və layihə işlərini yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirən ən böyük müəssisələrdən biri sayılır.

“Muğamı çox sevirəm”

- Goranboyun Faxralı kəndində boya-başa çatmısınız. Həmin kənddə yaşasaydınız dolanışığınızı necə təmin edərdiniz?

- Şübhəsiz, gücüm çatan bir işin qulpundan yapışar və ailəmin gündəlik tələbatını ödəməyə çalışardım. İndi, maşallah, regionlarımız o qədər inkişaf edib ki...

- Uşaqlıq illərinizlə bağlı hansı təəssüratlarınız var?

- Uşaqlıq illərimdə öz qoyun-quzumuzu otarardım. Özü də həmişə qoltuğumda kitab olardı. Nə gizlədim, mənə elə gəlir ki, indi də həmin kitablar qoltuğumdadır. Vaxtilə gəzdiyim çöllər, meşələr, çaylar yadıma düşəndə hətta bir qədər kövrəlirəm də. Odur ki, bu kövrəkliyə son qoymaq məqsədilə öz doğma ocağıma baş çəkməyə çalışıram.

- Vəli müəllim, sizi tanıyanlardan eşitmişəm ki, hərdən məclislər də idarə edirsiniz.

- Hə, elədir. İndiyədək yüzə yaxın toy, ad günü məclislərini idarə etmişəm. Onların hər birinə rəng qatmağa çalışmışam və buna nail olmuşam. Onu da deyim ki, bu işdə poeziya aləminə yaxşı bələd olmağım əsas rol oynayıb. Mənim fikrimcə, məclis idarə edən şəxs sinədəftər olmalı, mənalı ifadələri, şeiriyyatı ilə məclisdəkilərin ruhunu oxşamağı bacarmalıdır. Yeri gəlmişkən, mən muğamı çox sevirəm. Hətta muğam müsabiqələrində də iştirak etmişəm. Ən çox sevdiyim muğam ifaçıları isə Yaqub Məmmədov və Sabir Mirzəyevdir.

- Yəqin, məclislərdə muğam da ifa edirsiniz?

- Hərdən. Özü də özüməməxsus tərzdə. Dostlarımın, tanışlarımın dediklərinə görə pis alınmır.

- Vəli müəllim,  Bəxtiyar Vahabzadə haqqında belə bir dostluq şarjı var: “Qatlayıb dizinin altına qoyar alim Bəxtiyarı şair Bəxtiyar”. Bu aspektdən çıxış etsək, siz mühəndisliklə məclis idarə etmənizi necə dəyərləndirərdiniz?

- Mən belə deyərdim: Qatlayıb dizinin altına qoyar, məclis idarə edən Vəlini mühəndis Vəli.

- Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə qibtə etmisinizmi?

- Mən sənət adamlarına deyil, onların sənətinə heyran olmuşam. Bu sevgini, sayğını indi də yaşadıram.

- Asudə vaxtlarınızda daha hansı işlərlə məşğul olursunuz?

- Nərd oynamaqdan xüsusi zövq alıram. Onu da deyim ki, mən 2015-ci ildə şirkətimizdə keçirilən nərd oyunu üzrə yarışda birinci yerə sahib olmuşam və mükafatlandırılmışam.

“Bir cüt balam, taleyimin qazancı”

- Valideyn və müəllimlərinizdən başqa, özünüzü kimlərə borclu bilirsiniz?

- Tanrıya... Bir də bütün fikir adamlarına. Eləcə də təmənnasız yaxşılıqlarını gördüyüm və yaxşılıqlarını heç zaman unutmayacağım insanlara. Əgər ad çəksəm, mənim işə qəbulumda fədakarlıq göstərmiş rəhmətlik Mikayıl Bağırova.

- Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?

 - Nadir hallarda olur. Amma bu proses uzağı bir saat davam edir. Özü də əgər belə demək mümkünsə, ilk “ağ bayraq” qaldıran mən oluram. Çünki uzun müddət küsülü qalmaq təbiətimə yaddır.

 - Dostlarınız çoxdurmu?

-Deməzdim, çoxdur. Amma kifayət qədərdir. Mənim aləmimdə dostluq da bir nemətdir. Bu barədə adını unutduğum şair yaxşı deyib:

Qızıl demə parıldayan hər daşa, 

Milyon tanış dönməz dosta, qardaşa.

Otağında dövlət daşa, var daşa, 

Dostun yoxsa, kasıblardan kasıbsan. 

Mən bu sarıdan dövlətliyəm. Bu yerdə alman filosofu Artur Şopenhauerin bir fikrini də xatırlatmaq istərdim. O deyir ki, dostlar taleyin ən etibarlı pasportlarıdır. Amma onu da deyim ki, dostluq elə bir nemətdir ki, onu qoruyub saxlamaq hər kişinin işi deyil, el dili ilə desək, nər kişinin işidir. Mən bu prinsipə sadiq qalmağa çalışıram.

- Həyatda ən böyük  qazancınız nələr olub?

- Sevməmişəm müftə gələn qazancı,

Göz dikmədim başqasının varına.

Bir cüt balam, taleyimin qazancı,

Bundan yaxşı dövlət hanı, var hanı.

Bir də... Dövlət Neft Şirkətinin “Nefqazelmitədqiqatlayihə” İnstitutu kimi bir müəssisədə çalışmağım.

- Əksəriyyət səhvini etiraf etməyi xoşlamır. Bəs siz necə?

- Mən səhvimi deyənə təşəkkürümü bildirir və səhvimi də etiraf edirəm. Amma onu deyim ki, özümü haqlı saydığım “səhv hərəkətə” görə üzr istəməyi özümə rəva görmürəm.

Qvami Məhəbbətoğlu, “İki sahil”