Dövlətimizin başçısı İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər, “ŞƏT plyus” formatında görüşdə səsləndirdiyi çağırışlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun təqdimatı oldu
Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın yüksələn xətlə inkişafı xüsusi qeyd edilir. Təkcə son aylarda qarşılıqlı səfərlərin dinamikasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğız Respublikasına işgüzar səfər edib. Qeyd edək ki, iyul ayının sonunda dövlətimizin başçısı İlham Əliyev Qırğızıstanda dövlət səfərində oldu. Hər bir səfər münasibətlərin inkişafında yeni səhifə kimi dəyərləndirilir. Belə ki, səfər çərçivəsində keçirilən görüşlərdə müzakirə olunan məsələlər, imzalanan sənədlər qarşıdakı dövrün prioritetlərinin təqdimatında əhəmiyyətli rol oynayır.
Azərbaycan-Qırğızıstan münasibətləri dərin tarixi köklərə malikdir

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər hazırda tarixinin ən yüksək səviyyəsindədir. Əvvəllər əsasən ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan bu münasibətlər son illərdə dinamik inkişaf edən strateji tərəfdaşlığa çevrilib. Bu gün Bakı ilə Bişkek yalnız ən yüksək səviyyədə sabit siyasi dialoqu qorumaqla kifayətlənmir, həm də dərin iqtisadi inteqrasiya üçün institusional əsaslar qoyurlar. Azərbaycan-Qırğızıstan münasibətləri dərin tarixi köklərə malikdir, ortaq dil, mədəni və mənəvi dəyərlərə əsaslanır.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1993-cü ilin yanvarında a qurulub. İkitərəfli əlaqələrin bünövrəsi isə 1995-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illik yubileyi çərçivəsində Qırğızıstana ilk səfəri ilə qoyulub. Diplomatik münasibətlərin inkişafı 2007-ci ildə Azərbaycanın Bişkekdə, 2008-ci ildə isə Qırğızıstanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoyub. Bu illər ərzində Azərbaycan qarşılıqlı hörmətə və etimada əsaslanan xarici siyasət formalaşdırıb, Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət ayırıb. Prezident İlham Əliyevin siyasi iradəsi və Qırğızıstan Prezidenti Sadır Japarov ilə qarşılıqlı inama əsaslanan şəxsi münasibətləri ikitərəfli əlaqələrə güclü dinamika qazandırıb. İki ölkə arasında indiyədək 100-dən çox sənəd imzalanıb. Qeyd etdiyimiz kimi, münasibətlərdə yeni tarixi mərhələ Prezident İlham Əliyevin bu ilin iyul ayında Qırğızıstana dövlət səfəri ilə başlayıb. Səfər çərçivəsində dövlətimizin başçısının Qırğızıstan Prezidenti ilə görüşü, həmçinin Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşü mühüm çağırışlarla diqqətdə oldu. Həmin səfər zamanı Azərbaycan ilə Qırğızıstan arasında münasibətləri ən yüksək müstəviyə qaldıran “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalandı. Bu sənədlə Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlıq münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldi.
Çoxvektorlu xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırıb
Reallıq budur ki, 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan Qələbədən sonra Azərbaycanın geostrateji mövqeyi, enerji bazarındakı əhəmiyyətli rolu və çoxvektorlu xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırıb. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq Zirvə görüşlərində fəal iştirakı, xüsusilə Türk Dövlətləri Təşkilatında mövqelərin möhkəmləndirilməsi Azərbaycanın regional və qlobal miqyasda nüfuzlu tərəfdaş kimi tanınmasını təmin edib. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə dərin tarixi və mədəni köklərə dayanan əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Tərəflər arasında mövcud olan yüksək fəal siyasi dialoq və qarşılıqlı etimad Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri çərçivəsində özünü aydın şəkildə göstərir. Siyasi əlaqələrin dərinləşməsi iqtisadi sahədə də yüksək dinamika ilə müşayiət olunur. Son dövrlərdə Azərbaycanın Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan ilə ticarət dövriyyəsində çoxşaxəli və kəskin artım qeydə alınıb. Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz çərçivəsində, həmçinin Ələt Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi müasir infrastrukturu ilə Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına çıxışı üçün əsas tranzit habına çevrilib. Zəngəzur dəhlizinin açılması isə bu region ölkələrinin Türkiyə və Avropaya çıxış imkanlarını daha da genişləndirəcək. Həmçinin enerji sektorunda, xüsusən də bərpaolunan enerji və enerji sistemlərinin inteqrasiyası sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış strateji sazişlər yeni perspektivlər açır. Beləliklə, daxili potensiala və fəal diplomatiyaya arxalanan Azərbaycan Şərqlə Qərb arasında əsas geoiqtisadi və siyasi körpü rolunu daha da möhkəmləndirir.
Tərəflərin qarşılıqlı maliyyə resursları hesabına həyata keçirdiyi layihələr xalqların mənəvi birliyini möhkəmləndirir. Bişkekdə Azərbaycanın dəstəyi ilə Dostluq parkı, Nizami Gəncəvi adına 103 saylı məktəb və Heydər Əliyev adına Məktəb-Gimnaziya Kompleksi istifadəyə verilib. Qırğızıstan isə öz növbəsində Qarabağın bərpasında yaxından iştirak edir. Qırğız hökumətinin maliyyə dəstəyi ilə Ağdamın Xıdırlı kəndində 528 şagird yerlik Ayköl Manas adına tam orta məktəb tikilib. 2025-ci ilin iyulunda hər iki ölkənin liderlərinin iştirakı ilə kəndin birinci mərhələsinin və məktəbin rəsmi açılışı olub. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu təşəbbüsü yüksək qiymətləndirərək bildirmişdir: “Sadır Nurqojoyeviçin təşəbbüsü ilə bu regionun hazırda ən böyük yaşayış məntəqəsi olan Xıdırlı kəndində gözəl məktəb tikilib. Bu gün biz ona baxış keçirdik və rəsmi şəkildə açdıq. Məktəbə Ayköl Manasın adı verilib. Bildiyiniz kimi, “Manas” qırğız xalqının dastanıdır, qırğızların ruhunu təcəssüm etdirir. Əminəm ki, bu məktəbin və bu kəndin gələcək inkişafı üzrə hər şey bizim qırğız qardaşlarımızla bağlı olacaq”.
Prezident Sadır Japarov da bu addımın strateji və mənəvi əhəmiyyətini vurğulayaraq qeyd edir ki, bu tarixi hadisə mənəvi əlaqələrimizi daha da möhkəmləndirəcək. Bizim ümumi dəyərlərimiz var və onları gələcək nəsillərə ötürməyə borcluyuq. Bişkekdəki Heydər Əliyev adına məktəb və Xıdırlı kəndindəki Manas adına bu məktəb xalqlarımızın dostluğunun rəmzidir.
Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatı başda olmaqla, bütün beynəlxalq platformalarda həmrəylik göstərirlər. Çoxtərəfli strukturlarda nümayiş etdirilən vahid mövqe iki ölkənin beynəlxalq nüfuzunu artırır, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və regional təhlükəsizlik kimi müasir çağırışlara qarşı strateji planları birgə həyata keçirməyə imkan verir. Bu gün Bakı və Bişkek regional sabitliyin və Türk dünyasının birliyinin möhkəmlənməsinə birgə töhfə verməkdə davam edirlər. Azərbaycan-Qırğızıstan münasibətləri bərabərhüquqlu tərəfdaşlığa və yüksək etimada söykənən müttəfiqlik modelidir. Siyasi iradə, iqtisadi-logistik inteqrasiya, mədəni-humanitar bağlılıq və beynəlxalq platformalardakı qarşılıqlı dəstək iki qardaş ölkənin uzunmüddətli strateji maraqlarının tam üst-üstə düşdüyünü və bu əməkdaşlığın geosiyasi əhəmiyyətinin getdikcə daha da artdığını göstərir.
Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq…

Dövlətimizin başçısı İlham Əliyevin Qırğızıstana işgüzar səfəri mühüm məqamları ilə diqqətdədir. Öncə səfər çərçivəsində cənab İlham Əliyevin keçirdiyi çoxsaylı görüşləri qeyd etmək istərdik. Belə ki, cənab İlham Əliyev Bişkek şəhərində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşdü. Görüşdə Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu, münasibətlərimizin dərinləşdirilməsində yüksək səviyyədə qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulandı. Nəqliyyat-logistika məsələləri müzakirə olundu, Orta Dəhlizin əhəmiyyətinə toxunuldu, bu istiqamətdə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla da görüşü oldu.
İrana yardım qardaşlıq nümunəsidir

Əlaqələrimizin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu deyən İran Prezidenti Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını vurğuladı. Məsud Pezeşkian ölkələrimiz arasında əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayaraq, İranın bütün qonşu ölkələrlə yaxşı münasibətlərə malik olmaq niyyətində olduğunu dedi. Dövlətimizin başçısı da öz növbəsində İranın üzləşdiyi bu şəraitdə Azərbaycanın yardımının qardaşlıq nümunəsi, ölkəmizin İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu qeyd etdi.
İki dost, qardaş və müttəfiq

Bişkek şəhərində iki dost, qardaş və müttəfiq ölkə olan Azərbaycan və Türkiyə Prezidentlərinin də görüşü diqqətdə oldu. Belə ki, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olundu. Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edildi. Görüşdə regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlət başçıları müttəfiqlik əlaqələrimizin perspektivlərini, regional gündəmi və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə etdilər.
TRIPP-in həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar müzakirə edilib

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə isə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətindən bəhs edildi. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Tərəflər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.
Göründüyü kimi, hər bir görüş Azərbaycanın regionda və dünya siyasətində artan rolunun, ədalətə və beynəlxalq hüquqaa söykənən siyasətinin, əməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyinin təqdimatında öz sözünü deyir. Hazırda Azərbaycanın malik olduğu üstünlükləri sırasında onun dünyaya təqdim etdiyi təkmil sülh modeli xüsusi vurğulanır.
Xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət

Səfər çərçivəsində Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində də iştirak etdilər. Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri əsrlər boyu müxtəlif xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri təbliğ etməkdir. Bu tədbir köçəri sivilizasiyasının irsinin, mədəniyyətinin, qədim ənənələrinin və milli dəyərlərinin nümayiş etdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir.

Dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirəcək bu Oyunlar çərçivəsində köçəri xalqların tarixən formalaşdırdıqları ənənəvi qədim idman növləri, o cümlədən atçılıq, güləş, oxatma və digərləri üzrə yarışlar təşkil ediləcək. Sentyabrın 6-dək davam edəcək tədbir çərçivəsində iştirakçı ölkələrin mədəni irsi və milli adət-ənənələri də təqdim olunacaq.
Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir

Paytaxt Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirildi. Görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gələn Prezident İlham Əliyevin tədbirdəki çıxışı mühüm çağırışlarla diqqətdə oldu. “Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı. Həmin tarixi sənəd Azərbaycanla Qırğızıstan arasında münasibətləri ən yüksək səviyyəyə qaldırdı” söyləyən cənab İlham Əliyev bildirdi ki, fürsətdən istifadə edərək ölkənin sosial-iqtisadi inkişafında əldə edilmiş uğurlar, onun beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi münasibətilə Prezidenti və Qırğızıstan xalqını təbrik etmək istərdim. Qırğızıstanın 2027-2028-ci illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq ictimaiyyətin Qırğızıstanın siyasətinə verdiyi dəstəyi nümayiş etdirir. Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular. Beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir.
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur

Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, 30 illik işğal, həmçinin postmünaqişə dövrünün reallıqlarına diqqəti yönəltməsin. “ŞƏT plyus” formatında görüş də bu baxımdan diqqətdə oldu. Cənab İlham Əliyev vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq. Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək.
Qeyd edək ki, Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitini işıqlandırmaq üçün 500-dən çox yerli və xarici media nümayəndəsi akkreditasiyadan keçib. Onlardan 434-ü xarici jurnalistlərdir və 115 media qurumunu təmsil edirlər. Çin, Hindistan, Rusiya, Qazaxıstan, Pakistan, Özbəkistan, İran və digər ölkələrdən jurnalistlər Bişkekə gəliblər. Azərbaycan mediasının nümayəndələri də sammiti izləyərək, keçirilən görüşlər və qəbul olunan qərarlar barədə operativ məlumatlar təqdim edirlər.
30-dan çox sənəd imzalanıb

Onu da qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalanıb. İmzalanan sənədlər sırasında Bişkek Bəyannaməsi, əvvəllər qəbul edilmiş qərarlara dəyişiklik və əlavələrin edilməsi ilə bağlı sənədlər, həmçinin ümumi təhlükəsizlik məsələlərinə dair bəyanatlar yer alır. Sammit Qırğızıstanın 2025-2026-cı illərdə ŞƏT-ə sədrliyi çərçivəsində keçirilir və təşkilatın 25 illiyinə həsr olunub. Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatına “ŞƏT-in 25 ili: davamlı sülhə, inkişafa və rifaha doğru birlikdə” devizi altında sədrlik edir.
Avrasiya ərazisinin təxminən 60, dünya əhalisinin 40, qlobal ümumi daxili məhsulun 25 faizi…
Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı münasibətləri uğurla inkişaf edir. Dünyanın ən böyük regional qurumu kimi ŞƏT-ə üzv ölkələrin Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin etdiyini nəzərə alsaq, dünyada cərəyan edən siyasi proseslər, müxtəlif dövlətlər arasında qarşıdurmalar, ikili standartlar fonunda Şanxay Əməkdaşlıq Təşkilatının nə dərəcədə vacib quruma çevrildiyini təsəvvür etmək çətin deyil. Şanxay Əməkdaşlıq Təşkilatında əhali sayına görə dünyada birinci, iqtisadiyyatın həcminə görə ikinci olan Çinin xüsusi çəkisi var. 2015-ci ildə ŞƏT-in Dövlət Başçıları Şurasının iclasında Azərbaycana “dialoq üzrə tərəfdaş” statusunun verilməsi ilə bağlı qərar qəbul edilib. 2016-cı ildə Pekində Azərbaycanın “dialoq üzrə tərəfdaş” statusunu rəsmiləşdirən Memorandum imzalanıb. 2022-ci ildə Səmərqənddə ŞƏT sammitində Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Prezident İlham Əliyev 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantısının iştirakçısı olub. Bununla da, institusional əlaqələr yeni müstəviyə keçib. Ona görə ki, həmin sammitdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə imzalanıb. Prezident İlham Əliyev 2025-ci ilin sentyabrında Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüşdə iştirak etmişdir.

Azərbaycanın belə bir təşkilatda mövqelənməsi regional və qlobal çağırışların yenilənməsi fonunda diqqətəlayiq hadisədir. Çünki ŞƏT Avrasiya üzrə geosiyasətin təyin edilməsində böyük dəyərə malikdir. Avrasiyada artan iqtisadi, siyasi və nəqliyyat-logistika potensialı həmin məkanın qlobal güc balansının formalaşmasında rolunu daha da artırır. ŞƏT dünya nizamında və qlobal idarəetmədə, beynəlxalq hüququn tətbiqi və beynəlxalq idarəetmənin effektivliyi ilə bağlı mübahisələrin artdığı bir dövrdə dünya siyasətinin vizyonunda mövqeyini irəliyə aparır. Təşkilatın yanaşması çoxqütblü dünya nizamının qurulmasına uyğun şəkildə inkişaf edir.
Qırğızıstan Prezidenti Sadır Japarov ŞƏT-in Zirvə Görüşündə bu çağırışı etdi ki, birlik Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) gələcək inkişafının, davamlı sülhə, inkişafa və ümumi rifaha nail olunmasının əsasını təşkil edir. Dörddəbir əsr ərzində ŞƏT sərhədlərdə etimadın möhkəmləndirilməsi mexanizmindən dünyanın aparıcı beynəlxalq təşkilatlarından birinə çevrilərək öz səmərəliliyini və zəruriliyini sübut edib. Hazırda ŞƏT-ə üzv dövlətlər dünya əhalisinin 40 faizindən çoxunu, qlobal ÜDM-in isə təxminən dörddəbirini təşkil edir. Bu müddət ərzində təhlükəsizlik sahəsində əməkdaşlıq möhkəmləndirilib, iqtisadi və nəqliyyat əlaqəliliyi inkişaf etdirilib, mədəni-humanitar əlaqələr dərinləşdirilib, rəqəmsal inkişaf və süni intellekt məsələləri isə təşkilatın praktiki prioritetləri sırasına daxil edilib. Bu əminlik də ifadə edildi ki, xalqlarımızın maraqlarına cavab verən razılaşdırılmış qərarlar hazırlaya biləcəyik. Qoy yubiley ili təşkilatımızın inkişafında yeni mərhələnin başlanğıc nöqtəsi olsun.
Yeganə Əliyeva, “İki sahil”
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir