12 dekabr 2019 11:21
699

Azərbaycan gəncliyi: Cəmiyyətin avanqard qüvvəsi

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış gənclərimiz dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün geniş imkanlar əldə edirlər.

Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, 28 illik müstəqillik tarixində böyük inkişaf yolu keçib. Bu müddətdə digər sahələrlə yanaşı, gənclərlə bağlı siyasət də uğurla gerçəkləşdirilmiş, onların ölkənin siyasi, iqtisadi və sosial-mədəni həyatında iştirakı gündən-günə genişləndirilmişdir. Belə ki, ulu öndər Heydər Əliyevin başladığı strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyev gənclərlə işə dövlətin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət göstərir.

Son dövrlərdə həyatımızın bütün sahələrində qazanılan nailiyyətlərdə ölkəmizin gənclərinin rolu böyükdür. Bu səbəbsiz deyil. Çünki  hazırda Azərbaycan əhalisinin 40 faizini gənclər təşkil edir. Bu baxımdan da gənclərimiz hər bir sahədə fəallığı ilə seçilir, iqtisadi, humanitar, sosial tədbirlərin təşkilində, keçirilən prezident, Milli Məclis və bələdiyyə seçkilərində, beynəlxalq əməkdaşlığın inkişafında böyük rol oynayırlar.

Ölkəmizdə gənclərin təhsili, işlə təmin olunması, inkişafı, müasir dünyaya inteqrasiya etməsi və biliklərə yiyələnməsi, eyni zamanda milli dəyərlərə malik olan vətəndaş kimi tərbiyə almaları istiqamətində böyük işlər görülür, gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini tapır.

Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı tədbirdə prezident İlham Əliyevin çıxışının əsasında məhz gənclərə çağırışlar dayandı. Ölkədəki müxalif qüvvələrin əsasən gəncləri yoldan çıxarmaq istədiklərini, onların beyinlərini zəhərləmək, onları xalqa, Vətənə, ənənəvi dəyərlərə qarşı qaldırmaq istədiklərini, lakin bunun alınmadığını və heç vaxt da alınmayacağını qeyd edən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, çünki Azərbaycan gənclərin vətənpərvər, Vətəni sevən, Vətənə bağlı gənclərdir. Ölkə başçısı gənclərimizin hər nə qədər vətənpərvər olduqlarından əmin olsa da, şər qüvvələrin belə bir niyyəti olduğunu bilməli olduğumuzu və bu niyyətə qarşı müəllimlərin də diqqətli olmasını vurğulamışdır. O, müəllimləri tələbələrə  bilik verməklə kifayətlənməməyə, həmçinin onları tərbiyə etməyə çağırmışdır: “Ümumiyyətlə, Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik. Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib.”

Dövlətimizin həyata keçirdiyi gəncləşmə siyasəti, dövlət idarəçiliyində irəli çəkilmələri ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Daim vurğulandığı kimi, gənclər yeniliyə meyilli olmaqla yanaşı, eyni zamanda, dövrün tələblərini yüksək səviyyədə cavablandırmaq imkanlarına malikdir. Bu imkanların onların bilik və bacarıqlarının, dünyagörüşlərinin, yeni texnologiyaları mənimsəmək və tətbiq etmək istəklərinin məcmusudur. Dövlətimizin başçısı İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində “ASAN həyat” kompleksinin açılışında da bu fikri xüsusi qeyd etmişdir ki, bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı inkişafının təminatçısıdır. Cari ildə həyata keçirilən struktur və kadr islahatlarına diqqət yetirsək, gəncliyə, onların potensial imkanlarına verilən dəyər özünü qabarıq şəkildə büruzə verir.

Bugünümüzdən sabahımıza baxış əsasında bu fikir böyük qətiyyətlə bildirilir ki, informasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər əyani surətdə nümayiş etdirir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Bu inam da ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.

Röya Rasimqızı, “İki sahil”