13 dekabr 2019 17:13
627

Azərbaycan notariatı Sankt-Peterburqda

Rusiya Federal Notariat Palatasının dəvəti ilə Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin baş məsləhətçisi Zeynəb Dünyamalıyeva və xüsusi notarius Kənan Rəhmanovdan ibarət nümayəndə heyəti Sankt-Peterburq şəhərində “Vərəsəlik: Rusiya və xarici təcrübə” mövzusunda keçirilmiş beynəlxalq seminarda iştirak edib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Rusiya Federasiyası subyektlərinin notariat palatalarının, habelə Avstriya, Belorusiya, Qazaxıstan, Moldova, Polşa, Serbiya, Tacikistan notariuslarının qatıldıqları seminarda mövzu ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə Rusiya Federal Notariat Palatasının prezidenti Konstantin Korsik, Sankt-Peterburq vilayət və şəhər notariat palatalarının prezidentləri, Rusiya Ədliyyə Nazirliyinin nümayəndələri, Rusiya, Sankt-Peterburq və Ural Dövlət universitetlərinin müəllimləri, Fransa Ali Notariat Şurasının Rusiya üzrə nümayəndəsi Antuan Dejua, Almaniya Federal Notariat Palatasının fəxri notariusu Rixard Bokk çıxış ediblər.

İştirakçılar seminarda öz ölkələrinin təcrübəsi haqqında məlumat veriblər. Azərbaycanın nümayəndəsi Z.Dünyamalıyeva “Vərəsəlik hüququnun rəsmiləşdirilməsi. Vərəsəlik hüququnun beynəlxalq-hüquqi aspektləri” mövzusunda mühazirə ilə çıxış edib, sualları cavablandırıb.