Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
26 oktyabr 2020 18:29
281

Azərbaycan Ordusu döyüş meydanında tarix yazır

Özgəsinin torpağında, mədəniyyətində, sərvətində gözü olan ermənilər öz fitnə- fəsadlarından geri qalmır, fürsət tapan kimi məkirli planlarını həyata keçirirlər. 30 ilə yaxındır ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamaları da Ermənistan dövlətinin təcavüzkar siyasətinin nəticəsidir.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Əliyeva söyləyib. O bildirib ki, siyasi danışıqların, diplomatik görüşlərin bu münaqişənin həlli istiqamətində heç bir xeyri olmadı. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü sənədlər üzərində tanısalar da, real həyatda bu məsələ öz həllini tapmadı. Əksinə, danışıqlara əhəmiyyət verməyən təcavüzkar Ermənistan işğalçılıq siyasətini genişləndirir, azərbaycanlılara qarşı hər cür təxribatlara əl atmaqda davam edirdi. Sentyabrın 27-də yenidən Azərbaycana qarşı törədilən təxribat, təbii ki, cavabsız qalmadı. Çünki Azərbaycan xalqının səbri artıq tükənmişdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı, düşmənə lazımi cavab verildi. Azərbaycan Ordusunun gücünə istehza ilə yanaşan erməni fitnəkarları əsl ordunun, döyüşün nə olduğunu gördülər.

Vüsalə Əliyeva vurğulayıb ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında tarix yazır. Ordumuz düşmənə layiqli cavab verir, işğal altında olan torpaqlarımızı mənfur düşməndən təmizləyir. Bu gün Azərbaycan xalqına müraciətində dövlətimizin başçısı növbəti sevindirici xəbəri xalqımıza çatdırdı. Füzuli, Cəbrayıl, Zəngilandan sonra Qubadlı şəhərinin və bir sıra kəndlərin işğaldan azad edilməsi bir daha bizə zəfər coşğusu yaşatdı.

“Biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Biz öz torpağımız uğrunda vuruşuruq. Belə desək, özümüzü erməni terrorçularından, onların təxribatlarından qoruyur, tarixən bizə məxsus olan, müstəqil dövlətimizin ərazisinə daxil olan torpaqlarımızı düşmən tapdağından xilas edirik. Xalq-ordu birliyi bizi qələbəyə aparacaq! Bu gün hər bir azərbqaycanlı Vətən uğrunda canından keçməyə hazırdır. Yetər ki, Qarabağ xilas edilsin. Yetər ki, Azərbaycan var olsun!”, - deyən Vüsalə Əliyeva diqqətə çatdırıb ki, bəzi beynəlxalq təşkilatların, dövlətlərin atəşkəs çağrışının arxasında Ermənistanın xilas edilməsi planı dayanır. Azərbaycan Prezidentinin bu gün xalqa müraciətində qeyd etdiyi kimi, əgər atəşkəs istəyirlərsə, işğalçı dövlət rədd olsun çıxsın bizim torpaqlardan! Ölkəmizin rəhbəri onun ətrafında yumruq kimi birləşən xalqımızın, qüdrətli dövlətimizin iradəsini qətiyyətlə ifadə edib: “Yoxsa, axıra qədər gedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki qovuruq, necə ki, bizim qabağımızdan qaçır və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük.”

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri deyib: “Muxtar respublikanın Sədərək rayonu təcavüzkar Ermənistanla sərhəddə yerləşir. Bu gün düşmənin bir addımlığında yerləşən, yaşayan, inkişaf edən, göz dağına çevrilən Sədərəkdə qaynar həyat həmişə olduğu kimi davam edir. Bütün muxtar respublika sakinləri kimi, sədərəklilər də sərhəddə keşiyimizi çəkən qüdrətli Əlahiddə Ümumqoşun Orduya güvənir, inanır. Əlahiddə Ümumqoşun Ordunun 2018-ci ildə Günnüt kəndini, xeyli ərazini və yüksəklikləri azad etməsi onun gücünü, qüdrətini bir daha göstərdi. Əldə edilən zəfərlər, dövlət-ordu-xalq birliyi insanlara ruh yüksəkliyi bəxş edir, bizi Böyük Qələbəyə daha da yaxınlaşdırır. O gün isə uzaqda deyil”.