29 sentyabr 2020 11:16
1740

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı işğala son qoyacaq!

«Son 17 ildə ulu öndər  Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm  Prezidentimiz,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlərdə davamlı uğurlara imza atır. Ölkəmizin iqtisadi və maliyyə imkanları müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun  müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması yönümündə mühüm addımların atılmasını şərtləndirir.  Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır.   Dövlətimizin  başçısı İlham Əliyev ən yüksək tribunalardan daim bu bəyanatı  səsləndirir ki, münaqişənin həllində sülh danışıqları səmərə vermədiyi təqdirdə işğal altında olan torpaqlarımızı   hərb yolu ilə azad edəcəyik. Təbii ki, bu əminlik  Ordumuzun gücünə və qüdrətinə əsaslanır. Cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən paradda  səsləndirdiyi bu  əminliyi bir daha yada salmaq istərdik: Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı  Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, sentyabrın 27-də  Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək  yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub.  Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq,  əks-hücum əməliyyatı keçirdi: “Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Möhtərəm Prezidentimiz İlham Əliyev bu münasibətlə xalqımızı təbrik etdi. Ölkə Prezidenti  istər  xalqa müraciətində, istərsə də Təhlükəsizlik Şurasının iclasında Ermənistanın  bu təxribatlarının əsl səbəblərini ictimaiyyətə açıqlamaqla yanaşı, bu əminliyi də  ifadə etmişdir ki,  bizim uğurlu əks-hücum əməliyyatımız ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır!  Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər.»

Millət vəkili vurğulayıb  ki, Azərbaycanın  apardığı mübarizə haqq  mübarizəsidir: «İşğala  məruz qalan, bir milyondan  artıq soydaşı  qaçqın  və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpağı işğal  altında olan Azərbaycandır. Dünya birliyinin  Ermənistana  artıq «dur» demək zamanıdır. Baxmayaraq ki,  münaqişənin həlli ilə  məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrləri  bu günə qədər öz missiyalarını regiona  turist səfərlərində görürlər.»

M.Həsənov  diqqəti  qardaş  Türkiyədən Azərbaycan gələn dəstəyə yönəldib: «Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğanın  dərhal dövlətimizin başçısı İlham Əliyevlə telefon əlaqəsi  yaratması, Türkiyənin hər zaman olduğu kimi bu gün də  Azərbaycanın yanında olduğunu bildirməsi, həmçinin Türkiyənin digər rəsmilərinin də hər an Azərbayanın  haqq  mübarizəsi ilə bağlı fikirlərini səsləndirmələri,  mətbuat səhifələrinin   manşetinə Azərbaycanın Ordusunun əks-hücum əməliyyatları nəticəsində uğularını çıxarmaları  bu birlikdən qürur keçirməyimizə  əsas verir. Azərbaycanın sevincini  öz sevinci, kədərini öz kədəri kimi qəbul edən qardaş ölkənin   Prezidentinin  ən yüksək tribunalardan  dünyanı ikili siyasətinə  son qoymağa, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  dünyada ədalətli mövqe gözlədiyini bəyan etməsi bu birliyimizin təcəssümüdür.  İyulun 12-dən dünyanın müxtəlif ölkələrində soydaşlarımızın Azərbaycan Ordusuna dəstək adı altında  keçirdikləri   aksiyalarda  Türkiyə diaspor təşkilatlarının fəal iştirakını da xüsusi qeyd etməliyik.»

M.Həsənov, eyni zamanda, Azərbaycan xalqının  möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşdiyini, xalqımızın dövlətimizin qətiyyəti, siyasi iradəsi nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə öz ədalətli həllini tapacağına  əminliyini ifadə edib. Dövlətimizin başçısı İlham Əliyev  Təhlükəsizlik Şurasının iclasında bildirmişdir: «Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik.»

“Hazırda  böyük  əminliklə qeyd edirik ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək gücündə və qüdrətindədir” söyləyən  M.Həsənov bildirib ki,  1994-cü il mayın 12-də  ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində  cəbhə xəttində  atəşkəs sazişinin imzalanmasına baxmayaraq, ermənilər mütəmadi olaraq  atəşkəsi pozur: “Azərbaycan heç bir təxribata əl atmır. Sadəcə olaraq, öz maraqlarını müdafiə edir,  mövqeyini dəstəkləyir. Cənab İlham Əliyev bəyan edir:  “Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır.”.. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Millət vəkili  torpaqlarımızın tezliklə iğaldan azad olacağını, üçrənğli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı günün uzaqda olmadığını bildirib.