18 mart 2020 20:43
2026

Azərbaycan ticarət evlərinə maraq artır

Daha bir ölkədə ticarət evi açılacaq

Artıq bir neçə ildir ki, ölkəmizdə neftdən asılılığı azaltmaq məqsədilə şaxələndirilmiş sürətli iqtisadi islahatlar həyata keçirilir, kənd təsərrüfatı, yüngül sənaye və digər bu kimi məhsulların ixracının artırılmasına xüsusi önəm verilir. “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı dəstək tədbirlərinin həyata keçirilməsi, dövlət vəsaiti hesabına sahibkarların ixrac missiyalarında, müxtəlif beynəlxalq sərgilərdə iştirakı bu siyasətin ən parlaq nümunəsidir.

Dövlət tərəfindən ixracın stimullaşdırılması tədbirləri çərçivəsində prosedurlar sadələşdirilir, yerli məhsullarımızın ixrac potensialı yüksək olan ölkələrdə ticarət nümayəndələri fəaliyyətə başlayır. Bu günə kimi Azərbaycanın xarici ölkələrdə 10-dan çox ticarət və şərab evi açılıb ki, bu da kifayət qədər uğurlu saydır.

Bununla belə, sevindirici haldır ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqda davam edir. Belə ki, bu günlərdə ölkəmizdə səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış edərkən qeyd etdi ki, Bakıda Türkmənistan ticarət evinin və Aşqabadda Azərbaycan ticarət evinin təsis edilməsi barədə razılıq əldə olunub: “Bu, əlbəttə, əmtəə dövriyyəsinin artırılması üçün bizə daha yaxşı imkanlar yaradacaq. Türkmənistanın və Azərbaycanın hələ istifadə edilməmiş potensialı var”. Göründüyü kimi, artıq yaxın zamanda Azərbaycan məhsulları Türkmənistan bazarında təklif olunmaqla yanaşı, digər sahələrdə də əməkdaşlıq ediləcək, qarşılıqlı ticarət əlaqələri daha geniş sahələrdə həyata keçiriləcək.

Sözsüz ki, xaricdə Azərbaycan ticarət evlərinin açılması “Made in Azerbaijan” brendinin tanıdılması, ölkəmizdə istehsal olunan məhsulların xarici bazarlara çıxışının təmin edilməsi baxımından əhəmiyyətli addımdır. Artıq Çində Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Eyni zamanda, MDB məkanında da belə ticarət evləri var. Ticarət evlərinin açılması praktiki olaraq Azərbaycan məhsullarının daha geniş coğrafiyaya ixracına və sözügedən ölkələrlə xarici ticarət əlaqələrinin genişləndirilməsinə xidmət edir, eyni zamanda, Azərbaycanın xüsusən də qeyri-neft məhsullarının fərqli məkanlara ixrac edilməsində maraqlı olduğunu göstərir.

Təbii ki, bu, ilk olmadığı kimi son da deyil. Azərbaycan tərəfi ənənəvi bazarlarla yanaşı, yeni bazarlara çıxış imkanlarını hər zaman araşdırmaqda davam edir. Bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi göstərişlər də verilib. Ticarət evlərinin yaradılması Azərbaycanın qeyri-neft məhsullarının yeni bazarlara ixrac edilməsi və məhsullarımızın tanıdılması ilə yanaşı, digər sahələrdə də birgə layihələrin həyata keçirilməsi və sərmayə qoyuluşlarının reallaşdırılmasına xidmət edəcək.

Taleh Bağırov, “İki sahil”