27 noyabr 2020 16:18
828

Azərbaycanda 679 min hektar ərazidə payızlıq taxıl səpilib

Bu il Azərbaycanda 1 037 507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır. Bu sahələrin 564 793 hektarı suvarılan, 472 714 hektarı dəmyə sahələrdir.

Kənd Təsərrüfatı Nazirliyindən "İki sahil"ə bildirilib ki, noyabrın 27-nə qədər dək proqnozlaşdırılan əkin sahələrinin 87 %-də faktiki şum aparılıb, 678 616 hektar sahədə isə səpin işləri həyata keçirilib. Fermerlər 421 379 hektar sahədə buğda, 257 237 hektar sahədə arpa səpib.

Əvvəlki illərlə müqayisədə 2020-ci ilin payızlıq əkinlərində fermerlər sertifikatlı toxumdan istifadəyə daha çox üstünlük verirlər. Bu günə qədər aparılan səpin zamanı 137 608 ton sertifikatlı toxumdan istifadə olunub. Bunun 97 653 tonu buğda, 39 955 tonu arpa toxumudur.

Artıq 19 rayonda payızlıq əkinlərlə bağlı şumlama prosesi tam başa çatıb, 23 rayonda isə faktiki şum göstəricisi 90 %-in üzərindədir. Əvvəlki illərdə olduğu kimi bu il də ən çox taxıl əkininin Cəlilabad (70 220 ha) və Şəki (67 000 ha) rayonlarında aparılacağı proqnozlaşdırılır. Kürdəmir (45 000 ha), Neftçala (43 000 ha), Şamaxı (42 000 ha), Füzuli (37 000 ha), Ağsu (35 380 ha), Biləsuvar (33 000 ha), Hacıqabul (33 000 ha), Qobustan (32 000 ha), İsmayıllı (30 000 ha), Ağcabədi (28 324 ha) və Sabirabad (25 300 ha) rayonları ən çox taxıl əkini aparılması proqnozlaşdırılan rayonlar sırasındadır. Ölkə üzrə payızlıq taxıl əkinlərinin təxminən 50 %-i bu 13 rayonun payına düşür.

Bu il Naxçıvan MR-da ümumilikdə 36 880 hektar sahədə payızlıq taxıl əkini nəzərdə tutulur.

Payızlıq əkinlərlə əlaqədar şum işləri və taxıl səpininin gələn ayın ortalarında yekunlaşması gözlənilir.