21 fevral 2019 13:28
1186

Azərbaycanda yeni tanker suya buraxılıb

2019-cu ilin iyununda Azərbaycanda yeni “Laçın” neft tankeri istifadəyə veriləcək.

Bu gün Bakı Gəmiqayırma Zavodundan tankerin suya salınma mərasimi keçirilib.

Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin icraçı direktoru İmanverdi Həsənov iştirak ediblər.

Hazırda tankerin korpusunun tikintisi tam başa çatıb.

Tankerin uzunluğu 141 metr, eni 16,9 metr, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7 884 ton və çayda 5 455 ton təşkil edir. Tanker saatda 10 dəniz düyünü sürətlə hərəkət edir. Gəmi ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdir. Tankerin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.