19 noyabr 2019 20:22
811

Azərbaycanın beynəlxalq yükdaşımalarda rolu daha da artır

“Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirə bilmişik. Bu da böyük imkanlar yaradır”.

Bu fikirləri  Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir. Ölkə başçısının sözlərinə görə, beynəlxalq təşkilatların hesabatında qeyd olunub ki, Azərbaycan çox etibarlı və önəmli tranzit ölkəyə çevrilib: “Biz hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə edirik, keçən il təqribən 300 min tona yaxın yük daşınmışdır. Önəmli məsələ ondan ibarətdir ki, biz artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmirik, eyni zamanda, Avropa məkanında da fəal əməkdaşlıq edirik və bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Biz artıq Çindən konteyner qatarları qəbul etməyə başlamışıq. Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda, son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirə bilmişik. Bu da böyük imkanlar yaradır. Mənim Orta Asiya respublikalarının prezidentləri ilə keçirdiyim görüşlər əsnasında dəmir yolu daşınmaları haqqında kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən istifadə imkanlarını müzakirə edirik və əminəm ki, bu istiqamətdə də uğurlar əldə olunacaq”.

Göründüyü kimi, Azərbaycanın beynəlxalq yükdaşımalarda rolu get-gedə daha da artır. Bu baxımdan Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunun birləşdirilməsi Azərbaycanın dünyada tranzit, nəqliyyat mərkəzi olaraq mövqeyinin möhkəmlənməsində necə rol oynayacaq?

Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, bu hər iki sahədə Azərbaycanın rolunun artmasına öz töhfəsini verəcək: “Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunun birləşdirilməsi böyük imkanlar yaradır. Bütün bunlar onu göstərir ki, söhbət bütün Orta Asiya ölkələrini əhatə edən yükdaşıma dəhlizindən gedir. Artıq Orta Asiya ölkələri bilavasitə olaraq beynəlxalq yükdaşımaların fəal istifadəçisinə çevrilirlər. Aydın məsələdir ki, BTQ olmasaydı, Lapis-Lazuli dəmir yolu bu cür səmərəli şəbəkəyə qoşula bilməzdi. Ötən il BTQ ilə 300 min ton yük daşınıb. İldən-ilə bu yolla daşınan yüklərin həcmi artır. Söhbət tək Çindən başlayaraq Avropa ölkələrinə yüklərin daşınmasından getmir. Söhbət həm də əks istiqamətdə yüklərin daşınmasından gedir. Orta Asiya ölkələri Avropada istehsal edilən məhsulların fəal istehlakçısıdır. BTQ sayəsində Orta Asiya ölkələri həm idxaldan, həm də ixracdan yararlanacaqlar.”

Həmsöhbətimiz həmçinin onu da əlavə etdi ki, bütün bunların nəticəsidir ki, Azərbaycan dəmir yolu nəqliyyatının səmərəliliyi indeksində ABŞ və Almaniyanı qabaqlayıb. Bu barədə Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi Qlobal rəqabətlilik hesabatında deyilir. Azərbaycan dəmir yolu nəqliyyatının səmərəliliyi indeksi 70,8-ə bərabər olub. Azərbaycan bu indeksdə ABŞ (69,2) , Almaniya (65,3), Estoniya (60,9), Norveç (57,6) və İsveç (49,3) kimi ölkələri qabaqlayaraq 141 ölkə arasında 11-ci yerdə qərarlaşıb. Azərbaycanın dəmir yolu nəqliyyatı səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci olub.

Ekspert qeyd etdi ki, dəmir yolu sektorunda  bu cür ciddi və perspektivli uğurların əldə olunması bir sıra faktorlarla əlaqəlidir: “”Azərbaycan dəmir yolu nəqliyyatının sözügedən indiqatorlar üzrə əhəmiyyətli dərəcədə irəliləməsi qürurverici haldır. Çünki səmərəlilik indeksi tezlik, dəqiqlik, sürət və qiymət kimi kateqoriyaları özündə birləşdirir. Yeni qatarların xəttə buraxılması, bu qatarları idarə edən personalın yetişdirilməsi də bunda öz rolunu oynayıb. Hesabat hazırlanan zaman bütün bunlar nəzərə alınır. Onlayn bilet satışı, beş il əvvələ baxanda qatarların sürətinin artması da vacib məqamdır. Dəmir yolu sahəsində əldə olunan bir çox nəticə məhz həmin o indiqatorlar üzrə gündəmdə olan məsələlərlə bilavasitə bağlıdır. Yəni sürətin artırılması, operativlik, xidmət keyfiyyəti, dəmir yolunun beynəlxalq standartlara uyğunlaşdırılması burada vacib rol oynayır. Dünya miqyasında qiymətləndirmə aparılarkən bütün bunlar nəzərə alınır. Bəlli olan odur ki, Azərbaycan bütün bu parametrlər üzrə uğurlu nəticələr əldə edib”.

Yaqut Ağaşahqızı, “İki sahil”