05 noyabr 2019 10:34
986

Biləsuvarda YAP ərazi ilk partiya təşkilat sədrləri ilə iclas

Noyabrın 4-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirib. YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev çıxış edərək ilk öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar barədə məlumat verib, Azərbaycanın sürətli inkişaf yolundan danışıb: “2019-cu ildə həyata keçirilən sosial islahatlar əsl inqilabi islahatlardır. Bu islahatlar Azərbaycan xalqının bütün zümrələrini əhatə edir və xalqın sosial rifahının daha da yaxşılaşdırılması yolunda atılmış çox böyük addımdır. Bu, bir daha göstərir ki, insanların rifah halının yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.

Dekabrın 23-də yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdən də danışan Kamil Mirzəyev bildirib ki, bu seçkilərdə Yeni Azərbaycan Partiyası da öz namizədlərini  irəli sürüb: “Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu səbəbdən də ərazi ilk partiya təşkilat sədrləri YAP tərəfindən irəli  sürülmüş  namizədlərin bu seçkilərdə qələbə çalması üçün təbliğat başlayan zaman xalq arasında geniş iş aparmalıdırlar. Yeni Azərbaycan Partiyasının əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də parlaq qələbə qazanacağı şübhəsizdir”.

İclasda Şura üzvü Akif Kazımov, 42 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Xalidə Ağayeva, Çinarlı kənd ərazi ilk partiya təşkilatının sədri Rafiq Cəfərov və başqaları çıxış  edərək ölkə Prezidenti İlham Əliyevin  həyata keçirdiyi uğurlu xarici və daxili siyasətin xalq tərəfindən bəyənildiyini, xalqın hər zaman YAP-ın ətrafında sıx birləşdiyini qeyd ediblər.

Taleh Bağırov, “İki sahil”