16 oktyabr 2020 18:20
1482

C vitamini yaraların sağalmasını sürətləndirirmi?

İstənilən növ yara, istər cərrahi, istərsə də silah yarası, yüngül yara onun daxilində inkişaf edən birləşdirici toxuma vasitəsi ilə, yəni örtüyün əmələ gəlməsi ilə sağalır.

Bu örtüyün əmələ gəlməsində yüksəkdozalı C vitamininin istifadəsi yaranın sağalmasını sürətləndirir, kollagen sintezini artırır, orqanizmin müqavimətini yüksəldir.

C vitamini yarasağalmanın bütün mərhələlərində yeni toxumanın yaranması və qanla təmin olunması proseslərində iştirak edir. Yaraların sağalması zamanı külli miqdarda C vitamini sərf olunur, yəni yaranın ölçüsündən asılı olaraq C vitamininə olan tələbat kəskin artır və adekvat miqdarda C vitamini ilə əvəzlənmədikdə infeksiya, bərpa prosesinin pozulması kimi ağır fəsadlara səbəb olur.

Yüksəkdozalı C vitamininin tətbiqi kritik vəziyyətdə olan xəstələrdə böyük effektə malikdir. Yaralanma zamanı inkişaf edən oksidativ stress orqanizmə dağıdıcı təsir göstərir. Belə ki, periferik qan dövranı oksidativ stresə qarşı xüsusilə həssasdır və onun pozulması sepsis və poliorqan çatışmazlığının inkişafında mühüm rol oynayır.

C vitamini kollagen-hidroksilləşdirici fermentlərin kofermenti olub kollagenin sintezində iştirak edir. Dartılmaya qarşı dözümlülük, hidroksiprolinin artması, sümük döyənəyi yaranmasının tezləşməsi və mexaniki bərkliyi təmin etməklə sağalma müddətini qısaldır, bərpanı sürətləndirir.

Yaraların sağalma prosesi neyrosensor və immunoloji reaksiyaların qarşılıqlı əlaqəsi nəticəsində baş verir. C vitamini isə bu reaksiyaların gedişatında rolu və mühüm fizioloji immunomodulyator xüsusiyyətini nəzərə alaraq, sinir və  immun sistemlər də kifayət qədər bu vitaminlə təmin olunmalıdır.

Beləliklə, təsdiq edilmişdir ki, yüksəkdozalı C vitamininin venadaxili müalicəsi yaraların və sınıqların sağalmasını tezləşdirir, sepsis, böyrək çatışmazlığı və digər ağırlaşmaların qarşısını alır.

Röya Rasimqızı, “İki sahil”