05 iyun 2020 17:12
1872

Çətin zamanlarda necə nikbin olmağı bacaraq?

Nikbin düşüncəli insanlar çətin mühitdə qərar tutan zaman streslərinə qalib gələrək, daha doğru nəticələr çıxarda bilirlər. Bu insanlar başqalarından daha sağlamdırlar. Başqaları ilə daha yaxşı rabitə qurmağı bacarırlar. Onlar çətinliklərdən qorxmurlar və tez də çıxış yolu tapırlar. Onların özlərinə etimadı tamdır. Ona görə də həyatlarında müvəffəqdirlər.

Bəs nikbin olmaq üçün nə etməli?

Zehnimizi yenidən qurmalıyıq. Əgər uzun illər boyu mənfi bir şeyin üzərində düşünürsünüzsə, nigaran olmayın, hələ də nikbin olmağınız üçün ümid vardır. Müsbət mövzulara diqqət edərək, zehninizi rahatlaşdıra bilərsiniz.

Mənfi fikirlərdən uzaq olaq. O zaman ki, depressiyaya düşəcəyinizə ehtimal verirsiniz, özünüzü ələ alın və müsbət şeylər haqqında düşünməyə başlayın. İcazə verməyin ki, zehniniz mənfi mühitə qərq olsun. Həmin mühitdən qaçın və müsbət şeylər düşünməyə başlayın.

Mehriban olaq

Başqaları ilə mehriban olmaq sizi xoşbəxt edəcəkdir. Çalışın onların hisslərini başa düşəsiniz. Onlarla mehriban rəftar edəsiniz. Başqalarına mehribanlıq etmək sizi mənfi fikirlərdən uzaqlaşdıracaqdır.

Keçmişi unudaq

Bəzən insan ona əziyyət verən keçmiş fikirlərdən qurtula bilmir. Keçmiş artıq keçmişdir, gərək gələcək və indiki vəziyyətiniz haqqında düşünəsiniz.

Həyatın çətinliklərindən dərs alaq

Bilin ki, başımıza gələn hər bir hadisənin hikməti vardır. Əgər bu hadisələrdən dərs alsaq, daha nikbin olarıq.

Qədir bilən olaq

Başımıza gələnləri unutmayaq və ətrafımızda bizə yaxşılıq edən hər bir kəsin qədrini bilək. Şükür hissi insana şadlıq gətirər. Artıq mənfi düşüncələr üçün vaxtımız qalmaz.

İdman edək

Davamlı şəkildə idmanla məşğul olanlar başqalarından daha çox nikbindirlər. Çünki idman insan zehnini gücləndirir və mənfi fikirləri özündən uzaqlaşdırır. Belə insan müsbət şeylərə daha çox diqqət edir.

Röya Rasimqızı,

“İki sahil”