12 avqust 2020 20:01
2013

Əhali arasında virusa qarşı immunitetin öyrənilməsi məqsədilə testlər keçiriləcək

Seroloji testlər vasitəsilə əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verir

 

COVID-19-la mübarizə tədbirlərinin gücləndirilməsi günümüzün əsas reallığıdır. İlk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq əsasında qabaqlayıcı tədbirlərə başlayan Azərbaycan virusa yoluxma halının coğrafiyasının genişlənməməsinə nail oldu.

 Təbii ki, qabaqlayıcı tədbirlərin düzgün həyata keçirilməsi növbəti mərhələlərdə uğurlu nəticələrin əldə oluünmasına  yol açır. Azərbaycan ilk gündən özünütəcridə üstünlük verərək, insanların evdə qalmasını bir tələb kimi qarşıya qoydu.  Yazı 65-dən yuxarı olan insanların sağlamlığını qorumaq, onlara hörmət əlaməti olaraq evdə qalmaları karantin rejiminin əsas tələbləri sırasında yer aldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları yaşı 65-dən yuxarı tənha yaşlılara sosial xidməti həyata keçirdilər. Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri yeni texnologiyaların yaratdığı imkanlardan istifadəni daha da aktuallaşdırdı. İnsanlar bir-birlərinə bu imkanlardan istifadə etməklə görmək, danışmaq imkanı əldə etdiklərindən artıq   sosial məsafənin qorunması günümüzün əsas tələbi kimi yer aldı. Bəlkə də əvvəllər qripə yoluxmuş insanlar üçün həm özlərini, həm də ətrafdakıları qorumaq üçün tibbi maskadan istifadə etmək çətin idisə, artıq bu gün hə     yat tərzimizi onsuz təsəvvür edə bilmirik. Gündəlik  qoruyucu vasitələrdən istifadə etməklə  həyatımızın yeni qaydaları ilə  yaşamağa adətkar olduq.

   Bunları sadalamağımız səbəbsiz deyil. Çünki  dünyanı bürüyən koronavirus infeksiyası ölkəmizə ayaq basanda bu hadisə öncə böyük ajiotajla qarşılandı, depressiya halları gücləndi, sabaha bir ümidsizlik formalaşdı. Özünəqapanmanın fəsadlarını geniş şərh etməyə ehtiyac duymuruq. Bu prosesi yaşayan dünya ölkələrinə diqqət yetirmək kifayətdir. Çünki əksər dövlətlər, xüsusilə səhiyyəsi digər ölkələrə nümunə göstərilənlər yaşanan yoluxma və ölüm hallarının qarşısını almaqda aciz olduqlarını nümayiş etdirdilər. Amma Azərbaycan, dövlətimizin başçısı İlham Əliyev dünyaya «COVID-19-la mübarizədə birlikdəyik» çağırışını edərək, özünəqapanma sindromunu aradan götürdü, birlik, həmrəylik istəkləri  atılan real addımlarda öz əksini tapdı.

Təbii ki, heç kəs, heç bir dövlət bu kimi hadisələrdən sığortalı deyil. Ən əsası olan yaranan bu çətinlikdən xilas olmağın düzgün yolunu müəyyənləşdirmək və bir-birlərinə dəstək olmaqdır. Azərbaycan bu dəstəyi nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü əsasında Türk  Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, həmçinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi qlobal prbolemin həllində qlobal dəstəyin roluna bir daha işıq saldı. Azərbaycan dünyanı birləşdirməklə  hər bir məsələnin həllində birgə səylərin göstərilməsinin əhəmiyyətini ortaya qoydu. Azərbaycan təcrübəsi dünyada təqdir edildi, əksər dövlətlər bu təcrübədən yararlanaraq özünütəcrid qaydalarına əməl etməklə  kopronavirusa yoluxma halının qarşısının alınmasına səy göstərdi.  Özünəqapanmadan əməkdaşlığa, birgə addımların atılmasına yönələn  istiqamət öz nəticəsini verdi.

 Qısa təhlil əsasında həm qabaqlayıcı tədbirlərin, həm maarifləndirmə işinin rolunu aydın görmək mümkündür. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq görərik ki,   təbliğat işinin lazımi səviyyədə qurulmasında mətbuatın üzərinə böyük vəzifələr düşür. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşlar tərəfindən qaydalara riayət olunmasını malik olduğu potensiala uyğun təbliğ etməli, insanları maarifləndirməli, cəmiyyətdə panika və ajiotaj yaranmasına yol verməməli, insanların narahatlığına səbəb olacaq məlumatlar, şayiələr yaymaqdan çəkinməlidirlər. Yollarda hər addımda rastlaşdığımız maarifləndirici lövhələr də mübarizə tədbirlərinə böyük dəstəkdir.

Bu  təhlil əsasında ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılacağına bir körpü salmaq istərdik.  Seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib bir parçası olduğundan, Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə də mühüm addımlar atılır. 

Yenə də maarifləndirici tədbirlərə, çağırışlara böyük ehtiyac duyulur. Testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayını müəyyən etmək mümkün olur. Seroloji testlər vasitəsilə əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verir.

 Bu günədək  digər ölkələrdə, əhalisi virusa ən çox yoluxan şəhərlərdə seroloji testlərlə bağlı müxtəlif ciddi tədqiqatlar aparılıb. Məsələn, Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrə kimi şəhərlərdə seroloji testlər keçirilib. Türkiyədə isə COVID-19 xəstəliyinə qarşı immunitet xəritəsini müəyyən etmək üçün bütün ölkə üzrə 153 min nəfər anticisim testindən keçirilib.

 Azərbaycanda seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq. Bu məqsədlə təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng ediləcək, testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş qanalma tibb bacısı göndəriləcək. Müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayətdir. Alınmış qan nümunələri qısa müddətdə laboratoriyaya çatdırılaraq analizdən keçiriləcək. Mütəxəssislər tərəfindən analiz nəticələrinin tibbi və statistik təhlili aparılacaq, yekun nəticələr barədə ictimaiyyat məlumatlandırılacaq. Analiz verən hər bir könüllü öz nəticəsini əldə edə biləcək. Bundan əlavə, vətəndaşın arzusu ilə qanın ümumi analizi də həyata keçirilə bilər.

 İlkin mərhələdə tədqiqatların Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın EUROIMMUN şirkətinin istehsalı olan reaktivlərlə aparılacaq.

 Qeyd edək ki insan viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülallar – anticisimlər yaranır. Viruslara qarşı anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşmış immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti ola bilər. Ona görə də, seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir. 

 Təbii ki, bütün bu çağırışlar  hər bir şəxsdən  sosial məsuliyyəti artırmağı tələb edir.  Səylərimizi birləşdirək, birgə mübarizə aparaq, sağlamlığımızı təmin edək. Unutmayaq ki, hər bir xəstəliyin qarşısının alınmasında əsas amil  qabaqlayıcı tədbirlərin lazımi səviyyədə həyata keçirilməsi, ən əsası özümüzə inamın yüksək olmasıdır. Hər birimiz özümüzün həkimi olmaqla yanaşı, eyni zamanda,   müayinə olunub narahatlıqlara son qoymaq üçün testlərdən barədə də düşünsək  yaxşı olar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fikirlərinə istinad etsək, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.

Yeganə Əliyeva, «İki sahil»