03 aprel 2019 11:00
1797

Erməni vəhşiliyinin Quba izləri...

Azərbaycanın bir çox bölgələri kimi, qədim və zəngin tarixi keçmişi ilə fərqlənən Quba rayonu da 101 il əvvəl erməni vəhşiləri tərəfindən törədilən qanlı qırğınlara, insanlığa qənim kəsilən dəhşətli cinayətlərə şahidlik edib.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllim və tələbə kollektivi  ermənilər tərəfindən soyqırımına məruz qalmış azərbaycanlıların xatirəsini yad etmək məqsədilə 31 mart 2019-cu il tarixdə Quba rayonunda olub. İnstitutun rəhbərliyi və kollektiv öncə ümummilli lider  Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.

Dahi rəhbərin xatirəsini ehtiramla yad etdikdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev ilə birlikdə rayondakı dini məbədlərdə və məscidlərdə olduq. “Səkinə xanım”, “Cümə məscidi”, “Hacı Cəfər” və “Ərdəbil” məscidlərinin axund və imamları bu tarixi abidələr haqqında məlumat verdilər, tələbələri maraqlandıran sualları cavablandırdılar.

...Həmin gün Qubada  bütün insanların üzündə bir hüzn vardı. Mərkəzi küçələrdən dəstə-dəstə məktəblilər, hərbçilər, hüquq-mühafizə orqanlarının işçiləri, ağsaqqallar, sadə adamlar keçirdilər. Hamı məzarlığı ziyarətdən gəlirdi. İnstitutumuzun kollektivi ilə  Soyqırımı Memorial Kompleksində olduq.

Tarixdən məlumdur ki, 1918-ci ilin mart-aprel aylarında Hamazasp adlı başkəsən erməni polkovnik komandirlik etdiyi “cəza dəstəsi” ilə burada saysız-hesabsız cinayətlər törədərək, kütləvi qırğınlara rəvac verib. 167 kənd dağıdılıb. Qubadakı kütləvi məzarlıq da onun qanlı əməllərinin izidir. Məzarlığa baxanda adamın damarlarında qanı donur. İnsanlıqla bir araya sığmayan vəhşilik heyrət doğurur. Orta əsrlərə məxsus işgəncələrlə qətlə yetirilmiş bu insanların günahı azərbaycanlı olmalarında imiş! Xəstə erməni təxəyyülünə görə guya ermənilər dünyanın sivil xalqlarından biridir, ancaq tötətdikləri qətliamlar tamamilə  bunun əksini açıq sübut edir. Bu sübutlardan biri də gördüyümüz dəhşətli mənzərədir. Hamazaspın yaxşı silahlanmış quldur dəstəsi əliyalın dinc əhalini güllələmiş, qılınc və xəncərlə doğramış, nizəyə keçirmişlər. Minlərlə insan - qocalar, qadınlar, uşaqlar, xəstələr xüsusi amansızlıqla məhv edilmişlər. Barbar ermənilər bu cinayətlərin izini itirmək üçün qırdıqları azərbaycanlıların, burada yaşayan tatların, yəhudilərin, ləzgilərin və digər etnik qrupların nümayəndələrinin cəsədlərini quyulara və yarğanlara tökərək gizli formada basdırmışlar. İnsan kəllələrində, sinə sümüklərində sınıqlar, deşiklər göstərir ki, ermənilər onları ən vəhşi metodlarla işgəncəyə məruz qoyublar. Bir çox ailələr bütünlüklə qırılaraq nəsilləri tamamilə kəsilib. Ümumiyyətlə, erməni daşnakları burada qısa müddətdə 12 min nəfəri qətlə yetiriblər. Bu soyqırımı kompleksi insanı dəhşətə gətirən bir muzeydir. Muzeyin ekspozisiyası rus və ingilis dillərində tərtib olunub.

Quba Soyqırımı Memorial Kompleksi  Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü il sentyabrın 18-də bərpa olunaraq, istifadəyə verilib. O vaxtdan istər xarici vətəndaşlar, istərsə də yerlilər buraya axınla gəlir, erməni vəhşiliyinin izlərini öz gözləri ilə görür, sanki tariximizin bir parçasında yaşayırlar...

Memorial kompleksi ziyarət etdikdən sonra Qubanın bəzi dini və tarixi yerlərinə də baş çəkdik.

“Qırmızı qəsəbə” Quba rayonunda, Qusar rayonuna gedən yolun üzərində, Qudyalçayın sol sahilində yerləşir. Buraya ətraf ərazilərdə yaşayan yəhudilər XVIII əsrin ortalarında Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülüb. Həmin vaxt salınan  məhəllələrdə 10-dan artıq sinaqoq inşa olunub. Uzun illərdir ki, burada yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Qəsəbə yarananda “Qafqazın Yerusəlimi” kimi tanınırdı.

İkinci Dünya müharibəsindən sonra yaşayış massivində yəhudi əsilli əhalinin sayı daha da artdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra, İsrail burada yaşayan yəhudilərə humanitar köməkliklər edir.

Kollektivimiz “Qırmızı qəsəbə”də də oldu. Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevlə Bakıdan Qubayadək həmsöhbət olduq. Geniş dünyagörüşlü ağsaqqal, Azərbaycan poeziyasının vurğunu olan Milix müəllim bizə qəsəbə və dağ yəhudilərinin tarixi haqqında xeyli məlumat verdi. Onların  dili, dini, məşğuliyyəti, milli ənənələri ilə tanış olduq.

Quba Rayon İcra Hakimiyyəti başçısının “Qırmızı qəsəbə” inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov institut kollektivinin  gəlişindən məmnun olduqlarını söyləyərək dedi:

- Biz burada mehriban qonşuluq şəraitində yaşayırıq. Yerləşdiyimiz ərazidə heç kəsə torpaq iddiamız yoxdur, gur tonqal işığının ətrafına yığışıb isinən ailəyə bənzəyirik. Bu, dövlətimizin, Prezidentimizin apardığı siyasətin nəticəsidir. Məhz bizə yaratdığı bu şəraitə görə cənab Prezident İlham Əliyevə minnətdarıq.

“Qırmızı qəsəbə” dünyada İsraildən sonra yəhudilərin kompakt yaşadıqları nadir məkandır. Qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini qoruyub saxlayırlar. Burada onların dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. “Giləki”, “Altı günbəz” və digər sinaqoqlarda olduq.

P.İsakov bildirdi ki, sovet dövründə məscidlər, kilsələr kimi sinaqoqlar da bağlanmışdı. Həmin vaxt dindarlar, ravvinlər, mollalar repressiya qurbanı olublar. Amma Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bütün respublikada olduğu kimi, “Qırmızı qəsəbə”də də dirçəliş, bərpa və quruculuq dövrü  davam edir. Xüsusilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün dini icmaların əmlakını özlərinə qaytardı. Sinaqoqlar təmir edildi, müqəddəs ocaqlarda dini ayinlər yenidən sərbəst şəkildə yerinə yetirilməyə başlandı.

“Qırmızı qəsəbə”dəki sinaqoqların birində yəhudi mədəniyyət mərkəzi fəaliyyət göstərir. Burada uşaqlar məktəbdənkənar vaxtlarda yəhudilərin adət-ənənələrini öyrənirlər. Dağ yəhudilərinin danışdığı dil fars dilinin bir dialektidir. Amma bu mədəniyyət mərkəzində uşaqlar ivrit dilini öyrənirlər. Bunu da Milix Yevdayev dedi.

Dağ yəhudiləri Quba rayonunun, həmçinin respublikamızın ictimai həyatında fəal iştirak edirlər. “Qırmızı qəsəbə”də böyüyüb boya-başa çatan Yevda Abramov Azərbaycan Milli Məclisinin deputatıdır. Dağ yəhudisi olan Albert Aqarunov isə torpaqlarımızın müdafiəsi uğrunda canından keçib və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dünyaca məşhur sahibkar, tanınmış xeyriyyəçi Qod Nisanov bu qəsəbənin yetirməsidir.

Etnik və dini tolerantlıq Azərbaycanda dövlət səviyyəsində təbliğ edilir və hökumət bütün dini və etnik azlıqlar üçün bərabər imkanları və bərabər hüquqları, o cümlədən dinc və rahat yaşamaq şəraitini təmin edir.

Qısaca desək, Quba səfərindən bir kitaba sığmayan zəngin təəssüratlarla qayıtdıq. Biz bu təəssüratları hamı ilə bölüşürük və həmişə bölüşəcəyik. Qoy, gələcək nəsillərimiz yurdumuzu və onun tarixini yaxşı tanısınlar.

Rəhilə Misirxanlı,

Azərbaycan İlahiyyat İnstitutunda çıxan
“İlahiyyatçı” qəzetinin redaktoru