24 iyun 2020 09:00
3546

Əsas hədəf: Vətəndaşların sosial və maddi vəziyyətini sabit saxlamaq

Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərarı da bu tərkibdəndir

     Bu gün dünya və ölkə mətbuatının əsas müzakirə mövzusu koronavirus pandemiyasının yaratdığı  problemlərdir.  İnsanların sağlamlığına təhdid olan bu xəstəliklə mübarizədə hər bir ölkə öz təcrübəsini nümayiş etdirməklə yanaşı, səylərin birləşdirilməsinin zəruriliyini də dərk edir. Azərbaycan bu zərurətə çağırışını əməldə təsdiqlədi. “COVID-19-la mübarizədə birlikdəyik” tezisi dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə  videoformatda keçirilən Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin əsas mahiyyətini təşkil etdi.

    Daim qeyd etdiyimiz kimi,  bu  problem  xəstəliklə əlaqədar olduğu üçün ilk öncə səhiyyə sistemində mövcud imkanlar diqqət mərkəzində oldu. Əksər ölkələrdə  virusa yoluxma və ölüm hallarının çoxalması ilk gündən onlarda səhiyyənin durumunun heç də ürəkaçan olmadığını təsdiqlədi. Azərbaycan səhiyyəsi bu gün inkişaf dövrünü  yaşayır. Dövlətimizin başçısı İlham Əliyevin  insan amilinə  verilən dəyərdən qaynaqlanan addımları   yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsindən, maddi-texniki bazasının möhkəmləndirilməsindən,  yüksək ixtisaslı, fədakar həkim heyətinin insanların sağlamlığının keşiyində dayanmasından  aydın görünür. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış olan  Bakıda 4  modul tipli xəstəxanalar bu diqqət və qayğının tərkib hissəsidir. Belə ki,  dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 10 modul  tipli xəstəxana  kompleksinin istifadəyə verilməsi nəzərdə tutulub. Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim edilməsi nəzərdə tutulur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək.

    Hər zaman vurğulandığı kimi, Azərbaycanın mübarizə tədbirləri ilk gündən Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri tərəfindən də yüksək dəyərləndirilir. Tədbirlər ilk gündən sistemli xarakteri ilə diqqət çəkir. Ciddi karantin rejimi tətbiq olundu. 65 yaşdan yuxarı insanların evdən çıxmasına  qadağa qoyuldu. Bu yaşda olan vətəndaşlarımız virusa yoluxmağa daha riskli qrup kimi diqqətə alındı.  Ümumdünya Səhiyyə Təşkilatı, eyni zamanda,  Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən insanların vacib olmadığı təqdirdə  evlərindən  çıxmaması bu gün də  tövsiyə olunur.  Lazım olan gigiyena və özünütəcrid qaydalarına riayət etmək bir tələb kimi qaqşıya qoyulub.  «Biz nə etməliyik» sualı ətrafında fikirlər dövlətimizin başçısı  İlham Əliyevin bütün çıxışlarında öz əksini tapır. Ölkə Prezidenti  bildirir ki, qaydaların pozulmasına imkan verə bilmərik: «…hesab edirəm ki, koronavirusla mübarizədə biz birinci mərhələdə qalib gələ bilmişik. Ancaq mübarizə davam edir, koronavirus heç bir yerə qeyb olunmayıb, dolaşır və dolaşacaq və bunu hər kəs bilməlidir.»

   Vacib və əhəmiyyətli addımlardan biri kimi, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək  Fondunun yaradılmasını qeyd etməliyik. Ölkə Prezidentinin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir illik əmək haqlarını həmin fonda köçürmələri ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Sahibkarlar, ayrı-ayrı dövlət qurumları, o cümlədən sadə insanlar  fonda ianələr köçürdülər. Dövlətimizin başçısı İlham Əliyev «Yeni klinika» tibb müəssisəsinin açılışında bu mühüm məqamı xüsusi qeyd etmişdir ki,
 adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər:  «Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk.» Göründüyü kimi, dövlət dəstəyi, dövlət-vətəndaş birliyi, səhiyyə sisteminin inkişafı, həkimlərimizin yüksək məsuliyyəti koronavirus pandemiyasına qarşı mübarizədən az itki ilə çıxacağamıza  inamı daha da artırır. 

   Cənab  İlham Əliyev bu müqayisəli təhlili diqqətə çatdırır ki, hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanaları  onların ixtiyarına verilir. Ümumilikdə  son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər göz önündədir. Statistikanı daim  açıqlamağı özümüzə borc bilirik. Səbəb ölkəmizin iqtisadi tərəqqisinin bütün sahələrdə uğurlara yol açdığını bir daha  təsdiqləməkdir.   2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib.  Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Bir neçə şəhərdə  Mərkəzi Rayon Xəstəxanasının tikintisi davam edir,   yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.  Təkcə cari ilin ötən dövründə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə  Qazax, Goranboy və Şəmkir şəhərlərində Mərkəzi Rayon xəstəxanalarının açılışı olmuşdur. Təbii ki, bu sahəyə diqqətin, Azərbaycan səhiyyəsinin inkişafının, peşəkar və təcrübəli həkim  kontigentinin olmasının nəticəsidir ki, dünyanı bürüyən və fəsadları daha da dərinləşən koronavirus infeksiyasına qarşı mübarizənin birinci mərəhələsini uğurla başa vurduq.  Dövlətimizin başçısı İlham Əliyevin 7 aprel 2020-ci il tarixli «Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında»  Sərəncamı da  görülən tədbirlərin miqyasının genişləndirilməsinə, ən əsası  səhiyyənin inkişafına və  insanların sağlamlığının təminatına xidmət edən addımlar sırasındandır.  Sənəd koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə imzalanıb. Əvvəldə də qeyd etdiyimiz kimi, modul tipli  xəstəxanaların  istifadəyə verilməsi  insanların sağamlığının prioitetliyini, ən əsası qeyd olunan Sərəncamdan irəli gələn vəzifələrin uğurlu icrasını təsdiqlədi.

        Səhiyyə işçilərinin fədakarlığı dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və xalqımız tərəfindən daim yüksək dəyərləndirilir. Bu mühüm məqamı da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin  2020-ci il 18 mart tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli  Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 8376 nəfər tibb işçisinə, 2476 nəfər qeyri-tibb işçisinə may ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib. Dövlət Agentliyinin məlumatına əsasən, Bakı şəhəri üzrə 61, respublikanın digər şəhər və rayonları üzrə 87 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə may ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13,7 milyon manat müddətli əlavə ödənilib.

     Mart ayı üzrə Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21634 tibb işçisinə, 2386 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11,7 milyon manat, aprel ayı üzrə isə 10354 tibb işçisinə, 2734 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 13,9 milyon manat müddətli əlavə ödənilib.

      Dövlətimizin başçısı İlham Əliyev ilk modul tipli  xəstəxana kompleksinin açılışındakı nitqində bu məqamı da xüsusi qeyd etmişdir ki, istisna deyil ki, ikinci rübün yekunları o qədər də ürəkaçan olmayacaq. Ancaq bu, ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ vətəndaşların sağlamlığıdır: “Məhz bu məqsədlə 3,5 milyard manat vəsait ayrıldı. Pandemiyadan ən çox ziyan çəkən sahələrdə işini itirən 700 minə yaxın vətəndaşın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən verilir. Bu məqsədlə 600 min işsiz, aztəminatlı və qeyri-formal məşğulluqla pul qazanan insanlar dövlət tərəfindən maddi yardımla təmin edilir. Bütün bu işləri biz görürük ki, vətəndaşların sosial və maddi vəziyyətini sabit saxlayaq.”

   Qeyd edək ki, Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar verib. Qərarda bildirilir ki,  Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli  Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

   Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda pandemiyaya qarşı mübarizə istiqamətində görülmüş tədbirləri önə çəkərək ölkəmizi  nümunəvi ölkə adlandırıb.  Təbii ki, bu nümunəviliyi şərtləndirən amillər istər ölkə daxilində görülən işlər, istərsə də beynəlxalq həmrəliyə, birliyə verilən töhfələrdir. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə  videoformatda keçirilən Qoşulmama Hərəkatının Zirvə görüşündə bu  fikirlər xüsusi qeyd olunmuşdur ki,  təəssüflər olsun ki,  qlobal əməkdaşlığa  güclü  ehtiyac duyulduğu bir şəraitdə  dövlətlər, eləcə də  bir sıra beynəlxalq  və regional institutlar çaşqınlıq içərisində  qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər.  Hazırda  qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə  Prezident İlham Əliyev təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kəsə xeyir  gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik  ölkələri bir araya gətirməyə nail oldu. Qoşulmama Hərəkatının  fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli  platformaya çevrildiyi özünü təsdiqlədi.

      “Azərbaycanda həm ölkə daxilində, ilk növbədə, bütün lazımi tədbirləri görürük və beynəlxalq müstəvidə də öz sözümüzü deyirik” söyləyən cənab İlham Əliyev  bildirir ki, 29 ölkəyə yardım etmişik və hesab edirəm ki, düz etmişik. Çünki məhz belə günlərdə, belə dövrdə insanların da, ölkələrin də əsl siması üzə çıxır. Yaxşı vəziyyətdə hər kəs hər kəslə dostdur. Hər kəs yaxşı sözlər deyir, beynəlxalq tədbirlərdə çıxışlar edir, qarşılıqlı dəstək haqqında danışır, amma əməldə bunu göstərmək lazımdır, əməldə: «Biz o ölkələrdənik ki, əməldə bunu göstəririk. Pandemiyaya qarşı qlobal mübarizədə biz birinci ölkələrdən olduq ki, Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar donor ianəsi verdik. Bu yaxınlarda artıq Qoşulmama Hərəkatının sədri kimi əlavə 5 milyon dollar ianə verdik Ümumdünya Səhiyyə Təşkilatına ki, bizimlə razılaşdırmaqla Hərəkata üzv ölkələrə yardım göstərilsin.»

      Əvvəlki yazılarımızda da bu məqamı xüsusi qeyd etmişik ki, Azərbaycan daim müxtəlif sahələri əhatə edən, müxtəlif mövzuda  beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində ideal məkan kimi qəbul olunur. Ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayan həmin tədbirlərin  bu gün ölkəmizin təşəbbüsü ilə  keçirilən Zirvə görüşlərindən fərqi ondan ibarətdir ki, hazırda dünya çaşqın vəziyyətdə, pandemiyaya yoluxanların və ölüm hallarının sayı günbəgün artmaqdadır. Belə bir vəziyyətdə, hər bir ölkənin özünü düşdüyü çətinlikdən xilas etmək üçün yollar axtardığı  zamanda dövlətimizin başçısı İlham Əliyev  koronavirusa qarşı mübarizəni birgə aparmağa, həmrəylik, birlik nümayiş etdirməyə çağırdı.  «Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi? Yox. Kim bizə irad tuta bilərdi ki, bu ağır dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq» söyləyən cənab İlham Əliyev bildirir ki,   mən tam səmimiyyətlə deyə bilərəm, özümüzü tərifləmək üçün yox, sadəcə olaraq, həqiqəti dilə gətirmək üçün, Azərbaycan dünyanı birləşdirir.

    Qeyd etdiyimiz kimi,  pandemiya hər bir dövlətin malik olduğu imkanları təqdim etməklə yanaşı, onlar arasında  əlaqələrin bugünkü səviyyəsinə də aydınlıq gətirir. Bir daha bu reallıq  diqqətə çatdırılır ki,  real baxışların formalaşması əsasında  qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq olar. Baxmayaraq ki, əvvəldə də qeyd etdiyimiz kimi,  bəzi dövlətlər, qurumlar arasında  əməkdaşlıq əlaqələri mövcud olmayıb, bir sözlə, birinin  problemi digərini  narahat etməyib. Azərbaycan birləşdirici, sabitləşdirici missiyasını uğurla yerinə yetirməklə  beynəlxalq aləmdə  yeni bir mənzərəni formalaşdırdı. Təsadüfi deyil ki,  BMT-nin Baş katibi  problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirmişdir. Azərbaycan dövlətinin, Prezidentinin atdığı addımlar bu baxımdan nümunə göstərilir.

Yeganə Əliyeva,

«İki sahil»