20 avqust 2019 19:12
20933

Əsgərə məktub

Vətən –  gözdü, siz – kirpik...

Salam, Azərbaycan əsgəri! Hər birimiz hər birinizi əzizimiz bilirik. İctimaiyyət hamınızı bir adla sevir: Azərbaycan əsgəri. Bu ad ictimaiyyətə güvəncdi, inamdı, qələbəyə zəmanətdi, 2016-cı ilin aprel döyüşlərində qələbə qazananların sələfidi. Sizinlə hər görüş hər birimizə bənzərsiz könül xoşluğu verir. Ön xətdə, səngərdə kəlmələşirik, düşüncələrimiz düşüncələrimizlə “qol-boyun” olur, sizdən eşitdiklərimizi yaddaşımıza yazırıq, sonra sizə, sizin timsalınızda ordumuza ehtiram kimi kağıza köçürürük. Səməd Vurğunun kəlamıdı: “Deyilən söz yadigardır”. Nə deyiriksə, nə yazırıqsa sizin işıqlı düşüncələrinizin işığında deyirik, yazırıq.

Məni səngərdən uğurlayanda görüşəcəyimizə vədə vermişdim. Yaxın vaxtlarda gələcəm. Yenə əlim əlinizdə isinəcək. Buna ömrü uzun olmayan həsrətdən bac alma deyəcəm. Gülümsünəcəksiniz. “Yaxın vaxtlarda bu gözəl təbəssümün eynini dan yeri qızaranda şehə, jaləyə döndərib Cıdır düzünün  çiçəklərinə çiləyəcəksiniz”, - deyəcəm. Siz qarşı tərəfə baxacaqsınız, mən – sizə. Mənim baxışlarımda güvənc, ehtiram, sevgi, sizin baxışlarınızda – nifrət, aprel ovqatı, döyüş əzmi, qələbə ruhu...

Əsgər qardaşım!

Ötən görüşümüzdə Azərbaycan ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş möhtəşəm paradı da xatırlamışdıq. Sən xatırlatmışdın. Onda qürurla, sevgilərlə, ipə-sapa yatmayan istəklərlə dediklərin indi də yaddaşımdadı. Onda həmin paradda ən yeni texnikalardan birini əsgər qardaşının idarə etdiyini dedin: “Qardaşım hərbi xidmətdən tərxis olunub evə qayıtmışdı. Onda qardaşıma dedim ki, sən 100 illiyin paradında iştirak edibsən, qürurlanırsan. Buna haqqın var. Yaxşı, bacarıqlı əsgər olubsan ki, paradda iştirak edibsən. Sənə də, hamıya da deyirəm: mən və mənim əsgər yoldaşlarım “Böyük Qələbənin paradında, iştirak edəcəyik. Torpaqlarımızı işğaldan azad etmiş qalib əsgərlər kimi!”. Dediklərin hamımızın ürəyini dağa döndərmişdi. Onda səni bağrıma basmışdım. Əsgər dostun Kərim yarızarafat, yarıciddi dedi ki, bu səmimi münasibət, bu görüş öz yerində, duyğularımızı tərpədəsi şeir də istəyirik. O dəfə səməndər istəmişdi, yazdım, çatdırdım. Kərimə de ki, istədiyi arzuladığı şeiri yazmışam: “Səngərin gecəsi, gündüzü olmur”. Yaxın günlərdə gətirəcəm...

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dediyi bir kəlamın digər hərbi qulluqçular kimi sənin də düşüncələrinə hopduğuna əminəm: “Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır”. Ön xətdə yerləşən hərbi hissələrdən birində bu fikirlə bağlı bir maraqlı disput da keçirildi. Tanımadığımız əsgər qardaşlarınızın dediklərinin sizin də könlünüzcə olduğuna zərrəcə sübhə etmirəm. Onlar elə demişdi, siz necə deyirsiniz? Bu haqda yazın, göndərin. İctimaiyyət sizin düşüncələrinizə görə də qürurlansın...

Yenə ötən görüşümüzü, o görüşdə səngərli söhbətimizi xatırlayıram. Onda söz sözü çəkmişdi, söz sözə söykək olmuşdu. Ədəbiyyatımızdan da danışmışdıq, incəsənətimizdən də, ön xətdə keçirilən kütləvi vətənpərvərlik tədbirlərindən də, şəxsi heyətin istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığını yüksəldən amillərdən də, Azərbaycan əsgərinin döyüş əzmindən də, qələbə ruhundan da. Sözarası “Oğulların yolu ataların yoludu” – demişdim. Hamınız bu qənaəti təsdiqləmişdiniz, sən olduqca maraqlı bir fikir də demişdin: “Əsgər oğulun yolu vaxtilə əsgər olmuş, atanın yolunun davamıdır”. Əsgər yoldaşınız Qasımın dedikləri sizi də, məni də, komandirinizi də əməlli-başlı duyğulandırmışdı:

–Əlbəttə ki, elədir. Babalarımız yerli özünümüdafiə batalyonlarında döyüşüb, atalarımız ordumuzda xidmət edib, biz ordumuzda xidmət edirik. Bu yolların üçü də Vətənə sevginin, sədaqətin  yoludu. Oğulların yolu ataların yoludu, yəni Vətənə, dövlətə sədaqət yoludu...

Onda hamınız komandirinizin dediyi bir fikirdə həmrəy olduq: bu yol qələbə yoludu.

 “O qələbəni Ali Baş Komandanımızın verəcəyi döyüş əmri ilə qazanacağıq!”, – dediniz. Göy üzündə bircə əlçim də olsa bulud yoxuydu. Buludsuz göy üzünü sizin bu kəlmələrinizə, bu kəlmələrin ifadə etdiyi niyyətə təbiətin xeyir-duası bildik.

Desək də, deməsək də könlümüz Qarabağa bağlıdı, könlümüz heç zaman Qarabağdan üzülməyib; intizar var, həsrət var. Sizə güvənən ictimaiyyət inanır ki, siz bu üzücü intizarı, həsrəti yaxın vaxtlarda sonlandıracaqsınız. Onda Cıdır düzündə çatılacaq tonqalların dövrəsində xanəndələrimizin bənzərsiz ifasında ecazkar “Qarabağ şikəstəsi”, sənin əsgər dostun Kərimin ifasında “Şuşanın dağları” könlümüzü şükranlıqla silələyəcək...

...Əsgər qardaşım! Hardansa yadıma “Vətən-gözdü, biz-kirpik, gözümüzün keşiyini çəkirik” misraları düşdü. Gözəl deyilib, düşündürücüdü, məzmunludu. Sənin də şeirə, poeziyaya maraqlı olduğunu bilirəm. Ona görə də misranı azda dəyişib sənə, sənin timsalında bütün əsgərlərimizə ünvanlayıram: Vətən – gözdü, siz – kirpik...

 

Rəşid Faxralı